“Araz-araz deyənlərin, Gözlərinin nəmiyəm mən” - Güneyli Əli Qayıbın şeirləri Featured

Rate this item
(1 Vote)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında sizi Əli Qayıbın şeirləri ilə tanış edir.

 

Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

GEDİRƏM

 

Getmək istəyənlər arxaya baxmaz,

Min dəfə arxama baxıb gedirəm.

Əlimi əlindən qoparır hicran,

Taleyin çayında axıb gedirəm.

 

Yaşadıq həyatın gerçəklərini,

Bəzən də unutduq gərəklərini,

O duru eşqinin çiçəklərini,

Bu vurğun qəlbimə taxıb gedirəm.

 

Ayrılıq baxtıma yaman daş vurub,

Nə desən qəm-kədər başa-baş vurub,

Qəlbimi qəlbinlə qoşalaşdırıb,

Quru cismim ilə çıxıb gedirəm.

 

Mən səni özüm tək inanıb sevdim,

Yatdım xəyalınla oyanıb sevdim,

Dünyanın qarşında dayanıb sevdim,

Dünyanı başıma yıxıb gedirəm.

 

Qayıbın qəlbində xatirələrin,

İllərdir yer salıb dərindən dərin,

İnanma, yalandır onlardan birin,

Desəm də yandırıb yaxıb gedirəm...

Min dəfə arxama baxıb gedirəm!..

 

 

MƏN

 

Söz mülkündə nakam qalan,

Diləklərin dəmiyəm mən.

Haq sevdalı ürəklərin,

Sızıldayan simiyəm mən.

 

Qəmkeşəm qəmə qatlaşan,

Fərhadam, dağları aşan,

Köç etməyə hazırlaşan,

Qərib quşlar kimiyəm mən.

 

Olmasa da yaşım yetmiş,

Yetmişinə yolum yetmiş,

Hasılı talana getmiş,

Bir yiyəsiz zəmiyəm mən.

 

Bax ahına, amanına,

Dalğasına, tufanına,

Yanını son limanına,

Söykəyəcək gəmiyəm mən.

 

Dərd qəddini əyənlərin,

Ox bağrına dəyənlərin,

Araz-araz deyənlərin,

Gözlərinin nəmiyəm mən.

 

Mən Qayıbam, yaram dərin,

Dərdim qaynar, odum sərin,

Vətən dərdi çəkənlərin,

Dağa dönmüş qəmiyəm mən.

 

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir, ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

 

AĞLAMAZDIM

 

Bilsəydim kədərim incidir səni,

Ürəyim dolanda heç ağlamazdım.

Vədəsiz küləklər ömür bağımın_

Yarpağın yolanda heç ağlamazdım.

 

Bilsəydim payıza bir isti sözsən,

Şaxtaya sazağa alovlu közsən,

Bilsəydim qışımda yoluma gözsən,

Baharım solanda heç ağlamazdım.

 

Nə varsa azadlıq, bütün dustaqlar,

Sənin əllərində olsa ıxtıyar.

Bilsəydim Qayıbın sən kimisi var,

Anamdan olanda heç ağlamazdım.

 

Qeyd: Mətn bizim orfoqrafiyaya uyğunlaşdırılmadan, olduğu kimi dərc edilib. 

 

 

  

VƏTƏN

 

Gəldiyim yollardır şahdim mənim,

Səni sevə sevə gəlmişəm Vətən.

Sənin qəm günündə kövrək olmuşam,

Güldüyün zamanlar gülmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.  

 

Adımı tarixdə yazsalarda pan,

Sevgin urəyimdə qiymətlı mərcan.

Duymuşam səsini səslənən zaman,

Səni öz canımdan bilmişəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Sevdim ocağını sevdim odunu,

Yaşadım sevginin şirin dadını,

İkiyə böləndən tarix adını,

Məndə ürəyimi bölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Bakın ya Təbrizin birdirlər mənə,

Ömürlük hayatda bağlıyam sənə,

Xocalı dərdindən neçə min dönə,

Donmuşam ،yanmışam  , ölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Qoy aləm eşitsin Qayıb'ın hayın,

Üsyanlı ruhunda susan harayın.

Şeir xəritəmdən araz tək çayın,

Adını çoxdandır silmişəm vətən,

Səni sevə-sevə gəlmişəm vətən.