“Bir gün zibil qabında...” – Zaur Ərmuğanın yeni hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ərmuğanın “Kitab” adlı yeni hekayəsini oxucularına təqdim edir.

 

      -- Bir əhvalat danış, heç olmazsa! Elə susub qalmısan. Adını de barı! -- Yaxınlıqdakı zibillikdə həyatı ilə çarpışan Ağac dilə gəldi.

      -- Nə danışım axı? Necə dinim? Görmürsən ki, atılıb qalmışam burada, heç danışmalı halım var mənim?! Ölmüşəm, yerdən götürənim də yoxdur. -- Bir az nəfəsini dərəndən sonra yenə dilləndi. -- Kitabdır adım.

       -- Tanış olduğumuz üçün çox məmnunam. Amma mənə elə gəlir ki, biz çoxdan tanışıq. -- Ağac dedi.

       -- Hə, bilirəm. Bizim bir-birimizlə bağlılığımız çoxdur.

       -- Elədir. Bir bağlılığımız da odur ki, hər ikimiz indi eyni taleyi yaşayırıq, dözmək olmur bu üfunətə. Bura bax, necə düşmüsən buraya? Desənə bir!

      -- Bir ədəbsizin, mənəviyyatsızın biri atıb məni buraya. Şüşə qırıntısı kimi, məişət tullantısı kimi ilişib qalmışam bu zibillikdə. Hansı əqidəsizin biridir o, yaxşı tanıyıram. Nə edim? Bəxtim belədir. Nankor çıxdı da. Məndən öyrəndiklərini mənimsədi, məqsədinə çatdı, sonra da tulladı məni. -- Kitab həyəcanlandı.

      -- Zər qədrini zərgər bilər. --Ağacın dərdi yadına düşdü.

      Kitab susmadı:

      -- Mən lap yaxşı Kitabam. Oxunaqlı, dilim şirin, nəfəsim təmiz, maraqlı bir Kitab. Ürəyim sözlə doludur. Hər kəsə gərəkliyəm, dostluqda da çox möhkəməm mən. Bir aləm həyatım var mənim. Məni ağıllı, çox nəcib, dərin bir zəka sahibi qələmə alıb. İndi o, məşhur adamdır, nə etsin ki, bu halımdan xəbərsizdir. Sətir-sətir yazılar mənim damarlarımdır. Səhifələr insanların yoluna işıq saçan pəncərələrdir. Bu aynada hərənin öz nəsibi. Üz-gözümə, kürəyimə sığal çəkib məni cildə salıblar, kitab olmuşam. Adım, doğum tarixim, hamısı üstümdədir rəsmi sənəd kimi. Müəllif laborotoriyasından tutmuş nəşriyyat evinə, çap mətbəsinə qədər uzun yol keçmişəm. Qələm altında, dəzgahlar arasında döyülmüşəm, əzilmişəm, bərkimişəm. Biri məni əlinə alıb, biri qoltuğunda sıxıb, kimsə çantasında gəzdirib, kimsə də masası üstündə əziləyib. Evlərin, kitabxanaların bəzəyi olmuşam. İndi günümə bax! Gör haraya atıblar məni?! Axı başqalarına da gərək ola bilərdim. Hələ ki canım safdır.

      Kitab danışır, dərdini dilə gətirdikcə Ağac da dərindən ah çəkirdi:

      -- İnsanlar çox laqeydləşib. Sən mənim əhvalıma bax. Qırx ilin Ağacıyam mən. İndi bu zibillikdə boğub öldürmək istəyirlər məni. Nə bu zibilliyi buradan yığışdıran var, nə qayğıma qalanım. Təravətli nəfəsimlə qorumuşam hamını. Məndən qidalanıblar da, kölgəmdə sərinləniblər də. Təmənnasız xidmət göstərmişəm həmişə. Xeyirxahlıq etməkdən, gözəllik yaratmaqdan zövq almışam. Axırıma isə bir şey qalmayıb. Sabah məni kəsib yox edəcəklər, kökümü siləcəklər yer üzündən.

      -- Yəqin bilirsən? -- Kitab xəbər aldı.

      -- Düz sözümdür! Yaxşıca bəhanə də tapıblar: "Plana düşürəm!" Yerimdə isə iri bir dükan, nə bilim, o marketdir, nədir, ondan tikəcəklər. -- Ağac dedi.

     -- Allah! Allah!

     -- Allahın bu işlərdən xəbəri yoxdur. 

     -- Bu necə ola bilər?

     -- Özüm gördüm. Dünən qolları portfelli, əlləri imzalı, möhürlü sənədlərlə dolu olan Boynuyoğunla bir Yekəqarın lap yanımda pıçıldaşırdılar. Mən demirəm ki, şadlıq sarayı, qaraj, market tikməyin, axı bunun üçün nə qədər boş yerlər var, nəyə görə güdaza mən getməliyəm? Hər şeydən xəbərdaram. Kim kimə nə ötürüb, nə qədər ötürüb, yaxşı bilirəm. Ancaq öz cibini düşünənlər min cür yollarla saxta sənəd düzəldib halal ömrümü əlimdən almaqdan ötrü dəridən-qabıqdan çıxırlar.

      Birdən qəfil qopan gurultu Kitabı da, Ağacı da səksəndirdi. Əlləri əlcəkli kimsə yava ilə zibil tullantılarını nəfəsi uğultulu maşının yük yerinə atır, ətrafı sahmana salırdı. 

     Əlcəkli kişi əlini saxladı. Aşağı əyilib Kitabı yerdən götürdü. Üstünü təmizləyib vərəqlədi. Bir-iki sətir oxuyub yana çəkildi. İri bir daşın üstündə oturub kitabı dizinə qoydu.

     -- Hə, nə oldu? Yenə alimliyin yadına düşdü? -- Sürücü əsəbi halda dilləndi.

      Əlcəkli kişidən səs çıxmadı. Cavan sürücü maşının mühərikini söndürüb kabinədən endi. Əlləri əlcəkli kişiyə yaxınlaşdı. Gözlərini Kitaba zillədi. Kitab sevindiyindən donub qalmışdı. Ağacın da üzü, gözü gülürdü, sabahkı aqibətini bir anlıq da olsa, unutmuşdu. 

       Sürücü inam dolu baxışlarıyla üzünü yana tutub dilləndi:

        -- Sən də ürəyini sıxma, ay Ağac. Qətlinə fərman verənlərin cinayət əməli ifşa olundu. Sabah onların işinə baxılacaq. -- Sonra gülə-gülə maşına sarı yönəldi.

       Ağac bu dəfə dözə bilmədi. Ona elə gəldi ki, yenidən doğuldu. Sevincindən bütün vücudu titrədi.

       Kitabın fərəhi aşıb-daşırdı, onu əlinə alan, ona diqqət, qayğı göstərən adamın əsl insan olduğunu duymuşdu. O yaşayacaqdı. Elə Ağac kimi...