BİRİ İKİSİNDƏ – Həcərin “Vəsiyyət” hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Həcərin “Vəsiyyət” hekayəsi təqdim edilir.

 

 

 

NƏSR

 

HƏCƏR                                                                                                

              

VƏSİYYƏT

 

          Şəhidlər xiyabanına çatanda bərk tövşüyürdü. Daha kirdarı qalmamışdı. Belini düz tuta bilmir, dikəltsə də, yenə əyilir, ayaqlarını sürüyə-sürüyə yeriyirdi. Pillələri qalxıb nəfəsini dərmək üçün bir az dayandı. Ağaclarda quşlar şövqlə oxuyurdu. Bu, onu lap kövrəltdi, dodaqaltı: “Yazıq balam”, – deyib yoluna davam etdi. Əvvəldən söz vermişdi,  səbirlə ağlayacaqdı. Buradan qayıdanda bir az yüngülləşsə də, hikkə ilə bərkdən ağlayanda heydən düşür, yeriməyə taqəti  qalmırdı. Qızları ilə gələndə bir qədər rahat olur, kimsəsizliyini unudurdu. Qıpqırmızı bayraqlarla, çələnglərlə, qərənfillərlə bəzədilmiş təzə qəbirlərin birinin yanında diz üstə çökdü. Sonra bir az dikələrək başdaşındakı şəklə üzünü söykəyib gözlərini yumdu. Soyuq daş ürəyinəcən axan bir sərinlik gətirdi. Gözünün yaşı yanaqları aşağı süzülür, saqqalından axıb yaxasına tökülürdü. Belə dayanmağa heyi olmadığı üçün yenə qəbrin üstünə çökdü. Qollarını açıb sanki kimisə qucaqlamaq, bağrına basmaq istədi. Arıq, skeleti çıxmış sinəsində çarpazladığı qollarının arası boş  qaldı. Bomboş... Havanı qucaqlamaq olmur. O tərəf-bu tərəfə baxıb kiminsə olub-olmadığını bilmək istədi. Hələ ki heç kim yox idi. Özünü saxlaya bilmədi, hönkürtü ilə içindən çıxan fəryad səsi az qala qulaqlarını batırdı.  Yerini rahatlayıb kürəyini başdaşının kənarına söykədi. İyirmi gündü ki,  gəlmirdi qəbir üstünə. Gələ bilmirdi. Həm üç avtobus dəyişmək, həm də uzaq yolu gəlmək... Ürəyi də sözünə baxmır, sinəsində ovuc içində çırpınan quş kimi pırıldayırdı. Bilirdi ki, ömrünün sonuna az qalıb, lap az... Nəfəsini dərib için-için sızıldadı, yenə ağladı. Lap körpəlikdən indiyəcən oğlunun bütün həyatı gözü önündən film kimi keçirdi. Birdən qışqırtı səsi eşidib yana döndü. Arada burda rastlaşdığı qadın idi. Oğlunun qəbri üstünə gəlmişdi. Uşaqları qonşu idi – qəbir  qonşusu. Heç vaxt danışmaz, baxışları ilə salamlaşar, hər kəs öz dərdinə ağlayıb gedərdi. İndi qadın da tək gəlmişdi. Bir az ağlaşıb sakitləşdilər.

          – A bacı, niyə təksən? Həmişə yanında adam olurdu axı.

          – Nə bilim. Gəlin tək qoymur, mənnən gəlirdi.  Cümə axşamını gözləyə bilmədim. Dözəmmədim... Dolmuşdum...

          – Allah rəhmət eləsin. Bizə yaman dağ qoyub getdilər sağ olmuşlar...

          Dediyi söz özünə də qəribə gəldi, yenə kövrəldi:

          – Sağ olmuşlar... Hanı sağ olmuşlar, hanı ?

          – Yaxşı, qardaş, dilimiz öyrəşib, sözdü daa,  deyirik... Anası yoxdu? Niyə tək gəlirsən həmişə?

