REDAKSİYANIN POÇTUNDAN - Sakit İlkinin şeiri

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Sakit İlkinin “Gördüm kimin dünyasıymış bu dünya” adlı şeirini təqdim edirik. Düzü, şeiri çox bəyəndik və oxucularımızın da oxumasını istədik. Aşıq şeiri üslübunda indi çox az yazanımız qalıb. Hamı sərbəst şeirə qaçır. Busa poeziya ənənələrimizin üstündən xətt çəkməkdir.

Sakit İlkinlərin ppeziyasına ehtiyac var. 

 

 

Gördüm kimin dünyasıymış bu dünya

 

Sapand atdım, o daş dağa dəymədi,

Dil qurudu, yaş damağa dəymədi...

Ha çarpışdım,yaşamağa dəymədi,

Gördüm kimin dünyasıymış bu dünya...

 

Ölüm çıxır yaxşıların ovuna,

Mənim könlüm çətin bir də ovuna.

Çox çalışdım, yenə düşdüm toruna,

Gördüm kimin dünyasıymış bu dünya...

 

Bu dünyanın qışı qar yox, dərd yağır,

Ömrə sevinc dost dolanır, dərd... yağı...

Qəgəh-qədəh ürək içir dərd yağı.

Gördüm kimin dünyasıymış bu dünya...

 

Allah bilir bu dünyada tək, nədi...

Mən doldurdum, o boşaltdı təknəmi,

Tək atanı, tək oğulu təklədi,

Ğördüm kimin dünyasıymış bu dünya....

 

Gecə keçir, ulduz səssiz, Ay sakit,

Ömrün keçir ahu-vayla, say... sakit...

Bu dünyaya bel bağlama, ay Sakit,

Gördün kimin dünyasıymış, bu dünya.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)