Şəhidlər barədə şeirlər – Nahid Mikayılov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nahid Mikayılova həsr edilmiş şeirlə tanış olacaqsınız

 

NAHİD SOVQAT OĞLU MİKAYILOV

(25.10.1982.- 01.11.2020.)

 

Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

NAHİDTƏK  QƏHRƏMANLAR

 

Xalqın nə qədər igid, qəhrəman övladı var,

Hər birinin zəfərdə öz yeri, öz adı var.

Vətəni azad etdi  bu igidlər canıyla,

Əbədi tarix yazdı, həyatıyla, qanıyla.

 

İstəyirəm sizinlə  tanış edim Nahidi,

Saysız hünər göstərən, candan keçən şəhidi.

Qədim Şilyan kəndində dünyaya gəlmişdi o,

Burada sevinmişdi, burada gülmüşdü o.

 

Hələ kiçik yaşından sevimli, əziz idi,

Zəhmətsevər, çalışqan, dürüst idi, düz idi.

İllər keçdi, dolandı, on səkkiz yaşa çatdı,

Əsgərlər sırasında inamla addım atdı.

 

Şərəflə,  ləyaqətlə  başa vurdu xidmətin,

Qazanmışdı orduda, o, hamının hörmətin.

Qurtarıb əsgərliyi Nahid başa vursa da,

Ürəyində arzular, xoş xəyallar qursa da,

Dedi, azad deyildir, hələ Qarabağımız,

Düşməndən alınmalı  hər qarış torpağımız.

 

Hərbi kursu bitirib, peşəkar gizir oldu,

Xidmətin davam edib,  fədakar gizir oldu.

Aprel döyüşlərində  göstərdi o özünü,

Silahıyla düşmənə  dedi  qəti sözünü.

 

Qələbəydi arzusu, qələbəydi amalı,

Hünəri qazandırdı ona neçə medalı.

Torpaq uğrunda dava başlayan zaman  Nahid,

Döyüşlərdə vermədi  düşmənə aman, Nahid.

 

Nümunə oldu onun  hamıya  igidliyi,

Taleyində var imiş müqəddəs şəhidliyi.

Noyabrın birində bu həyatdan getdi o,

Şəhid oldu, əbədi ürəklərdə bitdi o.

 

Üç oğul övladı var, Nahidin - əmanəti,

Qəhrəman baş gizirin, şəhidin əmanəti.

İnşallah, böyüyərlər, qoçaq, igid olarlar,

Vətənin keçikçisi, əsgər, zabit olarlar.

Heç zaman unudulmaz, Nahidtək qəhrəmanlar,

Əbədi yaşayırlar xalq yolunda yananlar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)