Dünya Poeziya Günündə Əlisa Qəmginin qəmlənmə səbəbi Featured

Rate this item
(1 Vote)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adəmin dövründən bu günədək insanlar həmişə həyatdan narazı olublar. Elə bu narazılıq da insanın ibtidai vəziyyətindən müasir həyat səviyyəsinədək inkişaf etməsinə səbəb olub. Bəli, mövcud olan nəsnədən narzı olmaq, insanları yenisini icad etməyə təhrik edir. Klassik poeziya ənənəsi də həmçinin belədir. Hələ ki, insanları qane edir deyə, bu ənənədən kənar, yeni üslüb, yeni bir janr yaranmır...

 

Novruz bayramı günündə ABŞ-da Dünya Poeziya Günü qeyd edildi. Axı niyə amerikalılar Azərbaycan şairlərinin şeirlərini klassik poeziya nümunəsi kimi dəyərləndirib, oxumaqdan yan keçirlər? 

 Hətta bəziləri poeziyamıza ekzotik bir xalqın yaradıcılığı kimi də baxırlar. Onların poeziyamıza bu cür baxışı məni həmişə düşündrüb. Qəribədir, əslində amerikalıların şeirlərini də biz bəyənmirik, hətta deyə bilərəm ki, həmin nümunələr adi danışıqdan heç də fərqlənmir. Nə ahəng var, nə poetika, nə də ki, qafiyə. Eləcə də, bu şeirlərdə heç bir texniki qaydaya riayət olunmur. Bəlkə onlar haqlıdırlar, sadəcə bu haqq olanı biz qəbul edə bilmirik? Əlbəttə ki, bunun bir cavabı var- onlar mürəkkəbdən sadəyə çoxdan keçsələr də, biz hələ də köhnə qəliblərlə işləməyə üstünlük veririk... 

 Nə isə, bu gün sizə əyalətdən pərvazlanan daha bir şair haqqında söhbət açmaq istəyirəm. Klassik üslubda, daha doğrusu, heca vəznində yazan şairlərdəndir...

 

Zamanın yüyəni boşalıb bir az,

Deməsəm dil yanar, desəm söz yanar.

Açıbdır ağzını əjdaha kimi,

Baxmasam ürəyim, baxsam göz yanar.

 

Kəhərə qamçı yox, bircə him bəsdir,

Çapdınsa, saxlamaq daha əbəsdir.

İlahi, çağıran görən nə səsdir,

Getməsəm diz yanar, getsəm iz yanar.

 

Göz gəzirik, göz yerində qaş qalıb,

Quru yanıb, ocaqlarda yaş qalıb.

Göylərdən yağmağa bircə daş qalıb,

Kösov tüstülənər, quru köz yanar.

 

Qəmgin, dilin bəla olar başına,

Fərman gəlsə, ölüm baxmaz yaşına.

Dəyəcəkdir başın əhlət daşına,

Əlində tazanə, telli saz yanar...

 

İlk təqdim etdiyim bu poeziya nümunəsi, onun “Yanar” adlandırdığı şeiridir. Burada şaiirin giley-güzarı öz əksini tapıb...

 

Bu dəfə haqqında söhbət açdığım şair- Zamanov Əlisa Sənham oğludur. Əlisa Qəmgin imzası ilə “Facebook” səhifəsində şeirlərini paylaşır. 1959-cu ildə Masallı rayonu Dəmbəlov kəndində anadan olub. 1974-cü ildə həmin kənddə 8 illik təhsilini başa vuraraq, indiki Şirvan şəhərindəki pedaqoji texnikumda oxuyub. Sonra sovet ordusunda hərbi xidmətdə olub. 1981-1986-cı illərdə keçmiş APi-nin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1994-cü ilə qədər doğulduğu kənddə dil-ədəbiyyat müəllimi işləyib. Daha sonra fasilələrlə Rusiyada yaşayıb. Hazırda Bakı şəhərində məskunlaşıb...

 Devizi- “Həyat gözəldir, yaşamağı bacarmaq lazımdır”- olan bu şair baharın gəlişinə sevinir və onu özünəməxsus şəkildə vəsf edir:

 

Sözlər misra-misra düzülüb yenə,

Şair qələmiylə süzgəcdən keçir.

Gözlər qədəm-qədəm seyr edir, doymur-

Dünyaya sözlərdən yeni don biçir.

 

Nə olsun, gecənin rəngi qaradır,

Nəhəng gözəlliklər gizlənib orda.

Deyəsən, qışın da ömrü azalıb,

Bahar asta-asta gəlir bu yurda.

 

İnsanı yaşadan, ona ruh verən,

Sevən ürəklərin bir baxışıdır.