          – Anası bəxtəvər bundan sonra yaşamadı. Getdi. Yazıq xəstəydi. Yataq xəstəsi. İflic. Neçə illərdi... Çox qulluq elədim, sağalmadı. Uşaqdan sonra onca gün yaşadı. Onca gün...

          – Allah rəhmət eləsin. Yenə qalsaydı,  dərd ortağı olardı. Tək çətin olar sənə.

          – Dinmirdi, danışmırdı. Dərd ortağılıq bir şey qalmamışdı bədbəxtdə. Sənin də, deyəsən, yoldaşın yoxdur, – deyib sonra üzrxahlıq etməyə başladı, – bağışla, bacı, namünasib söz dedim...

          – Namünasib niyə olur? Yoxdur. Çoxdan rəhmətə gedib. Rəhmətlik doxsan üçüncü ildə müharibədə həlak oldu. Bu uşağı, qardaşını nə zülmlə saxlayıb böyütmüşdüm.       

          – Allah rəhmət eləsin. Bir başa iki yumruq. Düşməni Allah yox eləsin. Camaatı  yaman günə qoydular. Hərə bir cür çəkir.

          Qadın dərindən ah çəkib:

          – Hə, çəkir, – deyib sonra, – haradansan? – deyə soruşdu.

          – Qarabağdanam.

          – Yenə bu günə şükür. Alındı.... Heç olmasa ürəyimizə bir az su səpildi. Bildik, uşaqlarımız havayı ölmədi. Bunların qeyrətinə qurban olum. Böyük  təskinlikdir. Millət bunlarla fəxr eləyir,  qarşılarında baş əyir.

         Danışdıqları müddətdə kişi bir dəfə də başını qaldırıb qadının  üzünə baxmamışdı. İndi gözlərini qıyıb ani nəzər saldı,  yerə baxaraq köksünü ötürüb:

