“Ömrüm qara qələmdi” - SAQİF QARATORPAĞIN ƏN YENİ ŞEİRLƏRİ Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalı ƏN YENİ ŞEİRLƏR rubrikasında bu gün sizlərə istedadlı şair Saqif Qaratorpağın 2 şeirini təqdim edir. 

 

Sən elə şeirsən ki, ha yazsam da bitməzsən!

Ömrümün sonunacan havalı dolanaram.

Su deyib inildəyən bir çiçəkdən ötəri

Içimdən qırılaram, gözümdən bulanaram.

 

Damla-damla süzülüb, deşib daşı gələrəm,

Bir dəfə pıçıldayıb qırıq-qırıq “gəl”-desən.

Vecimə də almaram qışı, qarı, ayazı;

Qönçələnib gülərəm bircə yol gülümsəsən.

 

Misra-misra boy verər xəyalımda surətin,

Rəsmini gecə çəkib ürəyimdən asaram.

Dan yeritək qızaran gözlərimdə doğarsan,

Alın yazısı kimi hər gün səni yazaram...

 

Bilirsənmi, bənövşəm, ömrüm qara qələmdi,

Nə yaxşı sən çıxmısan qismətinə, bəxtinə.

Götürüb bircə söz yaz könlümün varağına,

Üşüyürəm... isinim əlinin istisinə.

 

*

Bu gün də səssizcə ötdü,

Məni axtaran olmadı.

Itdim adamlar içində,

Halımı soran olmadı.

 

Öz oduma gizli yandım,

Bir gələn yoxdu tüstümə.

Gedirəm, boz papağımı

Basıb gözümün üstünə.

 

Bu ömür harda qırılar?

Mən də bir yetim qarışqa.

Gecədi... qapım döyülür...

Kim ola ölümdən başqa.

 

Şükür olsun sənə, Tanrım!

Məni də saldın yadına.

Nə olar, bir az dözüm ver,

Məni sevən o qadına...

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)