Xalq şairi Vahid Əziz “Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasında Featured

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı Azərbaycan Respublikasının Xalq Şairi, adı çəkiləndə qəlblərdə sevgi duyulan, simalarda xoş təbəssüm mənzil salan, saatlarla həmsöhbət olsaq belə, hikmətindən doyulmayan, sevimlimiz Vahid Əzizdir.

 

1.

-Xoş gördük, xalqımızın sevimli obrazı!

 

Dağ başında qar üstünə qar gələr,

Gileylənmək zirvələrə ar gələr,

Hər nə geysəm, vücuduma dar gələr,

Bu darlığa dözmək olmur, əzizim…

 

Əzəl gündən dünya yalan dünyadır,

Baha satan, ucuz alan dünyadır,

Arzuları nakam qalan dünyadır,

Dağılanı düzmək olmur, əzizim…

 

Heç bilməzdim daşım belə ağırdır,

Bəxtim belə bicarədir, fağırdır,

Gedəcəyəm, göylər məni cağıdı,

Daha yerdə gəzmək olmur, əzizim…

 

Kaş ki, dünya zalımlığın ataydı,

Qəlbim bir an istəyinə cataydı,

Yaşamağım göz yaşıdır, haraydır,

Göz yaşında üzmək olmur, əzizim…

 

Dalğalara yalvarmaqdan bezmişəm,

Hönkürməkdən, ağlamaqdan bezmişəm,

Səndən ayrı yaşamaqdan bezmişəm,

El-obadan bezmək olmur, əzizim… ( Vahid Əziz)

 

Dəyərli xalq Şairimiz, bu dünya tələdirmi, yoxsa, vicdanını qalxan edib şərlə, nəfslə, heyvani hisslərlə, nadanlıqla mübarizə aparmaqdır, ya da ki, nəfsinə nökər olmaq? Nədir həyatın anlamı?

 

-Salam hörmətli Ülviyyə xanım, mənə göstərdiyiniz diqqətə görə minnətdaram, şeirlərimdən seçimlərə görə təşəkkür edirəm.

Mən hər zaman inqilabi ruhla yaşayan bir adam olmuşam və vicdanıma söynərək, əxlaqıma güvənərək mübarizə aparmışam.

Lap gənc yaşlarımdan Moskvada Azərbaycan üzrə xüsusi müxbir olmuşam, Bakı partiya komitəsində çalışmışam, Ulu Öndər Heydər Əliyev məni Mərkəzi Komitədə işə qəbul edib. Həmişə vicdanımı, ləyaqətimi qorumuşam. Hətta mən Mərkəzi Komitədən çıxandan sonra mənə salam verib, hörmət edənlərin sayı daha da çox olub, çünki özümü ləyaqətlə aparmışam, " dartmamışam" bu mənim xasiyyətimə yaddır.

Haqqsızlığa qarşı mübarizə aparmışam, hətta doğma qardaşımın belə günahkar olduğu bir işdə onun tərəfində yox, onunla mübarizə aparan- haqqın tərəfində olmuşam. Düşünürəm ki, insan vicdanın qulu olmalıdır, vicdan insanın qulu olmalı deyil. İnsan gərək ağlı üstün tuta, ürəyi üstün tuta. Hisslərlə və ağılla birgə yaşaya, hisslər və ağıl birləşəndə insan təmiz, ləyaqətli olur. Yəni, hissə qapanıb kiminsə ziyanına iş görmür və yaxud da çox kövrəlib, primitivləşib haqqsızlığa yol açmır.

 

2

-“Əgər ən zəif nöqtəniz insanlara yaxşılıq etməkdirsə, siz dünyanın ən güclü insanısınız."( Avraam Linkloln)

Bu fikrə Vahid bəyin yanaşması necədir?

 

-Mənə belə gəlir ki, xoşbəxt olmaq istəyən  özündən qabaq başqasının xoşbəxtliyini arzu etməlidir, onun xoşbəxt olması üçün şərait yaratmalıdır, çünki: "Vəba olan yerdə saray ucaltmaq olmaz". Əgər ətrafda qırğın gedirsə, əgər ətrafda aclıq və səfalət hökm sürürsə, sən bütün günü eyvanda kabab bişirə bilməzsən, sən keyf, eyş- işrət içində yaşaya bilməzsən. Bunu cəmiyyət qəbul etməz. Bilirsinizmi, məşhur " Titanik" gəmisi niyə batdı? O gəmini gözlər batırdı. O gəminin içindəki 2000-dən çox insan milyonçu idilər,  harın və keyflə yaşayan insanlar idi. O gəminin arxasınca ac- yalavac insanların gözü baxırdı. Nəzər çox pis şeydi, mən həmişə nəzərdən qorxmuşam. Düşünürəm ki, hər hansı bir qazancda, gəlirdə bircə faiz belə, dəryadan bir damla boyda haram varsa, onun axırı yoxdur. İnsan halal yaşamalıdır. Rüşvət qapıdan içəri girirsə, o evdə xeyir bərəkət olmaz. Nə fərqi var kişi ya rüşvət alıb həyat yoldaşının, qızlarının, nəvələrinin pal- paltarını  alır, ya da ki, onun ailə üzvləri həmin pulu əxlaqsızlıqla qazanırlar, eyni şeydir. Atam da yüksək vəzifələrdə çalışıb, amma bizim evə rüşvət girməyib, mən onu görməmişəm.

