“Üzür ruhun gəmisi…” - Təranə Arifqızının şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Təranə Arifqızının şeirləri təqdim edilir. 

 

 

İçimdəki səs

 

Üzür ruhun gəmisi

dünyanın boş üzünə,

Qəddarlıqla yoğrulmuş

bir az da xoş üzünə...

 

Ruhumu bu sahildən

o sahilə aparır...

gah da ki, göyə çəkib

yer üzündən qoparır...

 

Dalğaların telindən

tutub sürünürəm mən...

suyun əlini sıxıb

sakit görünürəm mən...

 

Kimsəsiz adaların

qovulmuş sakiniyəm...

üç nöqtədə yaşayan...

nidanın hakimiyəm...

 

İçimdəki yad səslər

əllərimə toxunur...

gülür, gülür... sonra da...

tellərimə toxunur...

 

Deyir...yat...yat... oyanma…

məzardasan, ölüsən...

nə fərqi? Ölməsən də...

 

Diksinib ayılıram...

səs qırılır, tökülür...

sonra... sonra... anidən

səsin beli bükülür...

 

Ölür yad səslər məndə,

için-için qocalır...

məndən uzaq zamanda

doğma bir səs ucalır...

 

 

Etiraf

 

Etirafın ən gözəli

bu dünyanı unutmaqdı.

Gündüzləri göydə olan

gecə sübhədək oyaqdı.

 

Etirafın ən gözəli -

göy adamıyla dost olmaq.

Allahın son tikəsinə

ikiəlli baxıb, susmaq.

 

Etirafın ən gözəli -

yadların yadı olmaqdı.

Səndə səni tapmayana

həsrətin dadı olmaqdı.

 

Etirafın ən gözəli

içimizdə oturubdu.

Dili yoxdu, amma səsi

bu dünyanı götürübdü.

 

Etirafın ən gözəli -

sevdiyini sevməyindi.

"Sevirəm" sözün ucadan

üzünəcə deməyindi.

 

Etirafın ən gözəli -

səni başa düşməyəndi.

Sanki başa düşər kimi

söz yolundan keçməyəndi.

 

Etirafın ən gözəli -

güvən verən inadkardı.

Azadlıq əllərimdədi,

eşitmir, qulağı kardı.

 

Etirafın ən gözəli -

bu dünyada olmağındı,

dil ucunda sevənlərin

dillərində qalmağındı.

 

Etirafın ən gözəli -

özün olmayan özündü,

ürəklərə qıymadığın

səni incidən sözündü.

 

Etirafın ən gözəli -

əlli ikinci gündəsən.

Ayrılır canın canından,

Allah bilir, nə gündəsən.

 

 

*

Dənizəm, dalğa-dalğa

Dolub-boşalar ömrüm.

Ağacı quru-quru

Ölüb, daş olar ömrüm.

 

Unudar ovuc-ovuc

Sevinməyi əllərim.

Kiminsə sığalına

Yubanar ağ tellərim.

 

Bapbalaca uşaqlar

İçimdə qocaldılar.

Məni taxtı-rəvandan

Yarıyolda saldılar.

 

Qarışqa ömrü tapdı

Məni bu labirintdə.

Ha çalışdım, olmadı,

Pambıq canım çiyiddə…

 

Aldı bir həsrət məni

Yolun yarıyolunda.

Düşünmədən yaşarıq

Dünyanın sol qolunda.

 

Qdsan, bütsən, ya heyvan,

Məndə olan cansanmı?

Sual verdim Tanrıma -

Məni tanıyırsanmı?

 

 

Unuduram hər şeyi

 

Tanış gəlir bu üzlər,

Vardı əyrilər, düzlər,

Uzaq gəlir gündüzlər,

Unuduram hər şeyi.

 

Keçib gedir hər anım,

Tanış-yaddır hər yanım,

Harda qalıb sağ canım...

Unuduram hər şeyi.

 

Ocağımda közümü,

Uzaq baxan gözümü,

Bəzən özüm özümü...

Unuduram hər şeyi.

 

Odda bişən yeməyi,

Yadda olsun, deməyi,

Etdiyim hər köməyi...

Unuduram hər şeyi.

 

Yaddaşımı qurutma,

Sözdən aralı tutma,

Tanrı, məni unutma,

Unuduram hər şeyi..

