MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Çayı içə-içə bir qədər kəşfiyyat aparmağı, bu evdə sözü keçən ağsaqqalın kimliyini müəyyən etməyi, əvvəlcə vəziyyəti onunla müzakirə etməyi düşünürdük. Bundan sonra əgər hər şey düşündüyümüz kimi gedərsə, onun vasitəsilə heç kimə hiss elətdirmədən Səyyarə arvadla təklikdə söhbət edəcəkdik. Söhbətimizdə başqa bir adamın iştirak etməməsi şərt idi. Yavaş-yavaş hər şeyi buna gətirməli idik. Vəziyyətin ciddiliyini nəzərə alaraq buradan heç bir halda istədiyimizi öyrənmədən getməyəcəyimiz aydın idi. Son nəticədə polkovnik Mahir Vəliyevin təqdim edəcəyi xidməti vəsiqənin onsuz da hər şeyi həll edəcəyini bilirdik. Sadəcə faciə baş vermiş bir ailədə insanların hisslərinə hörmətlə yanaşmaq borcumuz idi və bu səbəbdən hər şeyi sakitcə, incəliklə həll etməyə çalışırdıq.

Çayıma bir qurtum vurub masanın başında, molla ilə yanaşı oturmuş yaşlı adamı hiss elətdirmədən süzdüm. Bu bizə lazım olan adam deyildi. Yaşlı adam ona başsağlığı verənlərə tez-tez başını tərpətməklə və çox canfəşanlıq etməklə, bəzən isə, hətta bir qədər yerindən qalxmaqla cavab verirdi. Bir sözlə, yaşına görə yuxarı başda otursa da, onda əsil ağsaqqallara xas xüsusiyyətlər, sanbal yox idi. Yavaş-yavaş digər məclis üzvlərini nəzərdən keçirməyə başladım. Mahir də çay içə-içə öz müşahidələrini aparırdı.

Bir azdan həyətə girib yoğun səslə hamı ilə salamlaşan təxminən altmış yaşlı kişini görən məclisdəkilərin az qala yarısı ayağa qalxdı. Əli ilə onlara oturmaq işarəsi verən kişi keçib orta yerlərdən birinə oturub üzünü mollaya tutub dedi:

-Bir neçə mərasim evinə dəydim. Vəziyyətlə bağlı mərasim evləri məclis keçirməyi dayandırıblar. Ona görə də üç mərasimini sabah elə burda, həyətdə keçirəcəyik.

Molla onun dediklərini dinləyib başını razılıqla yellədi və dedi:

-Bəli, hamımız vəziyyəti başa düşməliyik. Allah mərhuma rəhmət eləsin, xalqımıza da, indi düşmənlə üz-üzə dayanmış əsgərlərimizə də kömək olsun. Allah səndən də razı olsun, ay Mehdi.

Məclisdəkilər «Amin» deyib razılıqla başlarını yellədilər.

Qərarını elan edən, amiranə görkəmli, yoğun səsli Mehdinin ailənin ən məhrəm və sözü keçən üzvü olduğuna şübhə qalmırdı. Hiss elətdirmədən Mahirə baxdım. Artıq hərəkətə keçməyin vaxtı idi. Mollanın işarəmizlə verdiyi fatihəni bitirməsini gözləyib ayağa qalxdıq. Bizə çay gətirən oğlanın qulağına Mehdiyə təklikdə sözümüz olduğunu deyib, onu küçəyə çağırmasını tapşırıb həyətdən çıxdıq.

Az sonra küçəyə çıxan Mehdi bir qədər aralıda dayandığımızı görüb bizə yaxınlaşdı.

-Uşaq dedi mənimlə işiniz var. Buyurun, nə qulluğunuz?

Növbə ilə əlimizi uzadıb onun əlini sıxdıq və bir daha başsağlığı verdik. Bu hərəkətimiz istər-istəməz yaranmış gərginliyi bir qədər azaltsa da, Mehdinin ardınca küçəyə çıxıb bir qədər aralıda dayanmış bir neçə qolu zorba kişinin altdan-altdan bizə baxdıqları gözümüzdən qaçmadı. Vəziyyəti nəzarətdən çıxmağa qoymaq olmazdı. Ona görə də Mahir məsələni çox uzatmadan üzünü Mehdiyə tutub sakit səslə dedi:

-Qardaşlara de, narahat olmağa bir səbəb yoxdur. Biz dövlət adamıyıq, Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq və çox vacib bir məsələ ilə bağlı sizdən bir xahiş edəcəyik.

