“Qardaşımın arzusu” - Salatın Əhmədlinin hekayəsi Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı-  Salatın Əhmədlinin “Qardaşımı arzusu” adlı hekayəsini təqdim edir. Hekayə 44 günlük müharibədə şücaət göstərmiş Azərbaycan əsgərlərindən bəhs edir.

 

Mən anamın qucağında uşaq olarkən yurdundan di­dər­gin düşən qaçqın ailələrindən birində doğulub böyü­müşəm. Atam, anam gözümü açandan, dünyanı dərk edəndən hiss etdim ki, yaralıdırlar, torpaq həsrətlidirlər. Evdə dörd uşağıydıq. Böyük qardaşım hərbçi olmaq istəmişdi, evdən icazə verməmişdilər. Çünki Zəngilandan çıxarkən əmim və dayım kənddən çıxmamışdılar. Onların bu günə qədər ölüsü, dirisi barədə belə məlumat ala bilməmişdik. Bu illər ərzində onları gördüm deyən olma­mışdı. Onlar da hərbçi olmuşdular. O zaman camaatı kənddən çıxarıb, əli silah tutan kişilər onların komandanlığı altında günlərlə kəndi qoruyub saxlaya bilmişdilər. Sonra arxadan kömək gəlmədiyindən düşmən qüvvələri hücuma keçərkən ancaq bir neçə adam sağ qayıtmışdı. Son dəfə onları əlisilahlı kənddə döyüşən görmüşdülər. Sonralar bir daha dayım və əmimlə yanaşı kəndin ondan çox adamı geri dönmədi. Onların taleyi qaranlıq olsa da atam həmişə deyirdi ki, düşmən onları heç vaxt sağ qoymazdı, çünki onlar kəndə girmək istəyən xeyli erməni dığasını məhv eləmişdilər.

Nənəmin ürək dağlayan bayatılarını dodağının altında zümzümə edə-edə, gizlin-gizlin tökdüyü göz yaşlarını görmüşdüm. Anam da bunu görürdü, “dəyməyin, ağlasın, içini boşaltsın, yüngülləşsin” – deyərdi, bizi yanından uzaqlaşdırardı.

Yaşa dolduqca bildik ki, qaçqınıq, yurdsuzuq, kəndlərimiz, gülüstan ellərimiz düşmən tapdağı altındadır. Taxtadan silahlar düzəldərdik, bu cəhətdən qardaşım daha bacarıqlı idi, oynayanda da elə müharibə oyunu oyna­yardıq, özümüzə bayraq düzəltmişdik, müharibədə “qalib” gəlirdik, bayrağımızı sancırdıq... Nağıl dolu ömrün içində necə bir həqiqət yaşanmış olduğunu uşaq təfəkkürümüz sonralar dərk etməyə başladı. Qardaşım mütləq hərbçi olacağını deyirdi: kəndə birinci mən girəcəyəm, onların gözlərini ovacağam, kəndimiz, evimiz yadımdadır. Hələ bir gedim, görüm, orda erməni yaşamış olsa, onun donuz iyi verən nəfəsini o evdə hiss etsəm, yerli-dibli söküb, süpürüb, eynən eləsini yenidən tikdirəcəyəm. Hələ bir gedim hərbçi olum... 

Qardaşım doqquzuncu sinifdə oxuyurdu. Naxçıvanski adına hərbi mək­tə­bə getmək istədiyini bildirəndə atam qoymadı:

-     Otur yerində, yaralarımız sağalmamış sən də başımıza bəla açma.

-     Onsuz da gedəcəm, belə qoymazsınız, hərbi xidmətdən sonra qalacağam orda.

-     Sən cılızsan, uşaqlıqdan da revmatizman var, qalan sağlamlığını da o soyuq səngərlərdə, ağır təlimlərdə itirərsən.

Doğrudan da qardaşımı həmişə müalicə etdirirdilər. Atam ona görə narahatlığını gizlətmədi:

-     Elə olmasaydın, bir söz deyəməzdim. O torpaqlar nə qə­dər qalacaq donuzların ayağının altında? Yaxşı bir ordu olmalıdır ki, alaq...

