MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

 

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

  -Müşavirəyə başlamaq olar,-ağ saçlı general hamının toplandığını görüb müşavirəni açıq elan etdi.

Bu, son dərəcə məxfi saxlanılacaq əməliyyatın müzakirəsinə Nazirliyin əməliyyat aparatından cəmi beş nəfər cəlb olunmuşdu. Onlar ən təcrübəli, əməliyyat işini incəliklərinə qədər bilən, oddan-alovdan keçmiş zabitlər idilər.

General bir daha hamını baxışları ilə süzüb sözünə davam etdi:

-Bizim hörmətli qonağımız polkovnik Bondaryovu təqdim etməyə ehtiyac yoxdur. Onu hamınız tanıyırsınız. Rusiyalı kolleqalarımızın aylar əvvəl aldıqları məlumat əsasında yaranmış şübhələri artıq təsdiqlənməyə başlayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək xüsusi hazırlıq keçmiş Solomin soyadlı qatı cinayətkarın Bakıda olduğunu düşünməyə əsas verən sübutlar ortaya çıxıb. Onun məhz kriminal keçmişə malik biri və residivist olduğunu nəzərə alan rəhbərlik bu əməliyyatda bizim də təcrübəmizdən istifadə etməyi qərara alıb. Biz də öz növbəmizdə ən yaxşıları cəlb etmişik. Hər birinizin çiyinləri arxasında illərin təcrübəsi dayanır. Məqsəd «Koramal» ləqəbli bu cinayətkarın vərdişlərini, ata biləcəyi addımları təhlil etmək, bunun əsasında ola biləcəyi yeri və yaxud niyyətini müəyyənləşdirməkdir. Mən digər xidmətlərlə birgə yaradılmış qərargahın rəhbərinin müaviniyəm, siz həmin qərargahın üzvlərisiniz. Qərargahda gündəlik informasiya mübadiləsi aparılacaq, siz də hər bir yeni alınmış məlumatı biləcək, öz öyrənə bildiklərinizi isə, aidiyyəti üzrə ötürmək üçün mənə məruzə edəcəksiniz. Bütün işlər tam məxfilik şəraitində görüləcək. Onun şəkli və lazım olan məlumatlar qrupun rəhbəri polkovnik Mahir Vəliyevə verilib. O, sizi bu məlumatlarla tanış edəcək. İndi isə polkovnik Bondaryovun sizə deyəcəkləri var.

Sözünü tamamlayan general çönüb qonağa baxdı…

***

Hər işimi ehtiyatla tutmağa öyrəşdiyim üçün maşını aldığım gündən bir dəfə də olsun, Gülanənin yaşadığı binanın həyətinə sürməmişdim. Qonşu binalardan birinin həyətindəki pullu dayanacaqda saxlayır, sonra piyada tanış binaya gəlirdim. İndi də maşını saxladıqdan sonra gözətçiyə uzaqdan əl edib yük yerindəki, bayaq gələrkən tələsdiyim üçün maşında qalmış zənbilləri götürdüm və binaların arası ilə üzüyuxarı qalxmağa başladım. Xalçanı sonra götürəcəkdim.

Qapını açan Gülanə zənbilləri əlimdə görüb ucadan güldü:

-Lap bazarlıqdan gələn çoxuşaqlı atalara oxşadın, keç içəri.

Dəhlizə keçib zənbilləri yerə qoydum.

-Oxşayaram da, o qədər şey yığmısan ki, elə bil İsmayıllıya üç günlük yox, üç aylığa getmişdik,-mən də gülüb cavab verdim.

-Bəs qonağın necə oldu?-Gülanə söhbətin mövzusunu dəyişdi.

-Bir az işi var idi. Axşam görüşəcəyik. Fikirləşirəm ki, evdə otursaq yaxşıdır.

-Elə mən də onu deyəcəkdim. Vaxta xeyli var. Mən tədarük görüm, sən də duş qəbul elə, bir az dincəl, yol gəlmisən. Sonra gedib dostunu gətirib gələrsən.

-Yaxşı,-deyib ayaqqabılarımı çıxarıb içəri keçdim. Uzaq yoldan sonra bir qədər dincəlmək pis olmazdı.