Bilirsiniz, ən zəhləm getdiyim bir şey: biri zəng edir ki, Vahid müəllim,- pay göndərmişəm. Söyləmişəm ki, payınız çox olsun, əziyyət çəkməyin.

Heç xoşuma gəlmir ki, sürücünü göndərəsən, ya da özün vaxt itirərək gedəsən avtovağzala, o payı-2 çolpa, 30- 40 yumurtanı götürəsən..

 

3

-Sevimli Şairimiz, qarşınıza güclü insanlar çoxmu çıxır, yoxsa, onların sayı barmaqla sayılacaq qədər məhduddur?

 

-Azərbaycanda güclü şəxsiyyətlər çoxdur və onları da qoruyan güclü şəxslər olmalıdır. Azərbaycan tarixində tanıdığım belə bir güclü şəxsiyyət Heydər Əliyev idi, çünki o, doğrudan da, fərqli bir insan idi.

Bir şeirimdə söyləmişəm ki: 

 

Heydərdən öyrəndim bu ləyaqəti,

Namərd ayağına mərdi vermədi.

 

Heydər Əliyev heç vaxt mərd insanı namərd ayağına vermirdi. Əgər o vaxt Eldar Həsənov- keçmiş Baş- prokuror  haqqımda  obyektiv məlumatları verməsəydi, Heydər Əliyevin ləyaqəti, insanları dəyərləndirməyi olmasaydı, məni, bəlkə də, bəzi adamlar- Azərbaycan tarixində metastaz vermiş xərçəng kimi olan bəzi insanlar həbsxanaya saldırardılar.

 

 

4

-…atları çapın dördnala,

qaçmışam – çatıb gətirin,

qoymayın səhərə qala,

axşamnan tapıb gətirin,

 

Ayrılıq bir gedər-gəlməz,

hələm-hələm gedən – gəlməz!

Yamanla dünya düzəlməz,

yaxşımnan tutub gətirin.

 

Yaramadım bu ürəkdən!

Nə fərqim var kəpənəkdən?

İşığımı ya şimşəkdən,

ya şamnan tutub gətirin.

 

Köynəyi yıprandı sazın,

yolu qapandı Arazın,

yaxşı dostlar dağılmasın

başımnan-tutub gətirin!

 

Laylan hanı, gözəl anam,

doğdun ki, bu cür talanam!?

O zamannan bədgümanam

Qonşumnan – tutub gətirin!

 

dövran məni niyə sıxır?

insaf etsin, Allah baxır!

dərd o qədər; adım çıxır           

huşumnan – tutub gətirin,

 

Uçursan, çata bilmirəm,

yuxum ol, yata bilmirəm,

özümü tapa bilmirəm;

yaxamnan tutub gətirin... ( Vahid Əziz)

 

Dəyərli Vahid bəy, özünüz özünüzün oppenentinə çevriləndə ən çox nədən danışırsınız, nələr düşünürsünüz?

 

-Bilirsiniz, mən özümdən qabaq başqalarını düşünürəm, qızım. Mənə biri gəlib dərdini danışır və çıxıb gedir. Ondan sonra mən onun fikrini çəkirəm ki, niyə belə olub axı... Onun xəbəri olmadan onun problemlərini  həll etməyə başlayıram. Əlim çatan yerlərə sözümü deyirəm. Mənim atam bir dəfə mənə söyləmişdi ki: "Küçədə dilənən köməksizlərə elə pul ver ki, heç olmasa, bir qarın çörək yeyə bilsin."