-Dövlətə canımız qurbandır. Nə köməyim dəyə bilərsə, mən hazır.

Bunu deyən Mehdi əli ilə aralıda gözləyən kişilərə hər şeyin qaydasında olduğunu bildirən işarə verdi. Bir-biri ilə baxışan kişilər növbə ilə həyətə qayıtdılar. Küçədə üçümüz qaldıq. İndi əsas məsələyə keçməyin vaxtı idi. Seçimi düz etmişdik və qarşımızdakı adamın bizi başa düşəcəyinə əmin idik. Yenə də söhbətə Mahir davam etdi:

-Mehdi müəllim, ümidvaram bizi başa düşəcəksiniz. Gəlişimizin səbəbini sizə tam açıqlaya bilməyəcəyik, məsələ belədir ki, biz təcili mərhumun anası Səyyarə xanımla söhbət etməliyik.

Mehdi döyüküb üzümüzə baxdı. Onun bu reaksiyası anlaşılan idi.

-Başa düşmədim. Necə yəni Səyyarə xanımla. Yaşlı bir arvadla sizin nə söhbətiniz ola bilər?

Onun bir qədər əsəbləşdiyi hiss olundu. Söhbətə müdaxilə etməyimin vaxtı idi.

-Qardaş, biz buraya gəlməz, Səyyarə xanımı Nazirliyə dəvət edər və orada onunla söhbət edə bilərdik. Ancaq gəlişimizlə həm ağbirçək anaya, həm ağsaqqal kimi sizə və sizin simanızda bu nəslin kişilərinə olan ehtiramımızı ortaya qoyduq. Eyni ehtiramı və anlayışı da sizdən gözləyirik.

Dediyim sözlərlə həmsöhbətimizin gözlərində yaranmağa başlayan qığılcımlar bir anda yox oldu və o, əlini çənəsinə uzadıb sakit səslə soruşdu:

-Mən məsələnin nə olduğunu bilə bilərəm?

-Xeyir. Hətta o söhbətdə iştirak da edə bilməzsiniz.

Mehdi bir qədər də çənəsini ovuşdurub dedi:

-Yaxşı. Gözləyin, indi gəlirəm.

Onun gedib-qayıtması on dəqiqəyədək çəkdi. Başsağlığına gəlmiş qadınlarla dolu olan evin bir otağını boşaldıb gəlmişdi. Bizi ayrıca girişi olan o otağa qədər ötürüb özü qapıda qaldı. Səyyarə arvad otağın ortasında, ayaq üstə dayanıb gözləyirdi. Qapını arxamızca örtüb salamlaşdıq. Soyuq şəkildə salamımızı alan ağbirçək qadının gözlərindəki təlaş nəzərimdən yayınmadı. Söhbətə birinci mən başladım.

-Allah Tərxana rəhmət eləsin.

-Mənim oğlumun adı Sərxan idi,-Səyyarə arvad sərt səslə cavab verdi.

Bu qadınla danışmaq asan olmayacaqdı. Ancaq dediyim kimi, bunun yollarını biz gözəl bilirdik və onu açıq danışmağa vadar edəcəkdik. Ona görə də davam etdim.

-Səyyarə xanım, siz dünyagörmüş bir qadınsız. Oğlunuzun ölüm işi ilə rayon polis idarəsinin əməkdaşları məşğul olur. Biz Nazirliyin Baş Cinayət Axtarışı İdarəsini təmsil edirik. Əgər buraya qədər gəlmişiksə və ölənin Tərxan olduğunu deyiriksə, deməli hər şeyi bilirik. Sizdən tələb olunan sadəcə səmimi olmağınız və bildiklərinizi bizə danışmağınızdır.

-Mən sözümü dedim. Çıxın gedin.