O tərəfi də var. Yaxşıdır. Ancaq mən balamı istiyirəm. Dözə bilmirəm. Ürəyim göynüyür. Kürəyim alışır. Tək oğlumdu. Kəllədə bir göz. Bütün ümidimiz ona idi. Bu da belə. Bizimki yaman pis gətirdi, – dedi, – yoxsulluq, çətinlik.... Təzə-təzə gün görmək istəyirdik ki, davanı başladılar lənətliklər. Çıxıb gəldik bura. Yer yox, yurd yox, pul yox. Üç uşaq, bir də ikimiz... Köhnə, uçuq-sökük  yataqxanada güclə bir otaq tapdıq. Sığındıq ora. Nə zülmlə qızlarımı, bu uşağı saxladım.  Arvadın da bir simsarı yoxdu. O yazıq tamam yetim idi. Bibisi saxlayıb böyütmüşdü. Əsgərliyə gedəndə sözünü, razılığını alıb getdim. Gəlib evləndim.  Xasiyyətim pis idi. Yazığa gün vermirdim. Cırtdqoz adam necə olar?  Sözümü çevirə bilməzdi. Döyürdüm. Elə bil Allah məni qarğımışdı. O qədər xətrini istiyirdim, ancaq içən kimi hirs-hikkəmi onun üstünə tökürdüm. O yazıqdan nəyin hayıfını çıxırdım, özüm də bilmirdim. Adımı Dəli Tahar qoymuşdu.  Gözümdən iraq vaxtı deyirdi. Hərdən qulağm çalırdı.  Üzbəsurat deyəmməzdi.  Bura gələndən sonra elə bil qollarım düşdü yanıma. Yazığım gəlirdi. Yataqxanada yaşamaq zülümdü... Bir otaq... Bakının istisi. Yoxsulluq... İrəlilər hökümətin verdiyi çörək pulu gündəlik çörəyə ancaq çatırdı. Birtəhər böyüdülər. Qızları verdim ərə. Öz qohumumuzdu ikisi də. Yeznələri deyirəm. Hə, baxırlar arvad-uşaqlarına.  Ancaq uşaqları zəifdi. Hörümçəkdən can umurlar. Dünyaya düşəndən iynə-dərmandadırlar. Həkimlər deyir, qohumluqdandı.  Nə bilim, əşşi, qavaxlar da çox adam qohumla evlənirdi. Bə o vaxt uşaqlar niyə xəstə olmurdu?  Mən öz dərdimi – arvadın xəstə olmağını deyirəm – ancaq çəkirdim, qızlarınkı da bir tərəfdən. Nəvənin xəstə olmağı yamandır. Arvad iflic olandan sonra bir adamı yaxına qoymadım. Dedim, uzaq durun, hər qulluğunu özüm eliyəcəm. Hər səhər duran kimi üzünü yudum, saçını daradım, yeməyini yedirtdim. Bir dəfə də olsun, hamamını gecikdirmədim.  “Obşi” hamam idi. Yataqxananı bilirsiz dəə. Qucağıma alıb aparır, yerə adyal sərib üstündə çimizdirirdim.  Günahlarımı yudum. Dedim, bəlkə, Allah maa cəza verdi onu döydüyümə görə. Ancaq sonra fikirləşdim ki, maa cəza verirdi,  özümü eliyəydi xəstə, bu yazığın nə günahı vardı ki? Camaat yaman hörmət eliyirdi. Deyirdilər, savabını, o dünyanı qazanmısan. Taa bilmirdilər ki, ona qulluq elədikcə ürəyim sakitləşir, günahlarımı yuyuram. Dinib danışmırdı. Amma bilirdim ki, şüuru var. Bir az var. Bu uşağı görəndə gözündə ayrı cür baxış əmələ gəlirdi. Dəyişirdi yazıq. Sifəti açılırdı. Uşaq ayrı cür uşağıydı. Təpərli. Qoçaq. Oxumadı, ancaq əsgərlikdən gələndən sonra qatır kimi işlədi. Biləyində fır əmələ gəlmişdi. Pul yığdı, şəhərdən kənar, uzaq yerdə torpaq aldı. Köməkləşdik, ikicə otaq tikə bildi. Yaman söyünürdü dədəsi ölmüş. Deyirdi, dədə,  o yataqxanadan, camaatla bir ubornuya getməkdən,  eyni hamamda çimməkdən canımız qurtaracaq. Təzəcə  yığışmışdıq o evə. İstəklisi də varıydı. Yaşı keçirdi. Elə bu arada toy eləmək istəyirdim. Dedim, gəlin gələr, evin qalanını da yavaş-yavaş tikərik. Çox söyünürdüm, çox. Həm də qorxurdum elə bil. Ürəyimə dammışdı ki, bizə söyünmək düşmür.  Elə də oldu. Allaha neyləmişdik axı? Nə namarddığ eləmişdik? Qaldım o evdə bayquş kimi tək.

          Qadın yaylığının altından çıxan ağ saçlarını səliqəyə salıb qəbrin üstündə yerini dəyişərək rahatladı. Sonra:

– Qardaş, – dedi, – Allah səbir versin sənə. Hansımız asan saxladıq ki balalarımızı? Mənimki o vaxt getdi, həlak oldu.  Məndən on yaş böyük idi, qırx yaşı vardı yazığın.  Nə çətinliklə burada özümüzə yurd-yuva qurmuşduq. Yuxu kimi gəlir. Nə zillətlər çəkdim. Gəlin xeylağı, ər yox. Yeyin yeriyirsən,  deyirlər, dəlidir. Yavaş yeriyirsən, deyirlər, ölüdür. Qohum-qardaş da yaxın durmur. Əvvəl əl tuturdular arada. Sonra onlar da bezikdi.  Hərdən hökümət adamları gəlirdi. Veriliş üçün çəkirdilər. Yardım-zad da olurdu. Amma o paylar qarın doyurmur ee...  Bir dəfə bir qohum kişinin sənədlərini istədi ki, sizə yardım yazdıracam.  Sonra gəldi ki, mümkün olmadı. Xeyli keçmişdi üstündən. Eşitdim ki, adımıza neçə yerdə yardım yazdırıb, özü alır. Özünün də neçə yerdə dükanı, vəzifədə oğlanları vardı. Məlumat verdim həmin yerlərə. Mənimlə düşmən oldu. Kitabxanada işləyirdim. Ayda beş-altı "şirvan" maaş alırdım. Onunla yaşamaq olardı? İşdən çıxdım. Bir qohumun restoranında qab yudum.  Hər axşam evə yemək gətirirdim. Uşaqlar sevinirdilər. Hərdən  yeməyin içindən dişlənmiş ət tikələri çıxırdı. Dəli olurdum...

