Yazarlar yay mövsümünü necə keçirirlər? - Birinin dincəlməyə vaxtı, birinin izni, birinin də pulu yoxdur Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğusunda bu dəfə əməkdaşımız Ümid Nəccari yazarlarımızın Yay mövsümünü necə keçirməsi sualına cavab axtarıb.

 

Aqşin Evren:  

- Əvvəlki illərdən fərqli olaraq, bu il yay mövsümündə səyahət etməmişəm, çox güman, bu yay ölkədən çıxmayacam. Mənim üçün istirahət, səyahət başqa ölkələrə gedi b oradakı xalqların tarixi, mədəniyyəti, yaşam tərzi ilə maraqlanmaqdır. Təbii ki, bu ölkələrin mütləq dənizə, okeana, ümu miyyətlə, suya çıxışı olmalıdır ki, heç olmasa gündə 1-2 saat üzə, balıq tuta biləsən.

Bu yay həm meymunçiçəyi, həm yeni korona dalğası, həm də hazırkı müharibənin (Rusiya-Ukrayna) yaratdığı xaosa görə ölkədən çıxmayacam. Avropaya getməklə bağlı təklif almışam, əgər payızda viruslar səngisə, İtaliya və Fransanı gəzmək istəyirəm.

Bu yay doğma yurdum Ərdəbilə getmək istəyirdim, onu da təxirə saldım. Qısası, yayı planlarımı təxirə salmaqla keçirirəm.

 

 

Fərid Hüseyn:

-Həftə içi səhər saat 09:00-dan 18:00-a qədər işdə oluram. Axşamüstü ya dostlarımla görüşürəm, ya da ailə üzvlərimi parka, bulvara, dəniz kənarına aparıram. İki kitab üzərində işləyirəm deyə səhərlər 05:00-da oyanıb 08:00-a qədər onları çapa hazırlayıram. Şənbə-bazar isə ailəmizlə birgə ya yaxın rayonların birinə gedirik, yaxud da hava xoş olanda dənizə. Axşamlar asudə vaxtımda da kitab oxuyuram.

 

 

 

 

 

 

Ruslan Dostəli:

-Adətən insanlar yay mövsümündə məzuniyyətə çıxır, istirahət edirlər. Mənim üçün fəslin fərqi yoxdur. Maddiyyat olandan sonra qışda da istirahət etmək olar. Bu yayı Şəki şəhərində keçirəcəm. Burda həm işləyirəm, həm də istirahət edirəm. Qapım dostların üzünə açıqdır.

 

 

 

 

 

 

 

İntiqam Yaşar:

-Bakıda fəsillərin hamısı eyni rəngdə olduğundan hansı fəsildən hansına keçid o qədər də hiss olunmur, yayın istisini və qışın soyuğunu nəzərə almasaq. Yay mövsümündə adətən doğulduğum rayona gedirəm hər il. Bu yay bir həftəlik getdim, qayıtdım. Fəaliyyət qrafikimlə uyğunlaşdıra bilsəm yenə də bir müddətlik getmək planım var.  Bu yay işlərimiz də çoxdur. Müəyyən layihələr, səfərlər var ki, onların da görülməsinin hazırlıq prosesi ilə məşğul oluram. Bundan başqa, yeni kitabımı çapa hazırlayıram. Şeirlərin toplanılması, seçilməsi və s. - bunlarla məşğulam. Bir sözlə, builki yay mövsümü işlər, səfərlər və s. ilə sıx qrafikə söykənib.

 

 

 

 

 

Pərviz Cəbrayıl:

-Yay mövsümünü necə keçirirəm? Elə qış mövsümü kimi. Sadəcə, indi əynim yay mövsümünə uyğundu. Üşümürəm daha, əksinə bir az isti olur. Yəni elə həmişəki kimi: get naxıra, gəl axura. Normal məzuniyyət götürsəm, onda işlədiyim saytın işi bir qədər axsayacaq, götürməsəm, canım. Götürsəm belə, hara gedəcəyəm? Harasa getmək üçün pul lazımdır. O da ki, bizə aid olmayan bir şeydir. Demək ki, nökər nə, bekar nə? Otur oturduğun yerdə, ölüm mövsümünü gözlə - pulsuz, parasız, iznsiz. Torpaq var olduqca dincəl ki, dincəl...

 

 

 

 

 

Ələsgər Əhməd:

-Bəlkə də, ən sərinləndirici mövsümümdür. Günəşin şölələrinin ən cah-cəlallı vaxtında sevda içkisindən qurtumladım, hələ də sərxoşam, yay kimi də ən xoşbəxt hədəflərə çəkilirəm. Evlilik şeirsəldi, hər şey qaydasındadır.

 

 

 

 

 

 

 

 

 

Sevinc Elsevər:

-Bu yay gərgin keçdi. Bütün yayı doktorantların minimum imtahanına həsr etdim. Təəssüf ki, cəmi 4 balla kəsildim. Bütün əziyyətim hədər oldu. Üzüldüm, ağladım, həyəcan, stress. Nəticədə nə istirahət edə bilmişəm, nə də nəsə yaza bilmişəm. Uşaqlar üçün roman yazırdım. Yarılamışam, planım o idi ki, yayda bitirim. Yayın yarısı imtahanın hesabına getdi. Bu ayı dincələcəm. Bir cümlə yazmağa həvəsim  yoxdur. Ümid edirəm, avqustda romanı bitirərəm. Bitirə bilsəm, yaxşı bir kitab alınacaq.

 

 

 

 

 

 

Tural Turan:

-Hələ ki, məzuniyyətə çıxa bilməmişəm. Avqust ayında 15 günlük Qərb bölgəsinə səfər planlaşdırıram. Bizim tərəflər yayda sərin olur. Doğma kəndimizi, Ağlavaşlını, valideynlərimi ziyarət etməyi düşünürəm. Hazırda ancaq işləyirəm. İstirahət günləri isə, az da olsa, mütaliə edə bilirəm...

 

 

 

 

 

 

 

 

Rəbiqə Nazimqızı:

-Yay mövsümünü ümumiyyətlə sevmirəm. Adam bilmir, şəhərin istisində harda qalsın, dincəlməyi necə planlaşdırsın. Ola bilsin, bir neçə günlük dincəlməyə imkan tapdıq. Belə ümumilikdə, Bakıda olacam, kondisionerlə dincəlməyə çalışıram. Gundəlik işlər - redaktə, şeir... Əslində, yaradıcı məzuniyyət üçün şərait istərdim. Məsələn, elə bir yer ki, mubadilə getsin, yazaq, təbiətin qoynunda yazdıqlarımızı dostlarımıza oxuyaq, müzakirə edək. Yaradıcılıq evləri kimi məsələn. Hələlik, arzu olaraq qalır.

 

 

 

 

 

Kənan Hacı:

-Bu yay mövsümü çox gərgin keçdi. İşlə əlaqədar Şamaxıya, İsmayıllıya, Xızıya  səfərlərimiz oldu, sonra Şuşa səfəri, kitabxanalarda görüşlər...

Hələ ki, istirahətə vaxt yoxdur. Həm də, iki kitabım çapa hazırlanır, son oxunuşlara baxıram.

 

 

 

 

 

 

 

 

Sizlərə bol xatirəli, gözəl yay arzusu ilə, əziz oxucularımız!