Mən heç vaxt dilənçiyə qəpik pul verməmişəm, həmişə kağız pul vermişəm. Cibimdə sonuncu pulum olsa da, yenə də vermişəm. Ümumiyyətlə, gərək ölkədə dilənçi olmaya. Əgər yaşadığın ölkədə dilənçi, kasıb- yoxsul, bədbəxt insan varsa, elə sən də günahkarsan. İnsanı ac edən acgözlərdir. Acgözlərin hesabına cəmiyyətdəki bəzi insanlar ac qalır. Ona görə heç vaxt gödəni ağıldan, ürəkdən üstün tutmaq olmaz. Adam gərək haqqı nahaqqa verməyə. Bir şey də söyləyim ki, verən əli Allah kəsməz. Sol əl ilə pul verirsən, sağ əlinə pul gəlir, sağ əl ilə pul verirsən, sol əlinə pul gəlir. Allah göydən baxıb ölçür- biçir. 

İnsan özü ilə danışarkən vicdanı  qarşısında hesabat verməlidir. Bunu bacarırsa, o xoşbəxt insandır. İkincisi, insan təkəbbürlü olmamalıdır, gərək deyilən sözə ağılla yanaşsın.

 

5

-Hər yerinnən duran “şairəm” deyir,

İnsanın üzündə həya gərəkdir!

(M.Müşfiq)

 

İşıqlar səsləyir yolnan gedəni,

qaranlıq baxmağa Aya saxladır,

qışda İlham pərim dindirmir məni,

qəlbində olanı yaya saxladır.

 

Pərim də soyuqdan bezardı bəlkə,

mənimki “mövsümü azardı” bəlkə?

Dünyanın yarısı yazardı bəlkə –

yaxşı ki, çoxunu həya saxladır. 

(Vahid Əziz)

 

Əziz Vahid bəy, əsl şair necə olmalıdır?

 

-Əsl Şair elə şair olmalıdır. İki cür şair var: Əvvəla, Şair vergili olmalıdır, şair elə şair doğulur, şair dünyaya gəlir.

Var şairlər və şeir yazanlar. Bu gün təbii ki, şeir yazanlar çoxdur, əsl şairlər isə azdır. Bir məsələ də var ki, bunu həmişə söyləmişəm 

" Qurani- Kərim", " Tövrat", “İncil" də- bütün din kitablarının hamısı həm ərəb dilində, həm başqa dillərdə- yunan, yəhudi dilində Tanrı tərəfindən şeir formasında gəlib. Dünyanın, bəşəriyyətin, Kainatın ən böyük Şairi Allah özüdür. Deməli, şeir çox müqəddəsdir. Hətta " Qurani- Kərim"- də " Şairlər" surəsi var. Hər söz yığınına şeir demək olmaz, eyibdir. Tanrının göndərdiyi şeirə hörmət etmək lazımdır.

Yaxşı Şair olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır, xalqın tarixini bilmək lazımdır, xalqın dilini bilmək lazımdır. Təəssüf ki, bəzi dilçi alimlərimiz Azərbaycan dilini bərbad ediblər, eşitdiyimə görə, dilimizdən bir çox sözləri çıxarıblar. Bu dili min illərlə Xalq yaşadıb- bu dili " atan yazmayıb"- adama deyərlər..

Deyirlər, şairlər dilə qarışmasın. Elə şairlər qarışmalıdır. Xalq yaratdığı dili, Şairlər yaşadır.

Dildə arxaik söz yoxdur, ümumiyyətlə, köhnə şey yoxdur.

Deyirlər, " Ən təzə şey çox yaxşı unudulmuş köhnəlikdir".

Eyni zamanda dildə yaddan çıxmış arxaik söz yoxdur. Sadəcə, sözə arxaik, primitiv  münasibət ola bilər. Əsl Şairlərdə şəxsiyyət olmalıdır,  şəxsiyyətini qoruya bilməyən şair ola bilməz. Bəzən deyirlər ki, Şair gərək yerişindən fərqlənə, danışığı  gülüşü fərqli ola. Bu normal deyil.

Şeir yazmaq prosesi özü standartdan- normadan kənar bir şeydir. Əgər adam özünü. 24 saat Şair kimi aparırsa, o, normal adam deyil. Aktyoru səhnədə təhqir edə bilərlər, amma sən küçədə Valeh Kərimova  "Moşu" desən, təpəni yara bilər.

Şair də şeir yazarkən özü elə özü ilə oynayır, aktyor da  tamaşaçı da özü olur.

Şeir bağıra- bağıra oxunmaz, şeir intim bir şeydir, pıçıltı ilə oxunmalıdır. Şeir əslində sənin qələm və kağızla ürək söhbətindir.  Sevdiyin bir qız kimi, sevdiyin oğlanla oturub pıçıldaşmaq kimi bir şeydir. Poeziya pıçıltıdır, bağırtı deyil.