* * *

   Yarızirzəmi mənzildəki adam evin divarına vurulmuş bədənnüma güzgünün qarşısında dayandı. Sonra nə fikirləşdisə köynəyini çıxarıb bir qədər sağ tərəfə döndü və sol qoluna həkk olunmuş döyməyə baxdı. Döymədəki tac şəkli idi. İllər əvvəl ilk dəfə həbsxanaya düşərkən öz qanunları ilə yaşayan məhbus kütləsinin arasında avtoritetini təsdiq etmək üçün çox çətinliklərdən keçmiş, ancaq bu çətinliklərə dözüb onların gözündə özünü təsdiq edə bilmişdi. Elə bundan sonra hakimiyyət mənası verən bu döyməni qoluna döydürmüşdü və heç kim bunu ona irad tuta bilməmişdi. Sonradan özünün bəyəndiyi və hərəsinin öz mənası olan bir neçə döymə də döydürmüşdü bədəninə. İnsanın insanı diddiyi, canavar qanunlarının hökm sürdüyü bu məkanda heç kimin layiq olmadığı döyməni gəzdirmək hüququ yox idi. O, bu hüququ qısa müddətdə qazanmış, sonrakı illərdə avtoritetini daha da möhkəmlədib cinayət aləmində söz sahibi ola bilmişdi. Ancaq bundan o yana getmək istəməmiş, iki dəfə eyni maddə ilə həbs olunub üst-üstə on doqquz il həbsxana həyatı yaşadıqdan sonra, daha azadlığın dadını çıxarmağı qərara almışdı. Niyyəti tropik ölkələrdən birinə köçüb həyatını orada başa vurmaq idi. Bununçün isə ona xeyli pul lazım idi. Bu pulusa aldığı tapşırığı yerinə yetirdikdən sonra ona verəcəkdilər. Həyatında heç zaman görmədiyi qədər pul vəd etmişdilər ona. Vəd olunan məbləğ, nəinki, xaricə köçüb orada ev almağa, hətta bütün həyatını dəyişməyə bəs edəcəkdi. Sevgilisini də özü ilə aparacaqdı. Birlikdə olarkən gündüzlər onun başına fırlanan, gecələr isə ən ağlagəlməz istəklərini sözsüz yerinə yetirən, ona dünyanın həzzini yaşadan bu qadına çox bağlı idi, özünü onsuz təsəvvür edə bimirdi. Bir anlıq onunla okean sahilində necə dincələcəyini gözünün qabağına gətirdi. Bunları fikirləşə-fikirləşə baxışlarını qolundakı döymədən çevirib güzgüdə özünə baxanda üzündə qeyri-ixtiyari yaranmış bir təbəssüm olduğunu gördü. Cəld güzgünün qarşısından çəkilib köynəyini geyindi və xəyallarını bir anda başından qovdu. Emosiyaya qapılmaq onun xarakterinə uyğun deyildi. İndi, yalnız və yalnız verilən tapşırığa köklənməli idi…

* * *

Daxili İşlər Nazirliyinin Əməliyyat aparatında keçirilən məxfi müşavirə yekunlaşsa da, polkovnik Bondaryov və polkovnik Vəliyev generalın otağını hələ tərk etməmişdilər. Stepan Bondaryovun onlara təklikdə deyəcəyi bir şey var idi.

General köməkçisinin gətirdiyi çayları masanın üzərinə düzüb çıxmasını gözlədi və  dedi:

-Sizi eşidirik, Stepan Alekseyeviç. Bizə təklikdə deyəcəyiniz məsələ nə idi?

Qonaq qarşısına qoyulmuş çaydan bir qurtum içib stəkanı yerinə qoyduqdan sonra aramla danışmağa başladı:

-Cənab general. Bilirsiniz ki, məni bu gün hava limanında dostum qarşıladı. Yəqin onu da bilirsiniz ki, o mayor rütbəsində istefaya çıxmış, hazırda detektiv fəaliyyəti ilə məşğul olan keçmiş polis zabitidir.

