“Aldatmaq da varmış, atmaq da varmış...” - Şamil Ənvəroğlunun şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyat və incəsənət” portalının sizlərin Şamil Ənvəroğlunun şeirləri ilə tanışlığınızı davam etdirir.

 

 

Darıxmıram ki,

ürəyimi ləçək-ləçək qoparıram,

bu həyat bizə də nə vaxtsa

"güləcək, gülməyəcək" deyə... 

 

Üzülmürəm ki,

özümdən nağıllar uydurub sonunda düşəcək o üç almanı gözləyirəm,

"düşəcək, düşməyəcək" deyə... 

 

İncimirəm ki,

qəlbimin sınan yerlərini ümidlərimlə yamayıram,

"bitişəcək, bitişməyəcək" deyə... 

 

Ağlamıram ki,

gözümdən meyvəsini dərirəm qəlbimdəki dərd ağacının ve səssizcə gözləyirəm yenə də,

"bitəcək, bitməyəcək" deyə... 

 

Yaşamıram ki,

arzularımı toplayıram, çıxıram,

günlərimi vururam, bölürəm,

yerdə nəsə

"qalacaq, qalmayacaq" deyə... 

 

Ölmürəm ki,

nəfəs-nəfəs tükənsəm də,

gündə yüz yol büdrəsəm də,

günəşimə boylanıram,

"doğacaq, doğmayacaq" deyə... 

 

 

***

 

Qurban olum, darıxma,

sabahı bilmək olmaz.

Bax, çoxunun arzusu

bu gün çin olur axı...

Sən həyatı bu qədər

asan sanma, əzizim.

Yoxuşları çıxanın

Büdrəməyi var axı...

 

Kimdir o xoşbəxt adam?

Xoşbəxt yoxdur dünyada!

Üzdə gülənlər ki var,

Nə çəkirlər arxada.

Hələ şəkillərə bax,

boyalı üzə baxma,

kədərli gözlərə bax.

 

Sirli ağrılar yatır,

o güləyən qadında

Sən də elə bilirsən,

Ağrı nədir, bilmir o?

İnan ki, üzü gülür.

Unudub sevinməyi,

Heç ürəkdən gülmür o...

 

Daş deyilik gözlyək,

Kimsə qaldıra yerdən,

Ağac ki sayılmırıq,

bağban su verə hərdən,

Axı, heyvan deyilik,

Sahibimiz yem verə.

 

Olanlara baxma sən,

Nə qədər çətin olsa,

Yenə qalaq ayaqda,

Yenə qaçaq hər işə,

Qoruyaq özümüzü,

İNSAN qalaq həmişə...

 

 

***

 

Ha böyüt ruhunda bir gül fidanı,

ha gözlə gülünü, açmırsa, açmır.

ha bəslə qanadı sınıq arzunu,

ha qaldır baş üstə, uçmursa, uçmur... 

 

ha qov nankorları, getsin yanından,

ha qaç taleyindən – ömür "payından",

ha tut əllərindən, çox sev canından,

ha istə Tanrıdan, olmursa, olmur... 

 

ha qayna bulaqtək, axsın sözlərin,

ha gizlət içini, gülsün gözlərin,

ha qoru, dəyməsin yerə dizlərin,

ha ağla, boşluqlar dolmursa, dolmur... 

 

ha çalış arzular sağ olsun deyə,

ha vuruş pisliklər yox olsun deyə,

ha istə yaxşılar çox olsun deyə,

ha səslə ağ günü, gəlmirsə, gəlmir... 

 

ha soruş, bu dərdlər nəydi, İlahi?

niyə dərd qəddimi əydi, İlahi?

kimlər qarğış etdi, söydü, İlahi?

ha tök göz yaşını, sönmürsə, sönmür... 

 

ha sev birini də, nəfəs say onu,

ha eylə günəşə, aya tay onu,

ha say həyatına şirin pay onu,

ha et hər bir kəsin, sevmirsə, sevmir... 

 

ha de, "ümidim var, yaxşı olacaq",

ha de "xoş günlərdən bizə çatacaq",

ha de "bu zülmətə günəş doğacaq",

ha gözlə günəşi, doğmursa, doğmur... 

 

ha deyin "bir daha sevməyəcəm mən",

ha söylə "kimsəyə gülməyəcəm mən",

ha and iç "güvən nə, bilməyəcəm mən",

ha tükən, son ümid ölmürsə, ölmür...

 

 

***

 

Sevgi də tanıyır öz yuvasını,

sahibi olduğu ürək başqadır.

"Sevirəm, sevirəm" bağırmaq başqa,

səssizcə dərindən sevmək başqadır. 

 

Gen gündə yanında "varam" bir ayrı,

"Hələ ölməmişəm, sağam", bir ayrı,

"Arxanda yıxılmaz dağam", bir ayrı,

Dar gündə yanında olmaq başqadır. 

 

Özünü çoxbilmiş bilmək çox asan,

Hamıdan ağıllı saymaq çox asan,

"Səni anlayıram" – demək çox asan,

O isə qəlbini duymaq başqadır. 

 

Ayaqdan yapışıb dartmaq da varmış,

Şərəfi, qeyrəti satmaq da varmış,

Aldatmaq da varmış, atmaq da varmış,

Bir də İNSAN kimi qalmaq başqadır. 

 

"Bu həyat gözəldir" – deməyə nə var,

Təkcə şəkillərdə gülməyə nə var,

Şirin xəyalları qurmağa nə var,

Ömrünü YAŞAYA bilmək başqadır...

 

 

***

 

Gəl bir ömrü paylaşaq,

yarı bölək səninlə,

Gəl bir daha doğulaq,

bir gün görək səninlə.

Gəl həyatı, dünyanı birgə sevək səninlə,

ay mənim həyatımın anlamı,

çiçək QADIN,

Gəl bu ömrə bir xoşbəxt eşq tablosu çək, QADIN. 

 

Havasız günlərində sənə nəfəs olaram,

darıxan günün olsa,

ovudan səs olaram,

təkcə sevdiyin deyil,

sənə HƏR KƏS olaram,

ay mənim zülmətimə Günəştək doğan QADIN,

bu ruha, bu bədənə hər an eşq yağan QADIN. 

 

Bəyaz gəlinliyinlə bəyaz günlər gətir sən,

o ruhunla dünyama sevgi saçan ətirsən,

hər yazımda boy atan ümid dolu sətirsən,

ay ümidli sabahım,

ay aydın səmam, QADIN,

zamanımı donduran ayrıca dünyam QADIN. 

 

Neçə gözəl əsərdə sevgi dolu SÖZ olaq,

hər yorğun günümüzdə baş qoyulan DİZ olaq,

bütöv bir ruha dönək,

"sən","mən" deyil,

BİZ olaq,

ay yaralı qəlbimə şəfa olanım, QADIN,

təpədən dırnağadək mənə dolanım, QADIN. 

 

Bir qadın nə istəyər?

SEVGİ,

SAYĞI,

ANLAYIŞ...

Anlamı nə həyatın?

gəl onu məndən soruş,

kəlmələr əsas deyil,

NİYYƏTƏ bax, bil, danış,

gözləyirəm yolunu,

gəlirsən haçan, QADIN?

Bir görəm yanımdasan,

boyuna qurban, QADIN.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)