Xalq yazıçısı Afaq Məsud Gürcüstanda mükafata layiq görülüb

Rate this item
(0 votes)

 

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Gürcüstanda “İvane Maçabeli” və “Mixeil Çavaxişvili” mükafatlarına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” Bədii Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, bu münasibətlə Gürcüstan Yazıçılar Evində Afaq Məsudun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Gürcüstan Yazıçılar İttifaqının sədri, tanınmış şair Makvala Qonaşvili qonağı və tədbir iştirakçılarını salamlayaraq yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Afaq Məsudun Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yaxınlaşmasında böyük xidmətləri var: “Əsərləri dünyanın dörd bir yanında böyük maraqla oxunan bu məşhur yazıçıya Gürcüstan Yazıçılar İttifaqının qərarı ilə təşkilatın ən yüksək ödülünü – “İvane Maçabeli” mükafatını təqdim etməkdən dərin məmnunluq duyuram”.

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, tanınmış şair David Şemokmedeli yazıçının yaradıcılığını geniş təhlil edərək Afaq Məsudun əsərlərinin artıq həm də gürcü mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edib. Bildirib ki, onun əsərləri gürcü, eləcə də digər dillərə uğurla tərcümə edilib, nəşr olunduğu ölkələrdə böyük maraqla qarşılanıb. O, ədəbiyyata verdiyi böyük töhfələrə görə Azərbaycanın Xalq yazıçısı Afaq Məsuda Rustaveli Cəmiyyətinin ən yüksək mükafatını – Mixeil Cavaxişvili adına mükafatı təqdim edib.

Tədbirdə Gürcüstan İncəsənət Akademiyasının vitse-prezidenti Şota Mağlakelidze, Gürcüstan Yazıçılar İttifaqı sədrinin müavini, tanınmış şair Bağater Arabuli, Rustaveli Dövlət Teatrının rejissoru, Gürcüstan Dövlət mükafatı laureatı Qoça Kapanadze, Gürcüstan Dövlət İncəsənət Universitetinin professoru İura Popxadze və başqaları çıxış edərək Afaq Məsudun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Rustaveli teatrının aktyorları – Tinatin İmnadze, İlia Kopadze və Lika Kobuladze tərəfindən yazıçının məşhur “Dovşanın ölümü” hekayəsi oxunub, “Qatarın altına atılan qadın” pyesindən fraqmentlər ifa edilib.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)