“Çəlikli adam” - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ Featured

Rate this item
(2 votes)

Xəstəxananın rentgen otağının qapısı ağzında ən az 30 adam var idi. Yaşlı, gənc, uşaq. Hamının üzündə nigarançılıq, qorxu, təlaş, narahatlıq, yorğunluq. Qəribə qoxusu var xəstəxananın. Bu qoxu heç bir qoxuya  bənzəmir. Sağlam adam da xofa düşür burda. 

 

Bütün bunlarla bərabər  bura həm də ümid yeridi bütün xəstələrin. Hamı canını götürüb bura gəlir. Min bir sualla, duayla həm də.  Hansı xəstəxanaya getsən, uzun bir növbə  görürsən. Adama elə gəlir ki, hamı xəstədi. Tək olmadığına sevinirsən bir az da. Demək  xəstəlik bircə sənin yaxandan yapışmayıb  . Ölüm qorxusu xəfifləyir bir az ürəyində.  Fikirləşirsən ki, bu qədər dərd varsa, demək dərman da var. Həkimlərə Tanrı kimi baxırsan burda. Varlığına şükr edə-edə həm də. 

Bu gün də hamı canını götürüb bura gəlmişdi. İçlərində yaşamaq ümidi olmayanlar belə bir işıq axtarırdılar burda. Hamı növbəsini gözləyirdi. Arada növbəsiz  keçmək istəyənlər də olurdu. Hərə bir tərəfdən deyinirdi, söyürdü o vaxt. O saat da geri addım atırdı xəstə. Bu qədər insana necə cavab verəydi axı. 

Çəlikli kişi eynəyinin arxasından hamını təpə dırnaq süzürdü bayaqdan. "Bu qadın heç düz-əməlli danışa da bilmir öz dilimizdə. Səhərdən aləmi qatıb bir-birinə. Yarı rus, yarı Azərbaycan, yarı türk dilində başımızı şişirdib. Üzünün boyasına bax hələ. Heç xəstəyə oxşamır amma. 

Bu oğlanın dərdi nədi görəsən? Bu yaşda mən heç bilmirdim xəstəlik nədi. İndiki gənclərin yanından yel keçən kimi xəstələnirlər. Hələ bu uşaq? Bunun nə yaşı var axı? Lap  körpədi. Allahın işlərindən də baş açmaq olmur". 

Ağlından keçirdiyi fikrindən xoflandı. Çəliyinə sığındı. Başını qaldırıb yuxarı baxdı. Sanki Allah başının üstə dayanıb ona baxırdı. Sonra soyuq tər basdı qocanı. Əlini cibinə saldı. Köhnə, kirli cib dəsmalını çıxarıb üz -gözünün tərini sildi. Elə bildi ki, bu saat Allah qəzəblənib elə burdaca canını alacaq. Ölümü lap yaxınlığında hiss etdi. Nəfəsi toxundu üzünə sanki. Yeli vurdu onu. Sonra özünü danlamağa başladı: “Axı sənin Allahla nə işin var? Onun işinə niyə qarışırsan axı? Kimi necə yaradıb, necə yaşadır, kimə nə dərdi verir, Onun öz işidi. Sənəmi qalıb?" Sonra daha heçnə fikirləşməmək qərarına gəldi.  Neylədisə mümkün olmadı.  Ağlına yüz fikir gəlirdi. Ona elə gəldi ki, adam  xəstəxanada daha çox belə xülyalara düşür. Ucundan tutub ucuzluğa gedir adam burda. Olub keçənlər daha çox burda yada düşür. İnsan özünə daha çox burda hesabat verir. Arada adamların  telefonlarına zəng gəlirdi. "Yəqin xəstələrin yaxınlarıdı. Zəng edib nəticə ilə maraqlanırlar".

Qeyri-ixtiyari  əlini cibinə saldı. Telefonunu  çıxarıb ekranına baxdı. Çat-çat olmuş ekran bom -boş idi. 20 ilin telefonu artıq iki ildən çox idi ki, susmuşdu. Bir qızı idi onu itirib axtaran. O da  iki ildən artıq idi dünyasını  dəyişmişdi. Elə bu telefonu da illər öncə o alıb hədiyyə etmişdi atasına. Birdən-birə  kimsəsizləşdi. Kövrəldi. Ətrafa nəzər saldı. Heç kim ona baxmırdı. Kirli, nimdaş cib   dəsmalıyla gözünü quruladı.  Adamlar bir-bir azalırdı deyəsən rentgen otağının qarşısında. 

Kişi birdən adını eşidib diksinən kimi oldu.

Ətrafına baxdı. Heç kim yerindən qımıldanmırdı. Demək düz eşidib. Onu çağırırdılar. Gözü qıraqda növbə gözləyən ,  30, 35  yaşlarında cavan adama sataşdı. Adam narahat və nigaran idi. Tez-tez əllərini ovuşdurur, pencəyinin ətəyini dartışdırırdı. Yorğun görünürdü. Həm də yuxusuz. Yanında elə adamla yaşıd bir qadın da dayanmışdı. Deyəsən ikisi bir yerdə gəlmişdi.

Çox yaxın idilər bir-birlərinə. Arada qadın  nəsə deyirdi. Adam gülümsəməyə çalışırdı. Amma daxilindəki təlatümünü gizlədə bilmirdi. Görünür, xəstəliyinin ciddiliyindən  ehtiyat edirdi. Həyəcanlıydı. Bayaq onlar  burda  deyildilər deyəsən. Yenicə  gəlmişdilər yəqin. Ya da kişiyə elə gəlirdi. Qoca bu dəfə də adını eşidib tam arxayın oldu ki, onun növbəsi  çatıb. Çəliyinə    söykənib bir addım irəli keçdi. Bircə anda  ona elə gəldi ki, hər kəs ona baxır. Özü də rişxəndlə. Hər halda ona elə gəldi. Əsasından utandı birdən-birə.  Fikrindən nəsə keçirdi ildırım sürətilə və dönüb küncdə dayanan o cavan adama baxdı:

-Buyur oğul, növbə sənindi. Keç.

-Axı  mənim adımı çəkmədilər.

-Yox, yox. Sənin növbəndi. 

-Çox sağ olun.

Kişi adamın gözündəki işığı gördü bir anlıq. Dərindən nəfəs aldı. Çiynindən ağır yük götürülmüş kimi geriyə döndü. Xeyli xəfifləmişdi. Ona elə gəldi ki,  heç ağrımır da. 

Bir qədər sonra çəliyinin səsi də daha eşidilmədi.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)