“Bir kimsəsiz uşaq qalıb içimdə...” - Xəyalə Sevilin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xəyalə Sevilin şeirlərini təqdim etməkdədir.

 

 

SƏNİ HARDA BAŞLADIM?

 

Səni harda başladım?

Harda bitirdim səni?

Çıxdım ürəyimin qapısınacan,

Ötürdüm səni.

Yolun yaxın olmasın.

Nə doğmamsan, nə yadım,

Əllərini üz, dedin,

Ümidini kəs, dedin,

Kəsdim,

Yeddi qapıya payladım.

Azın, çoxun qalmasın.

Ruh deyilsən, can deyilsən,

Həvəssən, bədəndən çıxdın.

Elə də sevmədim səni.

Ürəyimin zirvəsinə

Hərdən çıxdın...

Eh! Mənim də gizli-gizli

Darıxmağım olmasın.

 

 

SÜKUT EYLƏDİM

 

Nə çox söz var deyiləsi...
Dinmədim, sükut eylədim.
Sən məni işğal etmədin,
Mən özüm süqut eylədim.

 

Sən ki yanlışdın əlimə...
Necə qovuşdun əlimə?
Səni danışdım əlimə,
Beləcə qunut eylədim.

 

Adın uca səsdən düşdü,
Ah çəkdim, nəfəsdən düşdün.
Ürəyimə qəsdən düşdün,
Sonra da "unut" eylədin...

 

 

ÜZÜ SƏNƏ DAYANMIŞAM, İLAHİ…

 

Üzü sənə dayanmışam, İlahi,

Əllərini ver, tutum...

Bu təklik də ürəyimdə

Adam kimi yer tutur.

Mən hər gecə yastığıma

Dağıtdığım

Fikrim, qayğım nə varsa,

Gözlərimə toplayıram.

Baxışlarım çaparsa,

Tanrı duyar,

Tanrı alar məktubumu...

Yanağıma dalğa dəyir,

İçim dəniz.

Yıxılmışam, İlahi,

Elə bilmə,

Mən dincimi alıram...

Ən uzaq, ən gözəl xatirələrdən

Sevincimi alıram.

 

 

ÖZÜMLƏ SÖHBƏT...

 

– Gedən gedib, ümidini kəs.

– Necə?

Sevgi deyil, həsrət deyil, ağrıdı.

– Yaradı də, ağrıdacaq, bəs necə?!

– Göz yaşımı yanağıma

Sərib qurutmuşam daha.

Gördün? Yaş deyiləm ki.

Amma hərdən düşür yada,

Göynəyir adamın içi,

Baxma, daş deyiləm ki.

– Təzədi, yaran təzədi...

Boşalt, ürəyini boşalt,

Elə bil ki, kuzədi.

– Yolları kim çəkir belə

Ayağımın altından?

Dururam, gedə bilmirəm.

Bir az başımı qataram,

Yaşayaram, nə var ki.

Bir kimsəsiz uşaq qalıb içimdə,

Onu kiridə bilmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)