         Sonra dedilər,  şəhid ailələrinə dükan açmaq asandır. Kişinin şəhidlik sənədlərini təqdim elədim. Nə zillətlə balaca bir dükan açdım. Uşaqlar da kömək eləyirdi. Bir az tükümüz duruldu. Oxumuşdu bu balam. İnistut bitirmişdi. İşləyirdi. Ürəyim dağa dönürdü. Şükür eliyirdim ki, balalarım yekəldi. İşləyirlər, əziyyətdən qurtardım. Daha rahat olaram. Hardaa?.. Əşşi, nə isə... Dərdimi təzələdin... Dava başlayanda, düzü, ana ürəyidir, qorxurdum, dedim, sənin iki balan var, bala, getmə. Dədən getdi, həlak oldu, yetimliyin nə demək olduğunu bilirsən. Barı balaların yetim böyüməsin. Dedi, ana, bu günü nə vaxtdı, gözləyirdim. Gedəcəm. Qabağıma durma.  Varlıların, vəzifəlilərin uşaqları onsuz da getməyəcək. Torpağı kim alsın? Namus-qeyrət  işidir. Həm də atamın intiqamını alacam. Getməliyəm. Getdi. İyirmicə gün çəkdi... İyirmi gün... Həlak oldu...  İnnən belə nə yaşamaq?  İki körpə uşağı var. Onlardan ötrü gərək çabalayam .   

          Kişi arada bir öskürür, nəfəs aldıqca xışıldayan sinəsini arıtlayırdı.

          – Hə, bacı, sənin də heç günün gün olmayıb. Bizimki arada kəndi soruşardı. Evimizi, həyəti, qohum-qonşuları soruşardı. Çox şey yadında deyildi. Bura gələndə bir qırıq uşaq idi axı. Bu, qızlardan sonra doğulub. Müharibə başlayanda  uşaq  tamam dəyişdi. Dünyanı unutdu. Ayaqları yerə dəymirdi. Sümüyü oynağa gedirdi savaşmaqdan ötrü.  Davada  gedib o yerləri gördü. Kəndi, evimizi tapdı. Yaman fərəhlənirdi. Deyirdi, dədə, köçüb gələrik bura. Nə gözəl ellərimiz varmış. Buranın qışı belədir, gör yazı, yayı  necə olacaq. Heyvan, toyuq-cücə saxlayarıq. Anama da təmiz havanın xeyri dəyər. Arının dilini yaxşı bilirsən, öyrədərsən, arı saxlayaram. Burda olan kasıb olmaz.  Eeh, yazıq balam...  Fikirləşirdim, götür-qoy eləyirdim. O vaxtları dədəm xəstə idi. Cavan vaxtı burda – Bakıda işləyirmiş. Vallah, rayon yerində camaata şərait, yaşayış imkanı yaratsalar, heç kəs yurdunu buraxıb şəhərə gəlməzdi. Yazıq kişinin ayağının biri dəzgaha düşüb kəsilmişdi. Qayıdıb kənddə evlənir, orada təsərrüfatla məşğul olur. Anam çox qoçaq, işgüzar idi. Yadıma gəlir, meşələrdən zoğal toplayıb axtalayar, alça yığıb lavaşa qurudar,  pendir, şor tutardı.  Maşın yolu yox idi. Belimizə şəllənib piyada qonşu kəndə,  ordan da yük maşını ilə Şuşaya – bazara satmağa aparardıq.  Həmin gün evdə bayram olardı. Sonra yazıq arvadın canı xəstə düşdü.  Ağır işlərdən oldu...

