MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Yuxudan adətim üzrə erkən oyanmış, əl-üzümü yuyub televizorun qarşısında divanda uzanmışdım. Stepanla görüşəcəkdim deyə, Layiqəyə zəng vurub ofisə gəlməyəcəyimi demişdim. O hələ dünəndən şəhərdə olduğumu bilirdi. Azərbaycanın flora və faunası haqqında gedən bir veriliş mənə çox maraqlı gəlmişdi. Doğrudan da, olduqca gözəl, zəngin təbiətimiz var. Vaxtın necə keçdiyini hiss etməmişdim. Artıq saat 12 idi. Susuzluq hiss etsəm də, çay dəmləməyə heç həvəsim yox idi. Stepanın zəngini gözləyirdim. Hələ ki, hansısa təhlillər aparmaq üçün çox tez idi. Dostumun danışdıqlarından başqa bildiyim bir şey yox idi və onlar hansısa qənaətə gəlmək üçün yetərli deyildi. Mahir Vəliyevlə görüşdükdən və onun mənə verəcəyi sənədlərlə tanış olduqdan sonra daha məlumatlı olacaq, o zaman işə başlaya biləcəkdim. Əgər yaxın bir saatda zəng gəlməzsə, məhəlləmizə yaxın kafelərdən birinə gedib nahar edəcək, yenə də evə qayıdıb gözləyəcəkdim.

Verilişin bitdiyini görüb kanalları dəyişməyə başladım. Elə bu vaxt telefonuma zəng gəldi. Ekrana baxanda zəng edənin Layiqə olduğunu gördüm. Dəstəyi qaldırıb cavab verdim:

-Eşidirəm, Layiqə.

-Salam şef. Bir nəfər müraciət edib. Hazırda yanımdadır. Oğlu üç gündür evə gəlmir. Axtarışlarında kömək etməyimizi xahiş edir.

Fikrə getdim. Əslində, bu elə mənim böyük həvəslə girişəcəyim bir iş idi. Ancaq indiki vəziyyətdə bu sifarişi qəbul edə bilməzdim. Doğma şəhərimə, onun sakinlərinə yönəlmiş olan bu müəmmalı təhdidin içində başqa bir işlə özümü məşğul etməyə haqqım yox idi. Məsələnin miqyası olduqca böyük idi. Oğlanısa, yəqin ki, artıq polis əməkdaşları axtarırlar. Bunları fikirləşib səbirlə telefonda gözləyən Layiqəyə dedim:

-Mənim üzrxahlığımı çatdır və sifarişdən imtina elə. İndi bu işlə məşğul olmağa vaxtımız yoxdur.

-Başa düşdüm, şef.

Layiqə qısa cavab verib xətti kəsdi. Ancaq telefonu əlimdən qoymağa imkan tapmadım. Yenidən zəng gəldi. Bu dəfə zəng edən Stepan idi.

-Salam, əziz dostum,-cavab verib Stepanı salamladım.

-Salam, Baxa. Saat bir tamamda səni «Sahil» metrosunun qarşısında gözləyəcəyik.

-Başa düşdüm, dostum.

Sağollaşıb saata baxdım. Görüş vaxtına hələ qırx dəqiqə var idi. Yəqin ki, oraya Mahirin maşınında gələcəklər. Oradan da harasa gedəcəyik. Böyük ehtimalla iki variantdan biri olacaq-ya Stepanı birbaşa aeroporta düşürəcəyik, ya da nahar edib sonra yola salacağıq. Söhbətimizi də çox güman ki, elə yolda edəcəyik. Bu halda mənim də oraya maşınla getməyim artıq olar. Elədirsə, indi çıxsam yaxşıdır.

Televizoru söndürüb qalxdım. Görüş yerinə çatmağıma otuz yeddi dəqiqə qalırdı.

* * *

Hər şey qaydasında idi. Lazım olan bütün yolları sonuncu dəfə bir daha gəzib vəziyyəti öyrənmişdi. Əsas obyekt kimi seçilmiş məkana üç istiqamətdən yaxınlaşa bilərdi-sağ, sol və arxa tərəfdən. Hər üç yolu addım-addım gəzmiş, mümkün variantları bir daha gözdən keçirmiş, bundan sonra qaldığı mənzilə qayıtmışdı.