Qardaşım təslim olmurdu:

-     Mən yaxşıyam, heç yerim də ağrımır.

Qardaşım nə qədər təkid etsə də, onu hərbi məktəbə göndərmədilər. İdman müəllimimiz Yaşar bizi idman ya­rışlarına hazırlayırdı, cəld, çevik uşaqları, özü dediyi kimi, “gözaltı” eləmişdi:

-     Fərqlənənləri gələcəkdə xüsusi yetişdirilən hərbi məktəbə göndərə bilərik.

Onların arasında mənim də adımı çəkdi.

9-cu sinifi bitirəndə Yaşar müəllim məktəbdən beş şagirdin sənədlərini Naxçıvanski adına hərbi məktəbə göndərdi. Mən də onların arasındaydım... Onda qardaşım Neft akademiyasında 2-ci kursda oxuyurdu. Bakıya gəlirdik. Sentyabrda dərslər başladı. Mən ancaq bazar günləri qardaşımı görə bilirdim, təpədən dırnağa od tutub yanırdı:

-     Heyf, heyf məni qoymadılar. İndi Ali Hərbi mək­təbdə artıq üçüncü kursda olardım...

Hirslənib atamgilin arxasınca danışırdı. Mən ona təs­kinlik versəm də nəticəsi olmurdu. Qardaşım elə bil doğu­landan bu hisslə doğulmuşdu...

Neft Akademiyasını bitirən kimi Səməd hərbi xid­mətə yollandı... Sonra qayıtmadı, ömrünü hərbə bağ­ladı. Xüsusi kurslara getdi.

Mən təhsilimi başa vurub XTQ-ə qəbul olundum. İnsan doğrudan da böyüdükcə torpaqların düşmən tapdağı altında qaldığını görüb qeyrət hissi içini yeyirmiş... Gecə-gündüz fikrimiz-zikrimiz Qarabağı, ümumən işğal altında olan torpaqlarımızı öz gücümüzlə qaytarmaq idi... 15 aprel hadi­sələrində demək olar ki, qüvvələrimiz qan-qan deyirdi. Rəhbər hərbi komandanlıq bizi ipə-sapa yatırda bilmirdi... Sonra generalımız Polad Həşimovun öldürülməsi... O gecə bütün taborlar qalxmışdı, Ali Baş Komandandan döyüşə girmək üçün əmr tələb edirdik...

Bizi dəliqanlı, düşüncəsiz hərəkətlərə yol verməmək üçün lazım gələndə tənbeh də elədilər. Bilirdik ki, özü­müzə qalsa, bir həftəyə bütün Qarabağı o şərəfsiz­lərdən təmizləyə bilərik. Amma ermənipərəst beynəlxalq qüvvə­lər vardı... Bu reallıqları da bilirdik.

-     Dövlət başçısı hər şeyə nəzarət edir. Bizim artıq güclü, vahid qüdrətli ordumuz var və hər birimiz gene­ralından tutmuş sıravi əsgərinədək bu döyüşə hazırıq. Amma zaman yetişməyib, gözləməliyik, səbrli olun, – komandir bunu deyirdi.

 

***

Müharibə başlayan gün sübh tez­dən əmr aldıq. Bizim böyük bir qrup hərbçimiz – mən də onların arasın­daydım – Kəlbəcər-Tərtər istiqamətindəki mövqe­lər­də yerləşdirilmişdik. Biz Camışdağ zirvəsini tutmalıy­dıq. Burada birinci biz hərbi əməliyyatlara girməli, arxadan gələn qoşunun təhlükəsizliyini təmin etməli, onların irəli yeri­məsi üçün şərait yaratmalıydıq.

