SALAM, CƏNAB DRONQO - Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar kitab sərgisindən reportaj Featured

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sevimli yazıçımız, dünyaşöhrətli detektiv ustası Çingiz Abdullayevin yubileyi ilə bağlı görəsən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası nə töhfələr hazırlayıb? 

 

Yolumu kitabxanadan saldım və dərhal da sualıma cavab aldım. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin 65 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Dərhal deyim ki, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib.

Sərgidə Prezident İlham Əliyevin Çingiz Abdullayevi “Şərəf” ordeni ilə təltif etməsi, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevin görkəmli yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Materialda yazıçının 32 dilinə tərcümə edilən 200-ə yaxın kitabın müəllifi olması, yazdığı əsərlərin Azərbaycanda və bir çox ölkələrdə tanınmış, sevilən qələm ustası olduğu qeyd olunub. Kitab sərgisində müəllifin “Mavi mələklər”, “Qırılmış əlaqə”, “Oliqarxın qayıdışı”, “Oliqarxın varisi”, “Alqış sədaları altında ölüm”, “Bumeranq zərbəsi” kimi 20-dən çox kitabının qısa annotasiyası ilə yanaşı, görkəmli yazıçının əsərlərinin motivləri əsasında çəkilən filmlərdən və Çingiz Abdullayevin müsahibələrindən fraqmentlər də təqdim edilib.

“Çingiz Abdullayev - 65” adlı ənənəvi kitab sərgisində müəlifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.

 

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-abdullayev-65 yerləşdirilib.

Buyurub, tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)