POETİK QİRAƏTdə Saqif Qaratorpağın “Mən çətin adamam” şeiri Featured

Rate this item
(2 votes)

 

             

Poetik Qiraətdə bu gün sizlərlə Saqif Qaratprpağı görüşdürəcəyik. “Mən çətin adamam” deyən şeir bu yeni şeirində özünün timsalında saf sevgiylə sevən, qüssəli və kövrək bütün şairlərin obrazını yaradıb. 

Xoş mütaliələr! 

 

Mən çətin adamam, mənim yanımda

Hünərdi sonacan dözüb dayanmaq.

Bir eşqin oduna səssiz-səmirsiz

Hər gün korun-korun gizlicə yanmaq...

 

Mən çətin adamam... yaz havası tək

Bir anda əhvalım dəyişə bilər.

Ürəyim kəpənək qanadı kimi,

Bircə acı sözdən xal düşə bilər.

 

Nə olar, aldanma şeirlərimə,

Kövrəlmə kədərli misralarımdan.

Mənim günlərimin baharı ötdü,

Nəfəsin buz tutar qəfil qarımdan.

 

Məndə sevincin də tamı başqadı,

Sarılma qüssəyə, batma qəmə, gəl!

Dayanma, bilirəm, yolun uzaqdı.

Dərdimi özünə yük eləmə, gəl!

 

Hələ kül altında gizlənən közəm,

Demə tüstüləyib sönər bu ocaq.

mən çətin adamam... üzüm dönməsin,

Dönsə, barışmağım müşkül olacaq..

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)