Verilən əmrləri hücum əməliyyatı ilə xüsusi təyi­natlılarımız çox gözəl, uğurlu şəkildə yerinə yetirirdi. Si­lahlı qüvvələrin giziriydim. Biz qələbələri əfsanəvi igid­lik­ləri ilə döyüş tapşırıqlarını yerinə yetirən əsgərlərimizlə əldə edirdik.

Müharibə başlayan gün səhər 8-ə qalmış Camış­dağ zirvəsi uğrunda döyüşə atıldıq. Biz o zirvəni almalıy­dıq. Murovdağın yüksəkliyindən erməni postlarına doğru en­dik.

Dumanlı, çiskinli havada hər şeydən xəbərsiz düş­mən postlarını ələ keçirmək üçün mövqelərimizi qurduq... Düşmənin hücumunun qarşısını almaq üçün hər şeyə hazır idik, qüvvələrimiz erməni postlarını dağıtsa da onlar müqavimət göstərirdilər, güclü əks-hücuma keçmişdilər.

Biz Camışdağ yüksəkliyi uğrunda döyüşərkən qurduğumuz mövqelər ermənilərin tanklarından atılan top atəşləriylə toz-dumana bürünmüşdü. Bir tərəfdən duman, çiskin, o biri tərəfdən tanklardan aramsız atılan top mərmilərinin yağışı altında vuruşurduq. Düşmən gəldi­yimiz istiqamətdən xəbər tutmuşdu, ona görə də Camışdağ istiqamətində o dumanda, çiskində yerimizi tam bilməsələr də güllə, top, tank, mərmi atəşinə tut­muşdular, tutduğumuz mövqelərdən bir addım belə kənara ayaq basmağa imkan vermirdilər. Camışdağ istiqamətində düşmən mövqelərini əlində saxlamaq üçün sanki bütün artilleriya ilə hücuma keçmişdilər. Onların isə xəbəri yoxuydu ki, biz artıq onların postlarının 400-500 metr­liyindəyik. Onlar bizdən yuxarını gülləbarana tutmuşdular. Atılan toplardan dağılan daş, qaya parçaları başımıza düşməsin deyə özümüzü qorumağa çalışırdıq.

Biz posta yetişməyə nail olduq, o tərəflərdə yerləşən qüvvələrimiz də hərəkətə keçdiyindən təmizlənmiş postlarda yerləşmiş­dilər. Silah, top, artilleriya atəşindən dağlar lərzəyə gəlmişdi. Bizim getdiyimiz istiqamətdə düşmən məlumat aldığından zərbə endirməkdə davam edirdi. O qədər top, mərmi yağışı altında Camışdağ zirvəsinə gəlib çatdıq, o yüksəkliyi aldıq və zirvəni aşdıq, oradan da maşınlara minməliydik. Amma dəhşətli müharibə od-alovu içində ətrafımız gülləbarana tutula-tutula üzərimizə düşən və­zifəni yerinə yetirdik...

Düşmənin çayqırağı ərazilərdə basdırdıqları minalar­dan xəbərsiz olan şəxsi heyətimizin digər qrupları arasında şəhidlərimizin, yaralılarımızın olduğunu görüb onların da köməyinə getdik. Döyüşdə deyil, düşmənin basdırdıqları minalardan həlak olan dostlarımızın itkisi bizi daha da qəzəbləndirirdi, intiqam hissi, erməni vandallarına qarşı kinimiz coşub-daşırdı.

 

***

Düşmən hər vasitəylə itirdiyi postları geri qaytar­maq üçün əlavə qüvvələr çağırırdı... Mənim də olduğum postlar ermənilərdən təmizləndikdən sonra hərəkət istiqa­mətimiz müəyyənləşdi. Arxadan gələn qüvvələri post­lar­da yerləşdirib yola çıxdıq. Getdiyimiz yol açıq yol deyildi, oradan rahat çıxa bilməzdik, çünki ətraf minalanmışdı. Bir addım göstərilən istiqamətdən kənara çıxmaq ölümə bərabər idi. Bir yandan üstümüzdəki yük, digər tərəfdən düşmən güllələri, top, atəş içində biz o yüksəkliyi aşdıq...

