“Kimsə qaldırsa əlini, təəccüblənərsən ki, niyə cingildəmir qandalları” – Pakistan poeziyasından nümunələr Featured

Rate this item
(1 Vote)

 

Şərq poeziyasında Pakistan şairləri həmişə seçiliblər, maraqla oxunublar.  “Ədəbiyyat və incəsənət” portalı “Dünya ədəbiyyatı” rubrikasında bu dəfə sizləri XX əsrin 3 Pakistan şairi ilə tanış edəcək. Fəxxar Zaman, Faiz Əhməd Faiz və  Fani Kaşmiri ilə.

 

Tanış edəcək deyəndə ki, digərləri bir yana, amma Faiz Əhməd Faizi əksər poeziyasevər tanıyır yəqin.

Şeirləri dilimizə Səlim Babullaoğlu və Sona Səlimli tərcümə ediblər.

 

  

 

Fəxxar Zaman

 

Fəxxar Zaman (1943) - Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şairi, ictimai-siyasi xadimidir. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator olub və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX  əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.

 

 

Həyat üçün ödənişlər və bəzi şərtlər

 

Əzablar, yoxsulluq, problemlər -

pərakəndə satış qiymətinə.

Qulaqlarını bağlasan -

əlavə endirim.
Yumsan gözlərini -
daha bir endirim.

Üstəlik qıfıllasan dilini -
ən yüksək endirim.
Hələ fikir bərəsinə bütün keçidləri bağlasan
Daşqınlar Zamanı Yardım Fondundan
mükafat da alacaqsan o zaman.

Əzablar, yoxsulluq və problemdir yekun;

danışmanın, görmənin və düşüncənin yoxluğu.
Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,
ödənişlər, endirimlər  və mükafatlar.

 

 

Bağlı qapılar

 

Giriş qapıları bağılıdır:
Kim bilir nə vaxt gələcəkdi bu qatar?
Və hansı qatar gələcək:
adi sərnişin qatarımı, sürət qatarımı,
ya bəlkə kiçik stansiyalarda
dayanıb durmayan qatar var ha, onlardan biri,
yaxud manevr imkanı olan paravoz..?!
Olmaya yoxlanış qatarı gələcək,
içində səlahiyyətli məmurlar,
belələri əlbəttə ki, var...
Hardan, hansı səmtdən, ha tərəfdən:
yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!
Hər halda işıqlar bildirəcək,
bircə yansın yaşıl...
Hələki yol bağlıdır, bağlı.

 

Qapı ağzında
 hər iki tərəfdən tıxac yaranıb.
Amma bu, sərnişinlərin günahı deyil,
yollar da idarəetmə otağındakı
yüksək rütbəli
komendantlara tabedir...
Nə vaxt açılacaqdı yollar,
kimi bilir?

 

 

Yazıçı

 

Həqiqi yazıçı
Hind çayının balığıdır,
şiddətli axına qarşı üzür.
Həqiqi yazıçı- təkandır,
dəyişdirir,
duzlu suyu şirin edir.
Ürək dərmanıdır
həqiqi yazıçı,
ürək döyüntüsü
həddini aşanda
onu ram edir.

 

 

Boşluq

 

Hamı heç kimdir,
heç kim hər şey demək deyil.
Boşluq var
hamıyla heç kim arasında,
Anlaşılmaz
və keçilməz.

 

 

Ehtiyatlı olun

 

Ehtiyatlı olun,
yoxsa
ürəyim
çilik-çilik
olub
parçalanacaq.

 

 

Qaraqabaq

Zəng elədi mənə.
-Salam, -dedim.
Salamımı aldı:
- Salam, salam, - dedi.

Heç kim sonra nə demək
lazım gəldiyini bilmədi.
Ayrıldıq.

 

 

 

Faiz Əhməd Faiz

 

Faiz Əhməd Faiz (1911-1984)- görkəmli Pakistan şairidir. Urdu dilində yazıb. Pakistan Kommunist hərəkatının tərəfdarı olub. Sufi meyllərə sahib olub. İngilis və ərəb ədəbiyyatını tədqiq edib. Bir müddət həbsxanada yatıb, 1979-1982-ci illərdə Beyrutda yaşayıb. Ölümünə yaxın Nobel mükafatına təqdim edilib.