Vətən dediyimiz bu gözəl dünya,

Tanrının ilahi bir naxışıdır...

 

Həyatda arzuları çox olub, elə indi də az deyil. Uşaqlıqdan ədəbiyyat vurğunu olduğundan özünü bu sahəyə həsr edib. Ədəbiyyat tədqiqatçısı və ədəbi tənqid onun yaralı yeridir. Ömrünü bu sahəyə həsr etmək istəsə də, amma amansız həyat ona imkan verməyib. Bugünkü təhsilin vəziyyətinə çox acıyır. İstəyir ki, təhsilin vəziyyəti heç olmasa bəyənmədiyimiz sovetlər vaxtının səviyyəsinə qalxsın...

 Deyir ki;- “Heç kimə lazım olmasa da, əsas məşğuliyyətim şeir yazmaqdır. Mütaliə etməyi xoşlayıram. Niyə yalan danışım, həyatda böyük uğurlarım olmayıb. Ən böyük uğurum bu günə qədər sağ qalmağım, yaşamağımdır.”

 

Yazdığım şeirlər ömür yoldaşım,

Bəzən misraları güldürür məni.

Hopub yaddaşıma olub sirdaşım,

Bəzən də hıçqırdıb ağladır məni.

 

Özüm öz dostumam düşünürəm mən,

Beləcə yaşayıb yaşa doluram.

Qənim kəsilirəm özümə bəzən,

Bəzən də özümə düşmən oluram.

 

Nəyi itirmişəm, nə olub qismət,

Barışa bilmirəm özüm özümlə.

Qəlbimdə yurd saldı bir saf məhəbbət,

Yaşadım ömrümü min bir dözümlə.

 

Ömür tariximdir yazdığım şeir,

Misralar şahidtək üzümə durar.

Deyirlər, ay şair, qarşıda xeyir,

Nə vaxtsa ömrünə möhürün vurar...

 

Bu onun “Qəribə təzad” şeiridir. Şair burada özünü, taleyini ifadə etməyə çalışır. “Azərbaycan ədəbiyyatının klassik korifeyləri toxunulmaz olmalıdır. Hər birinə onun yaşadığı dövrün gözü ilə qiymət vermək lazımdır. Tarix bundan sonra Nizamini, Nəsimini, Füzulini, Xətaini, Səməd Vurğunu, Hüseyn Cavidi, Müşfiqi, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Sabir Rüstəmxanlını, Musa Yaqubu və s. şairlərimizi bir daha təkrar yetirməz. Azərbaycan xalqını cəbhələrə, qruplara bölmək olmaz. Bu daxili düşmənçilik yaradır. Onsuz da düşmənlərimiz çoxdur. Başqaların çaldığı havaya oynayan müxalifət bizə lazım deyil. Mən 1988-ci ildən azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşam. Sonralar elə hadisələrin şahidi oldum ki, müxalifətdən iyrəndim və bir dəfəlik uzaqlaşdım. Mənə milləti cəbhələrə bölən partiyalar yox, milli birlik lazımdır.”- söyləyir. Və hiddətini şeirlə belə ifadə edir:

 

Göy altının hər yerinə

Vətən, düzlük toxumu ək.

Bir günahı olan kəsi

İsa kimi çarmıxa çək.

 

Doğulanda tək doğulduq,

Zül(ü)m ilə əkiz olduq.

Səsim çatmadı heç yana,

Nə “Mən” oldum, nə “Biz” olduq.

 

Sözdən uca heç nə yoxdur,

Sözdür dünyanın sərvəti.

Səcdə edək, pozulmasın,

Yerlə Tanrının vəhdəti…

 

Dilə gəlsin lal baxışlar-

Ürəklərə sevinc dolsun.

Nə dünyadan bezən olsun,

Nə də zülmət gecə olsun…

 

Qəribədir, gözəl poeziya nümunələri yaratmağı bacaran, bu filoloq-şairin yaradıcılığı barədə sosial şəbəkələri ələk-vələk etsəm də, heç bir yerdə məlumat tapa bilmədim. Yalnız “Facebook” platformasındakı səhifəsində paylaşdığı şeirlərə rast gəlmək mümkündür. 

Demirəm, o, poeziyaya qeyri-adi bir nəfəs gətirib. Amma adamın başının üstə Allah var, o, ŞAİRDİR. İnanıram ki, Azərbaycan Yazıçılar Birliyinin(AYB) qəbul komissiyasında əyləşən, içində “Allah Xofu” gəzdirən qardaşlarımızdan biri, bu il 65 yaşını qeyd edəcək Əlisa Qəmgini AYB-yə dəvət edib yaradıcılığı ilə maraqlanacaq. Axı hər bir istedadın "bələdçiyə" ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)