“Yeriyə, yüyürə, yıxıla gərək...” - VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalında tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlığınız bu gün yekunlaşır. Üç gün ərzində sizlərə şairin 20-yə yaxın şeiri təqdim edildi. Əminik ki, onları bəyəndiniz.                   

 

 

GƏRƏK

 

İnsan...

         anlamaqçın varı-yoxunu

çevrəsindən duman dağıla gərək.

Qovub gözündəki körpə yuxunu,

başını qoşmaya nağıla gərək.

 

İnsan...

         ödün udub dinməsin deyə,

Şeytan faytonuna minməsin deyə,

Qəssab kötüyünə enməsin deyə,

südü qurusa da, sağıla gərək.

 

İnsan...

         istəyirsə mənzilə çata –

tükdən dırnağacan bata həyata,

saman çöpünə də qol-qanad ata,

yeriyə,

         yüyürə,

                   yıxıla gərək.

 

İnsan...

         doğru yolu azsa uşaqlar,

əbədi nurunu qoruyub saxlar...

qəfil öləzisə çöldə işıqlar,

içdən işıq düşə ağıla gərək!

 

 

TƏKQAFİYƏ

 

Sərvət yol eləyir, dalanda gəlir,

Ehtiyac gözünü dələndə gəlir.

Gəlməyəndə gəlmir,

“gəl, gəl” desən də,

Lap gəlmə desən də,

                   gələndə... gəlir.

 

Bal – zəhər

         dünyaya bir təndə gəlir,

Dad çəkir...

         bilməyən, bilən də gəlir.

Dərddən ağlayanda tökülür zəhər,

şirin göz yaşları güləndə gəlir.

 

Fərqi yox, qürbətdə, vətəndə gəlir,

Bərəkət muxtardı, hər dəndə gəlir.

Əlində nə iş var, tamama yetir,

bütün mükafatlar öləndə gəlir.

 

 

İNTİHAR

 

Əlimdən sürüşür ətək –

Allah, suçumu unut!

Qanadının altına çək,

Məni

         məndən aralı tut!

 

Yalansa əyilsin çənəm-

Milyon ildi ölüb nənəm.

Allah, mənəm məni doğan,

Məni öldürən də mənəm!

 

 

HƏQİQİ QAFİYƏ

 

Dilə gələnlər torta,  yağdı dərində qalan.

Üz suyudu günorta,  ağdı dərində qalan.

 

Nə cəfa var, hədərdi, ömrü ömür qədərdi...

Bağban gəldi-gedərdi;  bağdı dərində qalan.

 

Dəni sünbül öldürür, arını gül öldürür,

Yüngülü yel öldürür, sağdı dərində qalan.

 

Bostan – dünya görüntü; yarpaqlara büründü,

Qarpız-yemiş çürüntü, tağdı dərində qalan.

 

Balta batmaz təmələ – cəllad cəhlə çömələr!

Boyun əyməz hər yelə; şaxdı dərində qalan.

 

Cəhənnəm odu çıxıb, dibindən cadu çıxıb,

Dərənin adı çıxıb, dağdı dərində qalan.

 

Ovucda göz yaşları suvarır qardaşları...

Üzdədi başdaşları... ahdı dərində qalan!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)