Anarın “Qonağımız var” layihəsində iştirakı necə keçdi? - Yazıçı, yoxsa şair?

Rate this item
(0 votes)

İyulun 17-dən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Xalq artisti Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ağalar Bayramov, Azad Şükürov, Elçin Allahverdiyev, İlkin Əhmədov və bir çox mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi layihə oktyabr ayına qədər davam edəcək.

 

Xəbər verdiyimiz kimi, növbəti belə görüş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla keçirilib. Görüşün təfərrüatını təqdim edirik. 

Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədr mavini Salman Abdulov, RİHBA-nın şöbə müdirləri, rayon sakinləri və ziyalılar iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dovlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı ziyalılarla belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra ustad yazıçının ötən illərinə, fəal yaradıcılığına nəzər salınıb. Anar yaradıcılığında qəhrəmanlarının daxili aləminin, hiss və həyəcanlarının, sevinc və kədərinin, arzu-istəklərinin ortaya qoyulması, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün xüsusi yeri, mövqeyi olduğunu, yazı mədəniyyəti, dil-üslub keyfiyyəti, sənətkarlıq xüsusiyyətlərinin əsərlərində yüksək səviyyədə qorunmasından ətraflı bəhs edilib.

Yazıcı Anar Şuşada - Vaqif Poeziya günündə iştirakı zamanı yaşadığı sevinci oxucularla paylaşaraq qeyd edib ki, bu bizim həm mənəvi, həm hərbi, həm də siyasi zəfərimizdir.

Tədbir diskussiya şəraitində davam etdirilib.Tədbir iştirakçıları Yazıçı Anara maraqlı suallar ünvanlayıb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib, qonaqları salamlayıb, Xalq yazıçısının yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar. 

Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. 

Tədbir zamanı Anarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonda xalq yazıçısı Anar tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib və xatirə şəkilləri çəkilib. 

Sonda zəruri bit xatırlatma. Ölkənin rəsmi mediasında Anarı bu xəbərdə şair kimi təqdim ediblər. Yazıq bizə ki, hələ də şairlə yazıçının fərqini bilmirik.