Şair Yusif Nəğməkar türk dünyasına verdiyi töhfələrə görə mükafatlandırılıb

Rate this item
(0 votes)

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Yusif Nəğməkar Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk dünyası ədəbiyyatına xidmət"ə görə beynəlxalq mükafatı ilə təltif olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən qurumun Azərbaycan üzrə təmsilçisi Elçin İsgəndərzadə, akademiyanın rəhbəri Xeyrəddin İvgin və fəxri professoru, fəxri mədəniyyət səfiri Özkan Hüseyn şairin türk dünyasına verdiyi töhfələrini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Yusif Nəğməkar 20-dən çox kitabın müəllifidir. Onun sözlərinə saysız-hesabsız musiqilər bəstələnib və bu günədək tanınmış müğənnilər tərəfindən ifa olunur. 

Milli Qəhrəman Çingiz Mustafayev haqqında yazdığı “Çingiz çini” poeması, 20 yanvar Bakı qırğınından bəhs edən “Şər Şənbə” poeması, Rəsul Rzaya və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi “Sizli”, “Bəxtiyar” poemaları, elat həyatından bəhs edən “Zal ağacı”, “Nizami demiş”, “Güllər atılmasın” poemaları Yusif Nəğməkar yaradıcılığının bir hissəsidir.

Yusif Nəğməkar, həmçinin bir sıra mükafatların qalibi olub. 2015-ci ildə “Çanaqqala – Türkə qala” poemasına görə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi adını qazanıb və həmin il Azərbaycanda ilin şairi elan olunub.

Bundan əlavə o, Rəsul Rza və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbi mükafatların qalibidir.

Şairin “Vəslin edamı” poeması Birinci Qarabağ müharibəsinə həsr olunub.

Qeyd edək ki, Yusif Nəğməkar hazırda İkinci Qarabağ müharibəsində Zəfəri tərənnüm edən iri həcmli əsər üzərində çalışır.

Yusif Nəğməkar Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası nümayəndələrinə təltifə görə minnətdarlığını bildirib.