“Mən özümü yazanda. Mürəkkəbdən sən düşür...” - ŞEİRLƏR Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu dəfə sizlərə “Zərif Kölgələr”in qadın yazarlarından biri olan  Aygül Özüvətənin gözəl şeirlərindən bir neçəsini təqdim edir…

 

  

 ELƏMİ

 

Ömrü boyu yolunumu gözləyim?

Saç ağarsın, bel bükülsün eləmi,

Şirin canı qatım acı zəhərə,

Verim cavan gəncliyimi yeləmi?

 

Misralarım fikirlərə darılır,

Həsrət, hicran yazılmaqdan yorulur,

Barmaqlarım qələmlərə sarılır,

Əllərimdən tutacaqdın beləmi?

 

Al Günəşin işığından əl üzüb,

Ayın nurlu baxışına göz süzüb,

Buludlardan kirpiyimə nəm düzüb,

Qoşulum o yağışlara seləmi?

 

Səni çəkib nəfəs kimi daşıdım,

Sevib-sevib ruhumadək oxşadım,

Mən özümü hara qədər yaşadım,

Kimə sorum cavab verməz diləmi?

 

 

DÜŞÜR

 

Kirpiklərim yorulur,

Baxışıma dən düşür.

Əlim sevincə uzaq,

Ovucuma qəm düşür.

 

Dünya üçün İnsan nə?

Qapılma çox zənninə,

Yerin göyün bətninə,

Bir ruh, bir bədən düşür.

 

Sən boyda yalan olmaz,

Mən boyda da həqiqət,

"Bir alına iki xətt",

Bilmirəm nədən düşür.

 

Soldan yenik sağım var,

Hüzün-hüzün çağım var,

Bir əlçatmaz dağım var

Səhər, axşam çən düşür...

 

Qələm bəndi qazanda,

Sətirlərdə azanda,

Mən özümü yazanda,

Mürəkkəbdən sən düşür...

 

 

GEDİRƏM

 

Bu dünyanın gərçəyinə kor olub,

Yumub gözüm, xəyalıma gedirəm.

Gecikmişəm bu həyatda çox şeyə,

Öz vaxtıma, zamanıma gedirəm.

 

Zalım olub vicdanımı yordular,

Qismət deyib, ürəyimdən vurdular,

Güvənimi, inamımı qırdılar,

Öz zənnimə, gümanıma gedirəm.

 

Sirrə dönsəm kimsə məni saxlamaz,

Min dərdimə bircə məlhəm bağlamaz,

Məni məndə İnsan oğlu anlamaz,

Öz yaxşıma, yamanıma gedirəm.

 

İçin-için Allahıma səslənib....

Dua-dua ovuclarda gizlənib,

Diz qatlayıb səcdələrə döşənib,

Öz dinimə, imanıma gedirəm.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)