Qrimini çıxarıb əynini dəyişmiş, duş qəbul edib divana uzanmışdı. Nə qədər məşq etmiş olsa da, bir tayı o birisindən hündür olan ayaqqabılarda gəzmək onu yormuşdu. Pultu götürüb televizoru işə saldı. Bir neçə kanalı dəyişdikdən sonra Rusiya kanallarının birində gedən veriliş diqqətini çəkdi. Veriliş məşhur ispan rəssamının əsərinə həsr olunmuşdu. Gözlərini əsərdəki yataqda uzanmış qadına zilləyib aparıcının bu rəsm əsəri barədə verdiyi məlumatı maraqla dinləməyə başladı.

* * *

 Görüş yerinə deyilən vaxtda çatmışdım. Təxmin etdiyim kimi, Mahir Vəliyevin maşınında gələn Stepan şüşəni endirib məni səslədikdə keçib arxa oturacaqda, onun yanında oturdum. Mahir müəllimlə qısa tanışlıqdan sonra yolumuzun Buzovnaya olduğunu öyrənmişdim. Sonuncu gəlişində Buzovnadakı restoranda yediyimiz turşulu dana basdırmasının dadı Stepanın damağında qaldığı üçün bir daha oraya getmək istəmişdi. Haraya getdiymizi deyəndən sonra Mahir müəllim üzünü mənə tutub-qonaqlığı mən verirəm,-deyib şərtini kəsmiş, mənim də razılaşmaqdan başqa çarəm qalmamışdı.

Restoranın yolunun söhbət etmək üçün kifayət qədər uzaq, sonradan Stepanı yola salmaq üçünsə aeroporta çox yaxın olduğunu nəzərə alsaq, bu elə ən ideal seçim idi. Restoran otağında belə məxfi məsələ barədə kəlmə kəsməkdən söhbət gedə bilməzdi. Deməli, maşında getdiyimiz müddətdə mənim üçün hazırlanmış sənədlərlə tələsik tanış olmalı, bundan sonra yaranmış sualları verib cavablarını almalıydım. Başqa sözlə, tıxacı da nəzərə alsam, təxminən, yarım saat vaxtım var idi. Əlbəttə bu sənədlər mənim üçün hazırlanmışdı və evdə onlarla daha ətraflı tanış olacaqdım. Ancaq o zaman suallarımı verə biləcəyim Stepan artıq yanımda yox, Moskvada olacaqdı. Vaxt gedirdi. Stepanın uzatdığı qovluğu alıb açdım. İlk vərəqdə «Koramal»ın ön və yan tərəfdən çəkilmiş şəkilləri qoyulmuşdu. Növbəti vərəqi çevirib oradakı məlumatları oxumağa başladım.

* * *

Maraqla izlədiyi verilişin qurtardığını görən adam televizoru söndürüb divandan qalxdı. Evin yuxarı başında qoyulmuş dolaba yaxınlaşıb rəfində qoyulmuş diyircəkli qələmi götürdü. Sonra gözləri ilə dəftər axtarmağa başladı. Ancaq nə dəftər, nə də bir vərəq parçası tapmadı. Birdən şəhər telefonunun yanında qoyulmuş telefon kitabçası yadına düşdü. Yaxınlaşıb kitabçanı götürdü və yenidən divana oturdu. Ayağını ayağının üstünə aşırdıb kitabçanı dizinin üstünə qoydu və ən axırıncı vərəqi açdı. Bu vərəqin təkcə aşağı hissəsində xırda hərflərlə kitabçanı çap etmiş nəşriyyat və çapın tirajı barədə məlumatlar göstərilmişdi. Vərəqin qalan yeri təmiz idi. Ona da bu lazım idi. Fikirləşirmiş kimi gözlərini qıyıb bir qədər üzbəüzdəki divara baxdı. Sonra axtardığını tapmış kimi qələmlə başının arxasını qaşıyıb kitabçada nəsə çəkməyə başladı.