Bu gün bəzi aktyorlarımız bağıra- bağıra şeir oxuyurlar,  şeiri zorla musiqiyə pərçim edirlər, mahnılar yazırlar ki, bir də görürsən musiqiyə düz gəlmir və sözü ixtisar edirlər.  Sənə kim izn verib ki, sözü " sünnətləyəsən".

 

6

-Səmimi və sadə Şairimiz, qəlbində qış fəsli olanların təqvimdə yaşanan yaz fəsli karına gəlirmi?

 

-Elə olub ki, mən yayın qızmarında- avqust ayının 15-16- da " Kaman" şeirini yazmışam: 

 

Qar örtmüş düzənliyi,

Nəhəng bir kaman kimi,

Alıb çiyinin üstünə

Çağırır üfüqlər

Çalır küləklər ilə..

 

Məs: payız gələndə mən bahar haqqında şeir yazmışam. Ya da bahar gəlir mən payız haqqında şeir yazıram.

Şairin bədəni xarici iqlimin dəyişməsi ilə nəfəs almır. Şair daxili iqlimi ilə nəfəs alır. Daxilimdəki iqlimə görə yaşayıram. 27 il mən heç nə yazmamışam. Yüksək vəzifələrdə- dövlət işində çalışırdım, vaxtım məhdud idi. Allah qorudu, saxladı və birbaşa Ədəbiyyata göndərdi.

 

7

-Eşidəndə dəyişmişəm dünyamı,

Çiçəklər də haray salsa, incimə,

Demirdinmi: "Alacaqsan canımı"

Ruhum getsə, canım qalsa, incimə.

 

Heç bildinmi, sənnən nələr çəkdi can?

Dərdlərinnən bildin necə çökdü can?

Bir dənəydi, elə bildin çoxdu can?

Vicdanında qanım qalsa, incimə.

 

İstəməzdim ömrüm solan bağ olsun,

Mənsizliyin bir dözülməz dağ olsun,

Qoymadın ki, bircəciyi ağ olsun

Günlər sənə qənim qalsa, incimə.

 

Yurdum-yuvam oldu hara?-Bilməzsən,

Ürəyimi bir də qıra bilməzsən,

Məzarıma yaxın dura bilməzsən

Məni cahan yola salsa, incimə.

 

Kar qəlbini daha necə səsləyim?

Sevgidənsə bəlkə nifrət bəsləyim?

Daş ürəklim, can çürüdən tərsliyin,

Məni sənnən vaxtsız alsa, incimə... 

(Vahid Əziz)

 

Xalqımızın sevimlisi- əziz Şairimiz, sevgi əzabı nə ilə müqayisə olunar?

 

-Heç nə ilə, çünki sevgini rentgen göstərmir, kardioqram çıxaran aparat göstərmir. Sevgini ölçə bilən cihaz yoxdur. Düzdür, indi deyirlər ki, ruhun çəkisini tapıblar, amma, sevginin ölçüsü yoxdur. Deyiblər ki: 

"Məhəbbət ürəkdə diş ağrısıdır" Füzuli də gözəl söyləmiş:"  Eşqdən canımı qurtarmağı ölməklə asan etmişəm. Əsl sevgini qorumağı bacarmalısan. Əsl sevgi 1 dəfə və əbədi olur.

 

8

-Yalvara-yalvara arxanca gedib,

bicarə qəlbimə gülübdür aləm.

Elə düşünməki mənliyim itib,

səninlə küsülü qala bilmirəm.

 

Ümiddən danışma onu üzmüşəm,

zamandan danışma, tamam bezmişəm.

Taledən küsmüşəm, bəxtdən küsmüşəm,

səninlə küsülü qala bilmirəm. 

 

Söndür bu şamı da, çıraqsız qalım,

qələmsiz, kitabsız, varaqsız qalım.

Lap bütün dünyaya maraqsız qalım.

Səninlə küsülü qala bilmirəm.

 

Hazıram sallanım dar agacınnan,

Əl çəkəm zəlitək kor ağacınnan,

qalaram yaşamaq ehtiyacınnan,

səninlə küsülü qala bilmirəm.

 

Hardasan, yolumu haradan salım?

Hansı  dərdin agır, hansını alım?

Dağıt viran elə  xaraba qalım,

səninlə küsülü qala bilmirəm.

 

Sınmadım qalsam da, hərdən ümidsiz,

dəfn etdim özümü şahid, sübutsuz,

sən ilham pərisi, mən Vahid Əziz,

səninlə küsülü qala bilmirəm. 

(Vahid Əziz)

 

Əziz Vahid bəy,  Vahid Əzizin "ən uzun küsülü vaxtı" nə qədər olur?