          Kişi söhbətiniə ara verdi. Köhnə gödəkçəsinin cibindən canavar başlı  bir qəlyan çıxarıb:

          – Bunu çəkəndə qanıq verir. Siqaretlərdə dad-tam qalmayıb, – dedi. Qəlyanını odlayıb dərindən sümürdü. Qatıtüstünü ciyərlərinə çəkdi. Elə bil ürəyinin yanğısını – odu odla söndürmək istəyirdi. Ağzından, burnundan çıxan qalın tüstü dumanı içindəki yanıqlı ahı da özü ilə birgə çəkib çıxardı. Yaşarmış gözlərini qıyıb:

          – Oralarda katorqadakı  kimi işləməsən, dolanmaq  olmurdu. Əsgərliyə gedəndə dedim, qayıdıb hər işi qaydasına salacam. Gedəndə dədəmin qapısında bir sürü heyvan qoyub getmişdim. Gəldim ki, təsərrüfat  tamam dağılıb, cəmi  altı keçi qalıb.  Çoxunun da əmcəyi, bədəni qırma ilə dolu, düyün bağlıyıb. Qoyunları orda-burda girəvəyə salıb tutub aparmışdılar. Keçi əl vermir axı.  A kişinin qızı,  keçiləri ov heyvanı kimi ovlamışdılar. Onu da düşman  eləməmişdi ki. Öz kəndçilərimiz – özümüzünkülər eləmişdi. Haram yeməyi Allah qəbul eləmir. Haram pis şeydir. Təhəri var. Elə bil dünyam qaraldı.  Məni yaman pisikdirdilər. İstədim,  qayıdam  Bakıya,  ya Rusetə.  Ancaq dədəm qoymadı. Dedi, dağ adamınınkı elə dağdır, bala. Dağ adamı aranda,  şəhərdə ya axtalanmış öküzə,  ya da qırmızı görmüş buğaya dönür.  Yəni normal adam olmur.  Ağlıma batdı. Həm də dədəmə yazığım gəldi. Qaldım. Təzə-təzə özümüzü düzəldirdik ki, qaçqınçılıq başladı. İndi də ki belə...  – dedi.

          Qəlyanını ikinci dəfə sümürəndə sanki öz-özünə:

          – Arvad  otuz il dedi, bu zəhrimarı tərgit, tərgidə bilmədim. Andıra qalmış elə bil kəbinli arvadımdır. Tütünü də tapılmır. Yeznəm ordan-burdan soraqlıyıb gətirir,  – deyəndə kal öskürək tutdu. Sinəsini arıtlayıb davam etdi:

          – Mənim balama qismət olmadı, əyər bundan sonra gedib o xaraba qalmış yerləri abad eləyib, yenə oğurluqla məşğul olacaqlarsa, yenə kəndin dul arvadının, yetiminin malını oğurlayacaqlarsa,  heç getməsinlər. Oraları düşman fitnəsiynən baravar haram mal yemək, allahsızlıq dağıtdı, ehtiyac içində qoyduqları  yetim-yesirin, qəribin ahı dağıtdı. Vallah, elə belədir. Maa əyan oluf, bilirəm... Balalarımızın qanına hayıf döyülmü? O torpağa bizim uşaqların qanı töküluf.  Məndən ötrü Məkkədən,  Kərbəladan irəlidir o torpaqlar. Belə yerdə haramçılıq gərək olmaya. Hər şey yaxşı olsun gərək. Çox yaxşı. Balam istədiyi kimi, – deyib yenə ağladı.  

          Qəlyanın külünü yerdəki balaca daşa döyüb çırpdı. Cibinə qoyub dəsmalını çıxardı. Üzünü isladan göz yaşlarını silib  göyə baxdı:

– Bacı, günortaya az qalıb. Mən gedim. Yolum uzaqdır, çox uzaq. Yaxına salsın Allah yolumu. O dünyanı deyirəm. Taa mənim bu dünyayla bir işim qalmayıb. Gedim balamın yanına, – deyib ayaqlarını sürüyə-sürüyə  qəbirlərin arasındakı cığırla keçib getdi. Əyilmiş beli başdaşıların arasında görünməz oldu.  Bayaqdan ağaclarda nəğmə oxuyan quşlar susmuşdular…

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)