Bu işin nə qədər ağır, nə qədər təhlükəli olduğunu bilsək də, biz şüurlu şəkildə növbəti yüksəklik uğrunda da döyüşdük, o yüksəkliyi də aldıq... Verdiyimiz şəhidlər, yaralılarımızı döyüş meydanında qoymamaq da borcumuz idi və biz bu işin öhdəsindən də gəlirdik və gəlməliydik. Bu döyüşdə Mikayıl kimi oğlu itirdik.

Növbəti əməliyyatı uğurla yerinə yetirib irəliləmək əmri alan zaman mərmilərin dağlarda verdiyi əks-səda dağlardan, daşlardan qopan qəlpələr, mərmi atəşləri içində əmrə əsasən maşınlara minib oradan uzaqlaşmağa çalışdıq. İki KamAZ-la yaralı və digər döyüşçülərimizi oradan çıxar­dıq, şəhid vermədən, itkimiz olmadan çıxdıq. Yerdə qalan xüsusi təyinatlılarımız piyada, bir sutka sonra mövqeyə gəlib çatdı. Biz istəyimizə nail olmuşduq, o yüksəklikləri alıb, erməni postlarını məhv edərək Beyləqan – Füzuli istiqamətində yola düşdük.

Axşam evimizlə əlaqə saxlamaq istəsəm də, nəsə bir qüvvə imkan vermirdi. Nəhayət, qonşumuz Həsən dayıya zəng elədim. Anamı soruşmaq, Səlimdən xəbər tutmaq istə­yirdim. Həsən dayı Səlimin şəhid olduğunu deyəndə sarsıldım. Telefonda donub qalmışdım. Həsən dayı isə Səlimin qəhrəmanlıqla şəhid olduğunu deyirdi.

-Səlim qırxdan çox ermənini təkbaşına məhv edib, əsir düşməmək üçün sonuncu qumbaranı onu əhatəyə alanların üstünə atıb, özü də şəhid olub. Nəşini döyüş meydanından çıxara bilməyiblər. Çadırlar qurulub... gözlə­yirik...

Başım dumanlanmışdı, qulaqlarım uğuldayırdı, Səli­min uşaqlığı, hərbə olan sevgisi, şəhidliyi – hər şey elə bir-birinə qarışmışdı ki, axan göz yaşlarımı silən dostlarımın təsəllisini belə dərk edə bilmirdim...

 

***

Mən Səlimin yas mərasiminə gedə bilmədim.

Füzuli istiqamətinə gedərkən bizim dəstənin bir his­səsi Lələtəpənin postlarını ermənilərdən təmizləmək üçün yola düşməli oldu. İki dəstəyə bölündük. Əmrə əsasən bi­zim dəstəmiz qarşıdakı birinci postu götürüb Cəbrayıl isti­qamətində irəliləməliydi.

Ermənilərin hərbi texnika və canlı qüvvə ilə yaxşı təchiz olunmuş 1-ci post uğrunda döyüşlər gedirdi. 1-ci postu düşməndən azad etmək çox çətin, ağır idi, orda düş­mən mövqeləri çox möhkəm idi, hər cür silahlarla təmin olunmuşdular.

Biz dəstələrə ayrılıb, üstümüzdəki bəsit silahlarla, düşmənin gözləmədiyi yerlərdən keçərək irəliləyirdik. Nə­ha­yət ki, posta çatdıq. O post uğrunda döyüşlərdə şəhidlər verdik, yaralılarımız oldu, bununla belə, postu aldıq, onların 30 il bundan əvvəl işğal etdikləri ərazisinə girdik.

Sübh tezdən gələn qüvvələrə postu təhvil verib, onları gətirən maşınlarla oradan ayrıldıq.

Maşınlarımız qaranlıqda irəliləyirdi. Düşmən bizi görməsin deyə işıqların söndürmüşdük. Çox çətin şəraitdə, qaranlıqda yeriyən maşınları idarə edən sürücülərimizin də şücaəti böyük idi.

