“Mənə bir yuva qurun, zamanı içində gizlədim” - İtaliya poeziyasından yeni tərcümələr Featured

Rate this item
(12 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Dünya ədəbiyyatı silsiləsindən bu dəfə sizə şair və tərcüməçi Ümid Nəccarinin  tərcüməsində italyan şairəsi Antonella Karmen Kaggianonun şeirlərini təqdim edir. 

 

Antonella Karmen Kaggiano 13 iyul 1971-ci ildə Pollada anadan olub. O, 1997-ci ildə ali təhsilini bitirib, Ədəbiyyat fakültəsi məzunu olub. Antonella 2016-cı ildən müəllimlik etdiyi Peskarada yaşayır.

O, "İl Roma" və "İl qazeti di Napoli" ilə əməkdaşlıq edərək müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Onun “Uzantılar” (1990), “Elan edilmiş Zen xronikası” (2010), “Duzlu tort” ( 2022) adında 3 kitabı nəşr edilib. İlk iki kitab tənqidçilər tərəfindən xüsusən müsbət qarşılanıb.

Antonella 1990-cı ildə Kapranicada "Centro Divulgazione Arte e Poesia” mükafatına layiq görülüb.

O, 1990-da həmçinin “Valle di Vitalba Milli Poeziya Mükafatı”, 1991-də “Avropa Birliyinin Müasir Ədəbiyyat Mükafatı" laureatıdır. 

Antonella 1994-cü ildə "Avropa Birliyinin Beynəlxalq Müsabiqəsi", “Antartika” Milli Şeir və Bədii Ədəbiyyat Müsabiqəsi, "Stella Norbiato” Poeziya Mükafatının qalibidir.

O, həmçinin "Mihai Eminescu" Beynəlxalq Akademiyasının üzvüdür.

 

 

Mənə baxarkən diqqət edin

 

Mənə baxarkən diqqət edin,

qırıla bilərəm,

yumşaq danışın,

ruh üçün

yaddaş üçün.

Belə toxunmayın mənə,

tələsərək yəni.

Soyuq düşüncələrinizə baxmayaraq

Barmaqlarınızda ötən gecənin nəmi qalıb

Mənə bir yuva qurun,

zamanı içində gizlədim,

siz orada olmasanız da…

 

 

Qarşısını ala bilməzsiz

 

Nəfəs çəkməyiniz,

hündür səsiniz,

dəniz ətri…

Siz bunların qarşısını ala bilməzsiz.

Hər bir şey

sizi boylu edir.

Düşüncə sizi hərəkətə gətirir

sizi ələ alır,

bir dalğa üzərində olduğu kimi

ödənişsiz,

uzun müddətli…

 

 

Və mən sevirəm

 

Və mən sevirəm

bu tənha qayıq içində

cırıltının səsini...

Şimşək çaxanda,

işığın zərrəcikləri

yenidən sağaldır ümidlərimi...

 

Və mən sevirəm,

buna inanın,

yenidən bu od

alovlanacaq.

Bu quş

yenə uçacaq...

Elə ruhumuz da...

 

 

Kimsəyə icazə verməyin

 

Ürəyinizi düzəltmək üçün

sakit bir yeri seçin.

Bağınızı alaq otlarından təmizləyin.

çiçəkləri bir-bir sulayın,

quruyanları çıxarın.

Güllərdən nəfəslərinə görə təşəkkür edin.

Nəhayət böyüdüyünü gördüyünüz

hər yarpağı sığallayın,

içinizə hopdurun ən gözəl gülləri,

burnunuzu Orxideyalara yaxınlaşdırın,

istədiyiniz ətir olun!

 

Günəşə doğru,

başınızı dik tutun,

günəbaxanlar kimi olun ki,

bir vaxt başınızı aşağı salmaq istəsələr

sadəcə yerə dən səpmək üçün,

yeni həyatınız naminə etsinlər bunu.