Şəhidlər barədə şeirlər – Şöhrət Cəlilov

Rate this item
(0 votes)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şöhrət Cəlilova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ŞÖHRƏT MEHMAN OĞLU CƏLİLOV

(11.01.1998.-24.10.2020.)

 

Xaçmaz şəhərindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

               ADIN SƏNƏ HALALDIR

 

Mehriban  ailənin  sən  ilk övladı idin,

Evin şirin söhbəti, ləzzəti, dadı idin,

Ocağın istisiydin, ocağın odu idin,

Hamı səni sevirdi, bəsləyirdi məhəbbət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Sevirdin yurdumuzu, sevirdin bu torpağı,

Deyirdin, nə gözəldir Azərbaycan bayrağı,

Həmişə düşünürdün qovulmalıdır yağı,

Gücünü, qüdrətini göstərməlidir millət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Yaşa dolub böyüdün, Vətənə əsgər oldun,

Qorxmaz, cəsur bir igid, yenilməyən ər oldun,

Oğul-düşmən çəpəri, düşmənə sipər oldun,

Əsgərlər  arasında qazandın ad-san, hörmət, 

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Qurtarıb əsgərliyi, qayıtdın doğma elə,

Dostlarına  deyirdin, “ Döyüş  öndədir hələ,

Günahdır ,  Qarabağsız  danışmaq gülə-gülə, 

Göstərəcək xalqımız, lap az qalıb- əzəmət”,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Yetişdi həmin vədə, yetişdi həmin məqam,

Düşməndən gecikmədən almalıyıq intiqam,

Budur, döyüş başladı, qanlı döyüş “qana-qan”,

Əsil oğul odur ki, göstərsin hünər, qeyrət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Könüllü yazılaraq dərhal milli orduma,

Dedin, canım da qurban  öz elimə, yurduma,

Cəsur  əsgərlərimiz düşmənə vermir  aman,

De, kimdə var  bu qədər  möhtəşəmlik, cəsarət?

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Döyüşürdün qorxmadan, düşmənləri biçirdin,

Dostlarınla hər bir gün  irəliyə keçirdin,

Hünərinlə düşmənə zəhər, ağı  içirdin,

Məkrli yağılarda olmur şərəf-ləyaqət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Keçdin neçə kənd-şəhər, keçdin neçə dərə, dağ,

Son döyüş yerin oldu Düdüklü, Zoğalbulaq,

Burada da döyüşdün  ləyaqətlə, üzüağ,

Ölməz bir şəhid oldun- bu da bir tale, qismət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

Qarabağ azad oldu, yerdə qalmadı qanın,

Sizdən söhbət açılır hər  yerində dünyanın,

Vətənə qurban  edən  sidq ürək ilə canın,

Şəhidlər ölməyiblər- onlar əbədi sərvət,

Adın sənə halaldır, igid, qəhrəman Şöhrət.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)