Biz üzü Cəbrayıl istiqamətinə olan postları götürür, Füzulinin kəndlərindən keçib Cəbrayıla doğru gedirdik. Anidən düşmən hücumuna məruz qaldıq, vurulanlarımız oldu. Musayev Kamil şəhid oldu.

Qarşıda solda düşmənin xeyli canlı qüvvəsi və tex­nikası olduğu haqda məlumat aldıq. Komandir Heydərov əmri bizə çatdırdı:

–Düşmənin canlı qüvvəsi də, texnikası da çoxdur. Biz ye­ridiyimiz dərə istiqamətindədirlər – orada da meşəlik başlayır – onları görmək olmur. Ona görə də ehtiyatla hərəkət etməliyik.

–Komandir, icazə verin kəşfiyyat aparaq, – dedim.

Komandir:

–İtkimiz ola bilər.

–Komandir, mən tək gedim.

–Mən də onunla gedim. – Əliyev Rüstəm komandirə yaxınlaşdı.

Komandir:

–Başqa çarəmiz də yoxdur. Düşmənin planını bil­məliyik. Çalışın ətraflı məlumat gətirin.

–Oldu, komandir.

Rüstəmlə mən onlardan ayrıldıq. Sürünə-sürünə irəliləyirdik. Düşmənlər orada möhkəm yerləşmişdilər, səngərlər qazmışdılar, meşəlik olduğundan texnikalarını da yaxşı gizlətmişdilər. Biz yüksəkliyin arxasında olduğumuzdan onların meşədə gizləndikləri ərazini təxmin etmək çətin idi. Yaxşı ki, gəldik. Birdən onların “Ural” maşınlarından birini gördüm. Rüstəm bir az da irəli sürünüb geri döndü:

–Dərənin dibində tankları, BTR-ləri də var...

–Bunlar özləri hanı bəs?

–Yəqin buralarda haradasa yeraltı məkanları var.

–Hamısı burada gizlənə bilməz. Məncə, bunları burada ehtiyat qoyublar. Haradasa meşənin içindədirlər.

–Sən burada gözlə. Mən irəli gedəcəyəm. Bir şey olsa arxamca gəlmə, geri dön və xəbər ver.

–Fikrin nədir? Bir yerdə gəlmişik, bir yerdə dönə­cəyik.

Ətrafı yaxşıca yoxladım. Yaxında kimsə yox idi. Eh­tiyatla, sürünə-sürünə gördüyüm “Ural” maşınlarından birinə ya­xınlaşdım. Fikrimdən keçirdi ki, düşmən əlində qoy­maq­dansa onları qənimət kimi də götürmək olar. Yaxşıca yoxladım, mina-zad təhlükəsi olmaması üçün diqqətlə hərəkət edirdik. Əliyev Rüstəm – istehkamçı yanımdaydı, maşının birinə qalxdım, yoxladım, rolun arxasına oturdum, o da yanımda, hər cür çaşqınlıq, hər cür gərginlik içində maşını düşünmədən irəli sürdüm, postumuza gətirdim... Komandir hirslənmiş olsa da, gətirdiyimiz qənimətlər hərbi cəhətdən çox dəyərli idi. Maşında xeyli qiymətli əşyalar varmış, gecəgörmə cihazları, koordinat cihazları, arxasında qrantamyot, minamyot, xeyli sayda silah-sursat vardı. Bununla belə komandir narahat idi:

–Maşının yoxa çıxmasından anlayacaqlar ki, yaxın­dayıq. Ehtiyatı əldən verməyin.

 

***

Bizə irəliləmək əmri verilmişdi, əməliyyat apardığı­mız ərazilərdə 300-400 canlı qüvvə və hərbi texnikası olan postlar vardı. Bizim isə silahımız sadə, soyuq silahlarıydı.

