“Daha göz yaşımdan ümid göyərməz” – Hafiz Hacxalılın şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Hafiz Hacxalılın şeirlərini təqdim etməkdədir.

Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

 

 

***

 

Bağışla gözünün yaşına məni,

Bağışla, ürəyim daş oldu, neynim,

Sənin ürəyinə gələn yollarım

Özgə cığırlara qoşuldu, neynim.

 

Neynim gözlərimdə hər səhər, axşam

Sənin xəyalındı cızılan, qadın.

Mən səni hələ də unutmamışam,

Özgənin ömrünə yazılan qadın.

 

Çıxart xatirəni gün işığına,

Lap istəsən belə adımı unut.

Baxıb güzgüdəki yaraşığına

Bir sən ol, bir də ki daş yaran süküt.

 

Səni xatırladan hər şeydən indi,

Hətta özümdən də qaçıram, bilsən.

Hardan biləsən ki, sənsiz çətindi,

Bilsən də, nə xeyri... dönən deyilsən.

 

Daha göz yaşımdan ümid göyərməz,

Hardasan, ay mənim sonuncu arzum?

Ölübsən, qalıbsan, xəbərin gəlməz,

Sənsiz bu yuxunu mən necə yozum?

 

Daş olub susaram ömrüm uzunu,

Ayaq izlərini sığallayaram.

Nə olar, yuxuda görüm üzünü,

Göynəyən həsrətim, qanayan yaram.

 

Tənhadı, yalqızdı ürəyim sənsiz,

40-ı haqlayıram sükut içində.

Nolar, qurban olum, səssiz, səmirsiz

Xatırla içində, unut içində...

 

 

***

 

Bu sevgi məni, İlahi,

Hardan tapdı, görəsən?

Çəkilib göydə durmusan,

Guya xəbərin yoxdu,

Bəlkə, cavab verəsən?!

 

 

***

 

Gün üyüdür ömür adlı dəyirman,

Göz yaşımdan, axır, doldu bu ümman,

Bundan sonra nə ümid var, nə güman

Yaşamağa...

 

 

***

 

Bəlkə, görüşünə yubandım bu gün,

Yaddaşım əqrəbi itən saatdı.

Bəlkə, öldüm bu gün... bağışla məni,

Bəlkə, də görüşdük... arzuma çatdım.

 

 

***

 

Sağ əli Şuşada qalan əsgər qardaş,

Sən sevinəndə daha kimsəyə deyə bilməyəcəksən: “Sağ əlim sənin başına...”

 

 

TORPAĞIN

 

Adına Vətən deyirik

Bu qara gözlü torpağın,

Uğrunda biz can veririk

Bu qara gözlü torpağın.

 

Ana deyib ağlayırıq,

İtirsək, yas saxlayırıq,

Öpürük, qucaqlayırıq

Bu qara gözlü torpağı.

 

Türk oğluyam, ordum odur,

Turan deyən qurdum odur,

Ölsəm, yenə yurdum olur

Bu qara gözlü torpağım.

 

 

***

 

Dar günündə bir olmağı bacardıq,

Nə mən dedik, nə sən dedik, ay Vətən.

Qanımızla sulandı hər qarışın,

Son nəfəsdə Vətən dedik, ay Vətən!

 

 

ƏSGƏR QARDAŞIMA

 

Şuşadan Göyçəyə bir salam göndər,

Dədə Ələsgərin ruhu sevinsin.

Vətənə bütövlük bəxş edən əsgər,

Qaynar nəfəsinlə daşlar isinsin.

 

Dərdimin adıdır Zəngəzur özü,

Yerevan yenidən İrəvan olsun.

Birləşib Təbrizlə Borçalı sözü,

O taylı-bu taylı bütöv can olsun.

 

Dərbəndim sinəmdə açılan yara,

Gözümdən İdilə tökülər Araz.

Qardaş, başın üstə ulduz, aypara,

Zəfər günlərinin dastanını yaz.

 

 

***

 

Arzu ömrü uzatmır,

Xoş gün hələ uzaqdır.

Qırx yaş dayanacaqdır,

Sonuncumu,.. bilmirəm...

 

 

***

 

Şuşaya qar yağır,

Üşüyür Xanın səsi.

Donub şəhid qəbrində

Bir ananın naləsi...

 

 

BİLİRSƏN

 

İllər bizi ayrı salıb nə vaxtdır,

Saçlarımda dən olmusan, bilirsən?

Səni anıb unutmuşam özümü,

Yavaş-yavaş mən olmusan, bilirsən?

 

İstidimi, soyuqdumu, de, yerin?

Xoşbəxtsənmi, gətirdimi qədərin?

Sevincimə qənim oldu kədərin,

Dərd olmusan, qəm olmusan, bilirsən?

 

Ötən günə ün yetməz ki, əzizim,

Könlüm səni unutmaz ki, əzizim,

Odun məni isitməz ki, əzizim,

Batıb gedən gün olmusan, bilirsən?

 

 

***

 

Qırx il gəlib keçdi “Kərəmi” üstə,

Qırx ildi, kərəmlər lələ gözləyir.

Ömrün o üzündə bir uşaq məni

Gözləyir, gözləyir, hələ gözləyir.

 

 

***

 

Suyun üzündə gəzmək üçün İsa olmağa ehtiyac yoxdur, qəlbin təmiz olsun, yetər.

 

 

***

 

Hələ ayaq üstəyik,

Nə qədər ki, biz varıq.

İçindəki yadlardan

Səni qoruyacağıq –

Vətənim!

 

 

***

 

Qoymaz yuxundan keçəm,

Yumular çəpər kirpiyin.

Elə bil ki, acığıma

Gözünü öpər kirpiyin.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)