 

 

*

Ay buludda batdı, batdı,

Ayrılıq doğmadı, yaddı,

deyən, ruhun qəmdi, şaddı,

Şəhriyar?..

 

Araz aşdı, daşdımı,

Torpaq gözün yaşdımı,

Hər gecən obaşdımı,

Şəhriyar?..

 

Ağlaram, gözüm dolmaz,

Su içər sözüm, dolmaz,

Bu dünya belə qalmaz,

Şəhriyar...

 

Yalan dünya dağılmadı,

Ovcumuzdan yığılmadı,

Kimsələrə sığınmadı

Şəhriyar...

 

Bayram yeli yaman əsdi,

Namərdin kələyin kəsdi,

Eyni dildi, eyni səsdi

Şəhriyar...

 

Sən həsrətin ocağısan,

Vətənin qəm bucağısan,

Arazım üstə bayraqsan,

Şəhriyar...

 

 

Ad günün - Şəhadətin

 

Oktyabrın 1-i qəhrəman şəhidimiz Elvin Məmmədovun həm doğum,

həm də şəhadət günüdür.

 

Evimin sonbeşiyi,

Minarə boylu oğlum.

Nişanı gözü yolda,

Yarımçıq toylu oğlum.

 

Əsgər, hərbçi olmaq

Uşaqlıq arzun idi.

Ömrün qış görməmişdi,

Baharın, yazın idi.

 

Döyüşə gülə-gülə

Girib kama çatanım.

Dəmir yumruqlarıyla

Düşməni ağladanım.

 

Vətəni yarı bilən,

"Və" yi "tən"ə çatdıran.

Torpağa həsrətlini

Sən,vətənə çatdıran.

 

Səndən deyib-danışır,

Döyüş, can yoldaşların.

Bir gündə şəhid olub,

Sənlə qan yoldaşların.

 

Bu dünyada eviniz

Ayrı-ayrı olsa da.

Cənnətdə qovuşdunuz

Bir məkanı, bir ada.

 

Sən vətənin övladı,

Ananın Elvin oğlu.

Ad gününə hədiyyən

Mərd şəhid adı oldu

 

Eyni gündə doğulub,

şəhadətə yetənim.

Xarıbülbülə dönüb

Qarabağda bitənim.

 

 

Gülüşü gözəl anam

 

Şəhid Raqib Hüseynovun adından  anasına ad günü təbriki

 

Salam, ana, necəsən?

Sevimli bacım necə?

Ürəyində tutduğun

Həsrətin, acın necə?

 

Mən vətəndən yazıram,

Şuşadayam, Laçında.

 Xarıbülbül əllərim

Gəzir bəyaz saçında.

 

Gözlərinə dolan yaş

Hər gün yuyur yolumu.

Dolamışam boynuna

Vətən qucan qolumu.

 

Sən mənim məğrur anam,

Mən sənin qürur yerin.

Anaların and yeri -

Məzarı şəhidlərin.

 

Bu gün doğum günündür,

Gəlişi gözəl anam.

Raqibin təbrik edir,

Gülüşü gözəl anam.

 

Asmısan sinən üstə

Bayraq öpən şəklimi.

Gecə-gündüz sənləyəm,

Qəbul et təbrikimi.

 

 

Darıxır

 

Günü bitməyən günlərim,

Gəlməyən yaşım darıxır.

Arxamca kimlər atacaq?

Köksümdə daşım darıxır.

 

Dağlar tutur dağlığını,

Gedənlər üz ağlığını.

Atır əlim sağlığını,

Bişməyən aşım darıxır.

 

Nur tökülür gilə-gilə,

Yağış yağır gilə-gilə,

Keçir üzümdən bir gilə,

Gözdə göz yaşım darıxır.

 

Addımımda tozun ətri,

Kül altında sözün ətri,

Ürəyimdə yazın ətri,

Çölümdə qışım darıxır.

 

Gözləyirəm, gün gələcək,

Hansı günümdür gələcək?

Deyirlər, bir söz gələcək,

Almağa başım darıxır.

 

Sən darıxma, ömrüm-günüm,

Darıxmağa çoxdu günün.

Göylərdə görüşmək üçün

Yerdə başdaşım darıxır.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2024)