Səyyarə arvad bir qədər səsini qaldırdı. Dönüb Mahirə baxdım. Həlledici gedişi etməyin vaxtı idi. Bayaqdan susan Mahir Səyyarə arvada tərəf baxmadan əlini çiynimə toxundurub bir qədər asta səslə dedi:

-Gedək qardaş. Daha başqa çarə yoxdur. Anamız bizə başqa çıxış yolu qoymadı. Sabah səhər qəbiri açıb meyiti yenidən müayinə etməli olacayıq.

Bu sözlərdən sonra birlikdə qapıya tərəf getdik. Bir addım… İki addım… Səyyarə arvad susurdu. Daha iki addım atıb qapıya çatdıq. Əlimi qapının dəstəyinə uzadanda qəfildən arxamızdan gələn səsə çevrildik.

-Dayanın.

Bayaqdan amiranə şəkildə ayaq üstə dayanmış Səyyarə arvad yaxınlığındakı stula çökdü. Sonra asta səslə dedi:

-Dayanın. Qəbri açmaq lazım deyil. Oğlumun ruhunu narahat etməyin. Hər şeyi danışacam. Ancaq söz verin ki, deyəcəklərim bu otaqdan kənara çıxmayacaq.

-Buna əmin ola bilərsiniz-Mahir ağbirçək ananı sakitləşdirdi. İki stul götürüb onun qarşısında əyləşdik. Səyyarə arvad sanki bizə inanıb-inanmayacağını götür-qoy edərək bir qədər susdu. Sonra sözə başladı.

-Elə isə bu bədbəxt anaya qulaq asın. Yazıq əkizlərimdən heç birinin həyatı alınmadı. Atalarını da erkən itirdik. Sərxan nisbətən sakit təbiətli idi. Amma Tərxan məni çox incitdi. Dəfələrlə həbsxanaya düşüb gözümü yollarda qoydu. Ailəsi dağıldı. İl yarım əvvəl Sərxan qəfildən dünyasını dəyişdi. Heç baş aça bilmədik nə oldu, necə oldu. Dedilər ürək çatışmazlığıdır. Amma oğlumun ürəyində heç bir problem yox idi. Eləcə gecə yatıb səhər oyanmadı. Onda Tərxan hələ heç kimə xəbər verməməyi tapşırıb mənimlə ciddi söhbəti olduğunu dedi. Onu dinləyəndə dəhşətə gəldim, çox qorxdum. Düşmənli imiş. Kimlərsə onu öldürməyə qərar veribmişlər. Oğlum hamıya ölənin Tərxan olduğunu deyəcək, bundan sonra Sərxan kimi yaşamağa davam edəcəkdi. Bu yolla düşmənlərindən xilas olmaq istəyirdi. Onlar bir almanın yarısı kimi bir-birlərinə oxşayırdılar. Yalnız mən onları ayıra bilirdim. Bir oğlumun meyiti hələ soyumamışdı. İkinci oğlumu da itirməkdən çox qorxdum. Razılıq verdim. Sərxanı Tərxan kimi dəfn etdik. Mən nə etmişəmsə, oğlumu qorumaqçün etmişəm.

-Ana, biz sizi heç bir şeydə ittiham etmirik. Narahat olmayın. Amma suallarımız var ki, onlara dəqiq cavab verməyə çalışın. Bu bizim üçün çox vacibdir.

-Soruşun, nə bilirəmsə, deyəcəm.

Sualları Mahirin verəcəyini şərtləşmişdik.

-Zəhmət olmasa, deyin, son zamanlar Tərxanın ətrafında tez-tez gördüyünüz adamlar var idimi?

Səyyarə arvad fikrə getdi.

-Nə deyim, ay bala. Evə adam gətirməyi xoşlamırdı. Görüşdükləri olubdusa da, kənarda olub.

-Nə işlə məşğul olurdu, daimi iş yeri, bir qazanc yeri var idimi?

-Daimi yox, amma orda-burda nə iş tapdı yapışırdı, çörək pulunu çıxarırdı. Hə, yadıma düşdü. Axır vaxtlar bir nəfərlə iş görürdü. Onunla işləməyə başlayandan yaxşı pul qazanırdı.

-O adam kim idi?

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)