“Göydə bir ocaq qala, qızınmağa gəlirəm” - Fərqanə Səfərlinin şeirləri Featured

Rate this item
(4 votes)

“Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirlərini təqdim edir. Bu gün oxuculara gənc müəllifin 4 şeirini təqdim edəcəyik. 

 

 

BEŞ NÖMRƏLİ PALATA

 

Beş nömrəli palata:

Burda bir xəstə yatıb -

Canı möhkəm yansa da,

Ruhu rahatlıq tapıb...

Onun can otağında

Bir pəncərə, dörd divar

Gözləriylə ağ divara yazdığı

Qara sualları var...

"Ciyərim nə rəngdədi,

Qəlbimdə qan hardadı?

Beynimə gedən yolun

Qapıları burdadı?!"

Deyib sıxdı köksünü,

Həkimin gözlərində

Axtarırdı özünü...

...Gecə çox ağır keçdi,

Basıldı qara düymə.

Dərdindən o söylədi

Növbədəki həkimə...

Səhər beş dəqiqəlikdə

Verildi bu məlumat:

"Beşinci palatanı

Evə yazın tam rahat..."

Diaqnoz:

Ruh adamı,

Xəstəliyi sevgidi -

Onun yeri bura yox,

Sevdiyinin evidi.

 

 

ÖLÜM HAVASI

 

Evimdəki nəfəsliyin

Nəfəs qapısın açdım -

Tapmayanda çıxış yolu

Qəlbim acıdı,

Çölə qaçdım...

Darıxdım,

Bir anlıq özümü itirib

Uydum havanın rənginə,

Dumanı bəmbəyaz gördüm -

O arxaya çəkildikcə

Adamları taraz gördüm...

Boğulub yatdım qapıda,

Gələn-gedəni izlədim -

Havam anadan olandan

Ölüm havasın gözlədim.

 

 

DUA ÇƏRPƏLƏNGİ

 

Elə bil qızmar yayın

Nəfəsi də buzlaşıb.

Xəstələnən həkimtək

Həyat şəfasızlaşıb...

Apara bilmir quşlar

Dənin balalarına,

Soyuq qənim kəsilib

İsti yuvalarına...

Tanrım, özün görürsən

Dua çərpələngimi,

Yapışmışam ipindən

Onun ən nəhənginin.

 

 

 GƏLİRƏM

 

Yerin pis əməlindən

Üşüyürəm, İlahi -

Göydə bir ocaq qala,

Qızınmağa gəlirəm.

 

Çiynimdəki hörüklər

Mələklərə yol açıb -

Dəftərimi bilməkçün

Arınmağa gəlirəm.

 

Qaranlıq peşimandı,

Qardaş bilib işığı -

Kəfənin iç üzünə

Sarınmağa gəlirəm.

 

Biz uçmaq vərdişini

Doğuluşdan itirdik -

Bir kəpənək belində

Barınmağa gəlirəm.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)