* * *

Nahar etməyimiz xeyli çəkmişdi. Uçuş vaxtına saat yarım qalmış Stepanı aeroporta düşürüb sağollaşmış, sonra şəhərə qayıtmışdıq. Məni evimin yaxınlığında düşürəndən sonra Mahir getmiş, mənsə evə gəlib onun verdiyi sənədləri diqqətlə oxumağa başlamışdım. Maşında tələsik tanış olarkən yaranmış əsas sualların cavabını Stepandan soruşmağa imkan tapmışdım. İndi, düz iki saat idi ki, kifayət qədər həcmli məlumatların bir sözünü də buraxmadan oxumuş, təhlillərə başlamışdım. Məlumatlar çox maraqlı idi. İlk dəqiqələrdən onların təhlilinin nə isə verəcəyinə bir əminlik yaranmışdı məndə. İlk növbədə «Koramal»ın psixoloji portretini özüm üçün yaratmalı, sonra bütün cinayətkarlarda, daha doğrusu, məhbus həyatı yaşamış cinayətkarlarda ümumi olan cəhətlərin Solomində qoyduğu izləri axtarmalı idim bu məlumatlarda. Bu isə çox incə bir yanaşma tələb edirdi. İnsanın vərdişlərini bilməklə, bəzən, onun atmış olduğu, hətta ata biləcəyi addımları hesablamaq mümkün olur. Vərdişlər isə hər insanda var. Bu vərdişlərin formalaşmasında insanın yaşam tərzi, ətraf mühit böyük rol oynayır. Hətta diqqətlə baxsanız hər insanın öz yerimə tərzi var. Elə buna oxşar vərdişlər də bəzən ayrı-ayrı vəziyyətlərdə insanı ələ verir. Hər halda diqqətli əməliyyatçı üçün onlar çox şeydən danışır, başqalarının görə bilməyəcəyi çox şeydən.

Bir də ki, insanın özündən asılı olmayan vərdişləri var. Daha doğrusu, dəyişmək istəmədiyi vərdişlər. Əvvəlki söhbətlərimdə sizə demişdim ki, müşahidə aparmağı xoşlayıram. Bir neçə misal çəkəcəm. Bəlkə də əhəmiyyətsiz şeylərdir. Amma əminəm ki, sonda mənimlə razılaşacaqsız. Deyək ki, əgər siz həyət evində yaşayırsızsa, onda həyətin qapısını taybatay açıq qoyub bir kənarda oturub baxın. Küçədən keçən adamların doxsan faizi açıq qapıdan həyətinizə boylanacaq. Haradasa beş faizi fikirli olduğu üçün sadəcə qapının açıq olduğunu görmədən ötüb keçəcək. Yerdə qalan cəmi beş faiz içəri baxmayacaq. Eyni eksperimenti maşınınızla da edə bilərsiz. Maraq üçün havanın qaranlıq vaxtı maşının salonunun işığını yandırıb oturun. Nəinki piyada, hətta maşınla ötüb keçənlər də, üzbəüz gələnlər də eyni qaydada salona boylanacaqlar. Mən bu vərdişləri xislətlə bağlayıram. İnsan həmişə qadağan olunana can atıb. Tək-tük adamlar özlərində bu vərdişləri boğa bilir. Bax dediyim sonuncu beş faiz həmin adamlardırlar. Mübahisə etməməyiniz üçün etiraf edim ki, mən özüm də çəkdiyim misallarda istisna deyildim. Sadəcə hələ yeniyetmə yaşlarımda bunun əksini özümə təlqin edib dediyim o sonuncuların sıralarına qoşula bildim. Psixosomatikada ideomotor adlanan hərəkətlər var. Bu hərəkətlər zamanı insan bədəninin hansısa hissəsindəki əzələlər beyindən siqnal almadan, adi sözlə desək özbaşına gərilir. Bax çəkdiyim bu misalları mən bir növ ideomotor hərəkətlərlə müqayisə edirəm. Təkcə bir fərqlə-biri özünü fiziki, digəri isə psixoloji aspektdən büruzə verir. Dərindən fikirləşsək, kiminsə həyətinə boylanıb orada qoyulmuş süpürgə, yaxud «polağacı»nı görmək heç kimə heç nə vermir. Amma insanlar yenə də bunu edirlər. Sonra yenə də… Nəticədə bu şeylər qeyri-ixtiyari baş verən hərəkətlərə çevrilir. Mən psixoloq deyiləm. Sadəcə insan psixologiyası mənim hobbimdir. Əgər hörmətli psixoloqlarımız bu məsələdə mənimlə razılaşmırlarsa, onlarla mübahisə etmək fikrim yoxdur.

Pəncərəyə baxdım. Hava qaralırdı. Bir qədər fasilə vermək qərarına gəldim. Gülüyə bu gecə də gəlməyəcəyimi demişdim. Onsuz da gecə yarısına qədər «işləyəcəyimi» bilirdim. Belə olan halda oraya getməyimin mənası yox idi.

 

 “Ədəbiyyat və incəsənət”

(22.02.2024)