Yeni yaşında yazıçı Anar Rzayev haqqında düşündüklərim Featured

Rate this item
(3 votes)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam (Çünki qoşa şəklimiz yoxdu). Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. 

 

Zamanında (elə indi də) o ki var tərifləyiblər.  Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı.  Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı. Yalançı   tərifin əleyhinəyəm. Elə  həqiqətlərə kölgə salanların da.

Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB-yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm. (Kabinetinin qapısını). Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı  bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki...

Anar kökünə bağlı  yazıçıdı.  Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı  . Gəncliyim onun əsərlərinin arasında keçib.  Gecələr lampa işığına, ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar  oxumuşam. Bir də,  bir də.... Yazıçı  öyrədib, qoruyub, hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap  özünü  öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam.   Güvənə-güvənə, qoruya-qoruya, mübarizə edə-edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun "Sizsiz" əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt  daddırmışdı bizə Anar. Yetimləşmişdim  bircə anın içində ata-anam yanımda ola-ola.  Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını  bu qədər  hiss etməmişdim. Heç o çağacan  mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı. Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki   Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı  Anar olduğu üçün sevirdim yenə də. Zərrəcən  dəyişməmişdi duyğularım. Əvvəlki  çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə. 

Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin  orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa  girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu  bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan  xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə  bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə  üz-üzə qoymaqla gözəl həyat dərsi keçirdi  bizə. Bu da bir məsuliyyətdi.  Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gələ bilmirdik.  Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu. 

Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yazıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın.  Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran.

Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm  kimi.  Nə qədər  bacarıram, nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur. Özü də ömrünün 86-sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu "Dantenin yubileyi"-nə, " Gürcü familiyası"-na", "Təhminə və Zaur"-una, "Sizsiz"-inə, "Keçən ilin son gecəsi"-nə görə tanımışam. Bu tanışlığın içində dopdolu  sevgi və şükranlıq var.  

Təbrik edirəm. Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)