 

 

Azadlığın səhəri

 

Gecənin əli ilə boğulandan sonra bu şəfəq,
bu kəskin gur işıq həsrət çəkdiyimiz həmin şəfəq deyil.
Göylərin səhrasındakı ulduzların son mənzilinə
çatmaq üçün ümidlə yola çıxdığımız həmin şəfəq deyil bu.

Şübhəsiz ki, gözlənilən sahildə
gecənin qabarmış dənizi
son nəfəsini verəcək.
Şübhəsiz ki, dayanmaq üçün yan alacaq harasa
qəlbin dərd daşıyan qayığı.

Coşqun gənc qan, qurucu əllər,
tərk olunmuş sevgilər,
kədər dolu baxışlar.

 

Halbuki cəlbedici gəlmişdi şəfəqin parlaqlığı,
Əlçatan idi sevgi və eşq.
Arzuların incə ovsunu ilə sancılanmışdı yorğunluq.

İndi ayrılıb işıq qaranlıqdan deyirlər.
Məqsədlərə çatılıb deyirlər.
Çətinliyin yaratdığı kədər
köklü şəkildə dəyişib.
İcazə verilib birliyin coşqusuna.
Qadağa edilib  ayrılıq və kədər.

Amma pozulub sinirlər.
Ayrılığın əlacı tapılmayıb.
Haradan gəlib səhərin mehi
və haraya gedir?

Dünyanın lampası ümidsizlik içindədir.
Gecə hələ belə zülmkar olmamışdı.

Demək şüurun və qəlblərin
azadolması üçün hələ vaxt çatmayıb

Davam elə bu ağır səyahətinə;
bura sənin mənzilin deyil.

 

 

Əgər şəhərə burdan baxsan

 

Əgər şəhərə burdan baxsan
görərsən ki, eyni mərkəzli çevrələrdən təşkil olunub.
Hər bir dairə də divarla əhatələnib
eynilə həbsxana kimi.

 

Sanki it kökündəki dustaqlar üçün qaçış yeridir hər küçə:
nə zolaqları, nə istiqamət işarələri, nə də çıxışı.
Kimsə cəld hərəkət etsə əgər
təəccüb edərsən ki, niyə kimsə “dayan”  deyə qışqırmır;
kimsə qaldırsa əlini
təəccüblənərsən ki, niyə cingildəmir qandalları.

 

Əgər şəhərə burdan baxsan,
ləyaqətli birini görməzsən.
Heç kim tam olaraq hisslərinə sahib deyil və
hər bir gənc oğlan cinayət damğası gəzdirər;
hər gənc qadın da zövcə emblemidir sanki.

Lampaların altında rəqs edən kölgələrə baxıb
aydın edə bilməzsən
gördüklərin bir dəstə əyyaşdı - əylənirlər,
 yoxsa yas tutanlar

Və burdan deyə bilməzsən ki,
divarlardan üzüaşağı axan qırmızı qızıl güllərindi,
yoxsa axan qanların, güllələrin.

 

 

 

Fani Kəşmiri

 

Fani Kaşmiri Pakistanda indiyənə qədər yaddaşlarda qalan, Kəşmir dili ədəbiyyatında yaxşı tanınan şairdir.

 


Kim…

 

Kimlə danışıram?

Kimi axtarıram?

Haralarda gəzirəm

səhərdən axşamacan?

Kim qandallayıb məni sevginin zəncirlərinə?

 

Qabarır və çəkilir

Qəlbimdəki dəryanın

zülmət dalğaları.

Çəkilir geriyə eynilə ilan kimi.

Kimlə danışıram?

Kimi axtarıram?

 

Mən dəli və ağılsız biriyəm.

Kim idim və kim oluram?

Al və ötür Salamlarımı.

Kimə?

 

Bağda ikən

nərgizlərin və sarmaşıqların qönçələrini

sezə bilirəm.

Doludur badələri.

Əminəm bu həmin doğru yerdir

Fanitək aşiq üçün.