Bu dünyadan bir Abay keçib… Featured

Rate this item
(0 votes)

Türk dünyasının tanınmış adamı Abay Kunanbayevin 177-ci ildönümünə aid bir neçə ştrixlər

 

Xəbər verdiyimiz kimi, Türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı  tamam olub. Bu münasibətlə Qazaxıstanın  ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov  azərbaycanalı abayşünaslar və abaysevərlərlə görüş keçirib. Abay Kunanbayevin Binəqədi rayonunda adını daşıyan  küçədəki  memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portal həmin gün – avqustun 10-da informasiya təqdim etmişdi. İndi daha geniş reportajı diqqətinizə çatdırırıq.

Öncədən qeyd edək ki, tədbirin həm rəsmi, həm musiqili hissəsi gözəl təşkilatçılığı və maraq kəsb etməsi ilə yadda qalıb. Qazaxıstanın ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov tədbiri açaraq qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini, onun yazıb qoyduğu ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Abayın ədəbi irsi bütün türk dünyası üçün önəmlidir, Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib. Diplomat eyni zamanda qardaş Azərbaycan xalqına Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə  minnətdar olduğunu  bildirib. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasının Türkdilli Dövlətlərin Birliyi yolundakı əhəmiyyətindən, Abayın  təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışıb. 

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında qurulan Qazax çadırında davam edib. Burada tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin  fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd”  kitabının təqdimatı olub. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səslənib. İtaliyanın  Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa edib.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid  bol məlumatlı sərgilərə baxıblar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verilib.  Qazax süfrəsinin təamları da qonaqlara təqdim olunub.

Bəli, dünyamızdan böyük bir qazax oğlu – Abay keçib. İzləri isə illər ötsə belə təzətər qalacaq.

Fotolar Serikbol Koşmaqambetovundur.