“Pay” - Aysel Fikrətin hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin ardıcıl dərcini yekunlaşdırır. Bu gün sizlərə təqdim edilən hekayə “Pay” adlanır. 

 

 

Dostlara həsr olunur.

 

Qızılçaya tutulmuşdum. Anam qıpqırmızı pərdəni pəncərəyə asmışdı. Nənəm, əlində məşəl, başımın üstündə durub, dua oxuyurdu. Atam nigaran baxışlarını məndən çəkmirdi. Gecə üç, ya dörd olardı. Bilmirəm, atamın səsini eşitdim, deyəsən. 

-Tərlədi. Gəl əynini dəyiş.

Qırmızı qızıləhməd almalarla dolu tabağı stolun üstünə qoymuşdu. Günlərlə xəstə yatmışdım. Hər günü bir rəngdə görürdüm. Bir sabah da oyanıb gördüm ki, artıq qızdırmam yoxdur və rahat gəzə bilirəm . Qardaşım məktəbdə idi. Anam stolun üstündə hər birimizin adini yazib, pay qoyurdu. Mən günorta yeməyim üçün stola yaxınlaşanda adım yazılan örtüyü qaldırdım, payım yox idi. Səsimi çıxarmasam da, ac qalmışdım. Sonra bu hər gün təkrar oldu. Bir gün isə gedib atama danışdım. Atam onda qardaşımı çox danlamışdı. Hətta xəcalət çəkib bu xəbərçiliyimə görə hönkürtüylə ağlamışdım. Sonra bir müddət xoşbəxt, şad, hürrəm ömür yaşadıq. Sonra buludlar gəldi başımızın üstünə. Biz inanmadıq.

Indi isə...

Gözlərimi tavana dikib yalnız dua edirdim. İtginin nə olduğunu bilirdim. O qızılça xəstəliyi canımda dolaşırdı. O xəstə günlərimin həsrətini çəkirdim. Başıma bu illər ərzində nələr gəlmişdi, nələr.

Bir-bir doğmalarımı torpaq udmuşdu. Tamam tək qalmışdım.

-Allah bizə bu ömrü də pay yazır, ay bala - deyib, bizə pay bölən nənəmin sözünə məhəl qoymamışdım o vaxtlar.

Amma elə bil ürəyimə dammışdı, başımızda bəla var. Elə bil göylərdən kimsə bunu mənə pıçıldamışdı.

Qəbirstanlıqda şəhid bacıları gördüm. Qəbirüstünə xonca qurub gətirmişdilər. Qardaşımın payıdır deyirdi biri. Bir anlıq donub, baxdım. Hər gün bu yolu gedib ziyarət edən bacılar içində mən də var idim.

Hər kəs bu dünyada öz dərdinin əsiridir. Qızılcadan sağaldığımın səhəri payımı yerində tapmayıb, dədəmə xəbərçilik etdiyim günlərimə qayıtmaq istəyirəm. Qardaşım, atam ömür paylarını mənəmi verib getdilər. Mən hərdən onların əvəzinə nəfəs aldığımı düşünüb, çox utanıram. Daşlara söykənib: "Nə olar geri qayıdın da" deyə bilmirəm. Mən nə yerə, nə göyə anlada  bilmirəm ki, susmuşam. Canımda anlada  bilmədiyim bir nisgil, bir ağrı yatır. Yalnız mən bunu nə sözlə, nə hekayə ilə anlata bilmirəm. Mən lal olmuşam. İllərdir susmuşam.

Bəlkə dilimə  pay çıxıb?

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)