 

-Mən ən uzun özüm özümlə küsülü qalıram. Adamlardan küsməyi bacarmıram. Niyə küsməliyəm axı?! Qadınlar bir- birindən küsər. Gördün səni anlamır, salam vermə çıx get da..

Elə ona görə yuxardakı: 

" Səninlə küsülü qala bilmirəm" şeirini yazmışam.

 

9

-Dəyərli Şairimiz, sevgi hökm etməsə də, dəyişdirə bilir- söyləyirlər.

Vahid Əziz sevginin dəyişdirmə gücünə şahid olubmu heç?

 

-Mənim "Sevgi" adlı bir şeirim var, bəli, sevgi insanı dəyişə bilir. İlk sevgi məktəbdə başlayır, vaxtilə top- top oynayanda qızları yaxına qoymayanlar,amma yaz başında qızlara yamaclardan bənövşə dərib gətirirdi, adam sevməyə başlayanda dərsə davamlı gəlir, dərsdən qaçan sevdiyi qıza görə gəlib dərslərdə oturur, səliqəli geyinir, özünü ağıllı- savadlı göstərir. Sevgi elə bir gücdür ki, insanın mənəviyyatını dəyişir, əxlaqını, ləyaqətini dəyişir. Bəzən deyirlər, məhəbbət yoxdur, amma sevgi yolunda indi də intihar edənlər olur. Baxır sevginin dərəcəsinə.

İnsan sevə bilirsə, o, xoşbəxtdir. " Mənə 100 il ömür arzulamayın" şeirimdə deyirəm ki:

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Sağlıqlar deyəndə hərdən şənimə, 

Nə özüm kövrəlim, nə sizə gülüm.

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

İnsan sevirsə, xoşbəxtdir, sevilirsə, daha da xoşbəxtdir.

 

10

-Çəmənlərdən yolum düşdü min kərə,

güllər vaxtsız solub-açdı, ayrıldıq,

ilk görüşdən nə gəldisə gözlərə,

son günü də gözü yaşlı ayrıldıq.

 

Yoxa çıxdı; əridimi, uçdumu?

səsdi, ruhdu, ulduzdumu, quşdumu?                                                 

anlamadım; bilə-bilə, çaşdımı

yar danışdı ikibaşdı, ayrıldıq.

 

Bircə dəfə öpə bildim telindən,

bircə dəfə: "Can!" eşitdim dilindən,

bir röyada tutacaqdım əlindən-

çağırdılar...yuxum qaçdı, aydıldıq.

 

Bu ümid də məni qoydu gümansız,

vurub keçdi cəllad kimi amansız,

dillər tökdüm! inanmadı imansız,

baxıb gördüm-qəlbi daşdı, ayrıldıq.

 

Təsbeh kimi çevirirəm illəri,

yanağımda quruduram selləri,

inanmıram-duvaq tutar telləri;

ikimiz də başıdaşdı ayrıldıq…

(Vahid Əziz)

 

Əziz Şairimiz, "tənhalıq otağını" xəyallar isidirmi, yoxsa, tənhalıq buzu açılmayan daimi ağrıdır?

 

-Belə deyim; mən tənha qalanda elə oluram ki, min adamın içindəyəm. Bəzən isə min adamın içində qapanıb tək olaram, amma hiss etdirmərəm. Bu da auraya baxır, çünki yaradıcı adam çox həssas olur. Məsələn,  mənim ən yaxşı şeirlərim iqlim dəyişəndə yazdığım şeirlərdir.

Mən şeir yazmaqdan qorxuram, çünki ən yaxşı şeirlərimi ya xəstələnəndə yazmışam, ya da yazıb xəstələnmişəm.

 

-Dəyərli Vahid bəy, bu gözəl Şair ömrünüzdən rubrikamıza vaxt ayırdığınız üçün Sizə minnətdarıq.

Şeirlərinizin birində söyləmisiniz ki: "Mənə yüz il arzulamayın". Vahid Əziz şeirləri, əlbəttə, zaman durduqca sevən könüllərdə, şeiriyyətlə nəfəs alanların qəlbində izi qalacaq, illərdən illərə körpü salacaq.

Bizim Sizin qələminizdən süzülən bu möhtəşəmliyə çox ehtiyacımız var, əziz Vahid bəy, ömrünüz uzun və sağlam olsun.

Ən sonda ənənəmizə sadiq qalıb hansı sualımızı daha çox bəyəndiyinizi bilmək istərdik.

 

-Bütün suallarınızı bəyəndim. Sizə təşəkkürümü bildirirəm, çox sağ olun ki, məni bu rubrikaya dəvət etmisiniz.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)