Cəbrayılın içinə girəndə dairəvi bir yer gördük. Orada bir hərbi hissə tikmişdilər, şəhər isə yoxuydu, darmadağın etmişdilər. Biz həmin hərbi hissəni almalıydıq, gizləndiyimiz yerdən düşmən xəbərsiziydi. Ağıllarına da gətirmirdilər ki, biz tam postun qabağındayıq, gecəni də orada qaldıq. Düşmən gözətçisi o dağın üstündən gəlib beş-altı güllə atırdı, güllələr gəlib başımızın üstündən keçirdi, ora-bura dəyirdi. Ətrafımız güllə yağışına məruz qalsa da, yerimiz bəlli olmamalıydı. Odur ki, heç kəs cınqırını belə çıxarmırdı. Düşmən əsgəri elə-belə atırdı ki, birdən kimsə ola bilər... Düşmən sadəcə olaraq bilirdi ki, gəlirik. Ona görə elə irəliyə atırdılar... Dağın üstündən BK-yla atırdılar, qayıdıb düşürdülər posta. Murovdakı kimi gəlmə istiqamətimizdən xəbərdar idilər və atırdılar...

 

***

Hərbi hissənin qabağında çay yatağı vardı, onu keç­dik, qruplara ayrıldıq. Biz hərbi hissəyə dumanlı sübh çağında girdik. Postda möhkəmləndik. Kəşfiyyata gedən Cəfərov Sabir xəbər verdi ki, əlavə qüvvələrlə hücuma keçiblər, tanklar, BTR-lər, 300-400 nəfərlik canlı qüvvə var.

Bütün postu almışdıq. Əlavə qüvvəylə yenidən hücuma keçən erməni dəstəsiylə bağlı arxaya - mərkəzə xəbər vermək istəsək də, ratsiyanın enerjisi qurtardığı üçün əlaqə saxlaya bilmirdim.

Düşmən hücuma keçmişdi. Bizim kiçik hissəmiz irəlidəydi, əsas qüvvə arxadaydı, onlara məlumat verə bil­mirdim. Dəhşət içindəydim, dəstəni qoyub gedə də bilmir­dim, hər tərəfdən od yağırdı. Başımı itirmişdim, verdiyim itkilər də məni dəhşətə gətirmişdi, heç kimə yardım edə bilmirdim. Dərə yatağıyla arxaya xəbər verməliydim, verə bilmirdim. Düşmən önümüzdə mövqeyini qurmuşdu, bizi biçməyə başlamışdı.

O dağı aşıb məlumat verməli olduğumu artıq qarşıma məqsəd qoyub dağ yuxarı güllə yağışı altında, üstümdəki yüklə birlikdə qalxırdım. Bir tərəfdən dəhşətli  dərəcədə yorğunluq, dağ yuxarı sürünə-sürünə irəliləməyim, bir yandan bir əlimlə yerə dirənərək, o biri əlimlə güllə ata-ata, “ya Allah”– deyib irəli gedirdim. Atılan minamyot mərmisi qabağıma  düşərək dərin çuxur yaratdı. Minamyotun  yaratdığı dalğa məni yaratdığı çökəyə saldı. Mən orada bir az mövqelənə bildim. Kazımov Kamran vuruldu. Artıq hər şey bitmişdi, ətrafımda, aşağıda gördü­yüm şəhidlərimiz, yaralılarımız da məni ruhdan salırdı, yenə də qüvvə topladım, yeridim, güc-bəla ilə özümü yüksəkliyə salıb ordan – yuxarıdan özümü burax­dım, daşa-qayaya dəyə-dəyə yuvarlandım. Dizim yaralı halda, bütün gücümü toplayaraq, iki kilometrə qədər yolu qaça-qaça özümü əsas məntəqəyə salıb mühasirəyə düşdüyümüzü xəbər elədim.

Döyüş əmri verildi. Biz yenidən hücuma keçdik. Üç yüz-dörd yüz əsgərli, hərbi texnikalı erməni cinayətkarlarının kolonunu məhv elədik, bir nəfərinə qədər biçdik, şəhidləri­mizin intiqamını aldıq...

