Buker mükafatının qısa siyahısı elan edildi Featured

Rate this item
(1 Vote)

 

Məşhur  Buker mükafatının (Booker Prize) qısa siyahısı Londonda dünən gecə saatlarında elan olunub. Proqnozlar özünü doğrultmayıb. Builki Nobel mükafatı laureatı Kadzuo İsiquro qısa siyahıya düşə bilməyib. Bu barədə mükafatın jürisinə başçılıq edən Mayya Djasanoff mətbuat-konfransında məlumat verib.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, şort listə birdən-birə 3 amerikalı müəllif düşüb. Bunlar "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauers, "Böyük dairə" (Qreat Circle) romanı ilə Maggi Şipsted və "Bu barədə hamı  susur” (No One Is Talking about This) romanı ilə Patrişa Lokvuddur. Həmçinin Şri-Lankdan Anuk Arudpraqazam ("Şimala yol"- A Passage North romanı ilə), Cənubi Afrika Respublikasından Deymon Qelqut ("Vəd" - The promise romanı ilə) və Somalidən Nadifa Mohamed ("Avantüristlər", The Fortune Men romanı ilə) şort listdə qərarlaşıblar. Cəmi 6 bəxtəvər.

 

Qısa siyahıya alınmış kitablar 1 oktyabr 2020-ci il tarixindən etibarən Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilmişdir. 50 min funt (69 min dollar) mükafatı qazanacaq şəxsin adı noyabrın əvvəlində məlum olacaq.

 

Münsiflər heyətinin rəyi

 

Mayya Djasanoff əsərlərin seçimini onların bizim günlərin hadisələri ilə həmahəng olmaları ilə izah edib və qeyd edib ki, “Onlarda da bugünkü real dünya kimi "insanlar, eyni zamanda, onların özlərindən üstün olan qüvvələr tərəfindən həm ilhamlanır və həm də onların qarşısında geri çəkilir. Bəziləri bizi Şri-Lankada vətəndaş müharibəsinin yara izlərini öyrənən Tamilin beyninə köçürür, bəziləri ailə böhranı ilə mübarizə aparmaq üçün İnternetdən uzaqlaşan amerikalı qızla üzbəüz qoyur, bəziləri tarixi transformasiyaların əzablarını yaşayan cəmiyyətlərə transfer edirlər. Bəziləri də Britaniyanın dekolonizasiyasının ilk illərində Kardiff dokları ilə, Aparteidin son illərində Pretorya çöllərindəki hadisələrlə üzləşdirir”. Yeri gəlmişkən, Münsiflər heyətinin sədri amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimidir. O, fikrini belə tamamlayır: “Şort-listə elə əsərlər də düşüb ki, bizləri iqlim dəyişikliyi barədə maarifləndirir, Yer kürəsi ətrafında dövrə vurmaq istəyən  müasir astrobioloqla tanış edir.”

 

Mükafat haqqında

 

Buker mükafatı 1968-ci ildə təsis edilmişdir. Onun təqdimatı ilk dəfə 1969-cu ildə olmuşdur. 2013-cü ilə qədər bu mükafat Britaniya birliyinin, İrlandiyanın və ya Zimbabvenin – bu ölkələrdən hər hansı birinin vətəndaşı olan müəllifə verilib. Lakin sonra münsiflər başqa ölkələrdən olan yazıçılara ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərlərə görə iddiaçı olmaq imkanı veriblər. Keçən il mükafatın sahibi “Şuqqi Beyn” (Shuggie Bain) debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.

 

Favorit barədə

 

Hər halda, 2021-ci ildə Bukeri kim alacaq? Yekdil fikir və proqnoz yoxdur. Amma ümumi tendensiya belədir ki, mükafat mütləq Birləşmiş Ştatlara gedəcək. Favorit isə, hər halda "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauersdir.