Bir sual bir cavab - Musa Ələkbərli

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

1) Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa bəy üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

 Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

 Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! 

(Musa Ələkbərli)

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)