O döyüşdə biz Cəbrayıl ərazisində olan digər erməni hərbi qüvvələrini də darmadağın etdik. Mühasirəyə düşərkən müxtəlif qruplar arasından seçilmiş şəxsi heyətimizin şə­hid oğullarının intiqamını aldıq. O qanlı döyüşlərdə bəra­bər olmayan qüvvələrlə mübarizədə ölümün gözünə dik baxaraq xüsusi təlim görmüş vətən oğullarımızın göstərdiyi mərd­lik, şücaət yaddaşıma əbədi yazıldı. Filmlərdə gördüyüm dəhşətli döyüş səhnələrindən də dəhşətli mübarizə meyda­nında olduq... Başqa zaman olsaydı, mənə nağıl kimi gələr­di; düşmənin zirehli texnikalarını igidlərimiz düşmə­nin əlindən alıb, hərbi qənimət kimi necə sahib çıxdığı­mıza, on-on beş nəfərlik dəstələrlə düşmənin iki yüz-üç yüz nəfərlik dəstələrini necə məhv etdiyimizə, düşmənin alınmaz bildiyi ən hündür yüksəklikləri necə ələ keçirdi­yimizə... bu döyüşün içində olmasaydım inanmazdım.

Bizim şəxsi heyət ondan sonra da dəfələrlə postları alarkən mühasirəyə düşdü, mühasirəni yarıb düşməni məğ­lub etdi, ən təhlükəli istehkamları dağıtdı, ələ keçirdiyimiz hərbi qənimətlər vətənin müdafiəsi üçün lazımlı oldu...

Mən o döyüşlərdə qazi oldum, çıxdığımız qanlı döyüşlərin birində qrantamyotun zərbəsi məni götürüb başqa yerə atdı. Rabitəçi Sahibin üstünə düşən mərmi onu parça-parça eləmişdi. Partlayış məni götürüb dərənin digər istiqamətinə atanda heç nədən xəbərim olmadı. Təsadüfən gizir Səfərov məni görür – ölüm ayağındaymışam. Mən də can verirdim, gözlərim görmürdü, qəlpə parça-parça eləmişdi, ayaqlarımı hiss eləmirdim. Əliyev Qismət mənə kömək edib qurtarmağa çalışırdı... Döyüşün ortasıydı, kömək gözləmirdik. Cəfərli Sabirin üz-gözü dağılmışdı. Mənim bir az yaralarımı sarıdılar, sağ yerim yoxuydu. Artıq burada şəhid olacağımı fikirləşirdim.

Qismətə: –Qoy məni, get, –  deyə yalvarırdım.

Özümü düşmənə sağ verəcək deyildim. Huşumu itir­dim. Amma Qismət və döyüş dostlarım məni oradan çıxa­raraq ilkin yardım ediblər, oradan KamAZ-a qoyub Əhməd­bəylidəki hərbi qospitala çatdırırlar.

Mən hərbi qospitalda uzun müddət yatdım, müalicə olundum. Qardaşım da sən demə müharibədə ölməyibmiş, ağır yaralanıbmış. Hərbi qospitalda yanıma gələndə mə­nim vəziyyətim ağır olduğundan reanimasiyaya buraxma­mışdılar.

Bir müddət sonra dəliqanlı qardaşımı yatağımın böyründə görüb güc-bəla ilə gülümsədim, üz-gözüm yara içində idi. Başımı sığalladı, qolumdan öpüb qulağıma pıçıldadı:

-Sən demək, saman altdan su yeridirsənmiş, cənab komandir. A kişi, mən hər gün “hərbçi olacağam” deyib bağırırdım. Sən demək elə anamızın qucağında olarkən hərbçi kimi doğulub, hərbçi kimi böyüyüb, geri dönüb, düşmənə qan uddurub, yurdumuza da baş çəkib gəlib­sənmiş... Ay sənin gözünə dönüm...

Qardaşımın sağ olduğunu görüb itirdiyim bir gözümü belə unutmuşdum...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)