General susub heç nə demədi. Bu, onun deyilənlər barədə məlumatlı olmasının təsdiqi idi. Polkovnik Bondaryov sözünə davam etdi:

-Mənə bu məsələnin bizə aid hissəsi ilə bağlı istənilən qərarı qəbul etmək barədə rəhbərliyimiz tərəfindən tam səlahiyyət verilib. Mən də bu səlahiyyətimdən istifadə edib mayor Nəzərlini bu əməliyyata cəlb etməyi düşünürəm. Yaxın dostum olmaqla yanaşı, onun necə bir peşəkar əməliyyatçı olduğunu sizə xatırlatmaq istəyirəm. Hesab edirəm ki, güclü intuisiyaya, iti zəkaya, qarşı tərəfin bir neçə addımını qabaqcadan hesablaya bilmək qabiliyyətinə malik və cinayətkarların psixologiyasına tam bələd olan mayor Nəzərlinin bu əməliyyatda iştirakı ümumi işimizin xeyrinə olar. Ancaq onun qrupa daxil edilməsinə mütləq qaydada sizin razılığınızın olmasının vacibliyini də başa düşürəm. Səlahiyyətlərim nə qədər geniş olsa da, Azərbaycanda qərar qəbul etmək hüququnun, elə qəbul edilən hər bir qərarın yaratdığı məsuliyyətin də birbaşa sizə aid olduğunu dərk edirəm. Odur ki, Nəzərlinin bu əməliyyata cəlb olunmasını mənim şəxsi xahişim kimi qəbul etmənizi istəyirəm.

Ağsaçlı general vərdişi üzrə əlini saçlarına çəkib fikrə getdi. Polkovnik Bondaryovun Bəxtiyar Nəzərlinin peşəkarlığı haqqında dedikləri ilə o, tam razı idi. Belə peşəkarlar illərlə yetişir. Ancaq polis sıralarından xeyli müddət əvvəl istefaya çıxmış birini belə bir ciddi, həm də məxfi əməliyyata cəlb etmək barədə qərar qəbul etmək, əlbəttə ki, böyük məsuliyyət idi. Polkovnik Bondaryov da təklifində israrlıdır…

Generalın fikrə getdiyini görən Bondaryov əlavə etdi:

-Əgər razılıq verərsinizsə, yalnız yuxarı rəhbərliyi bu barədə məlumatlandıracaqsınız. Nəzərlinin qrupa cəlb edilməsini isə, bu otaqda olanlardan başqa heç kim bilməyəcək. Təyyarədən düşəndən sonra onunla görüşməzdən əvvəl lazımi tədbirləri görmüşəm. Kənar heç kim onunla görüşdüyümü bilmir. Sizin əməkdaşlar isə, yəqin ki, onun kursant yoldaşım və yaxın dostum olduğunu aydınlaşdırmaqla kifayətləniblər. Sərbəst fəaliyyət göstərmək imkanı olan bir peşəkarın qrupda olması yalnız işimizin xeyrinə olacaq.

Qonağın son arqumentlərini dinləyən general soruşdu:

-Qrupa daxil edəcəyimiz halda onun funksiyası nədən ibarət olacaq?

-O, sərbəst işləməyə öyrəşib. Mənimlə daim telefon əlaqəsində olacaq. Burada isə zəruri hallarda polkovnik Vəliyevlə əlaqə saxlayacaq. Onun tərəfindən verilmiş, qrupun topladığı məlumatları təhlil edib analitik iş aparacaq. Özü əldə edə biləcəklərini də Mahir müəllimə ötürəcək. 

-Yəqin başa düşürsüz ki, məxfiliyini nəzərə alaraq məlumat sızmasının qarşısını almaq üçün bu əməliyyata maksimum az əməkdaş cəlb etmişik. Onu da başa düşürsüz ki, burada işləyənlər hamısı öz işinin peşəkarlarıdırlar. Ancaq biz onların da içərisindən ən yaxşılarını seçmişik. Mayor Nəzərli də bizim aparatın yetişdirdiyi ən yaxşılardan idi. Ümid edək ki, onu cəlb etməyimizin bir nəticəsi olacaq.

Generalın cavabını eşidən qonaq ayağa qalxıb əlini ona uzatdı.

-İnanırdım ki, təklifimə yox deməyəksiniz. Sizə təşəkkür edirəm, cənab general. İndi isə icazənizlə mən gedim.

-Yoldaşlar sizi qalacağınız otelə düşürəcəklər.

-Buna ehtiyac yoxdur. Oraya mən yalnız yatmağa gedəcəyəm.

Qonağın cavabını eşidən general selektorun düyməsini basıb köməkçisini çağırdı. İçəri girən zabitə məruzə etməsi üçün imkan verməyib dedi:

-Cənab polkovniki maşına qədər müşayiət et. Sürücü qonağı gedəcəyi ünvana düşürsün.

-Oldu, cənab general!

Generalla da, Mahir Vəliyevlə də sağollaşan qonaq köməkçi ilə birlikdə kabineti tərk etdi.

Onun ardınca baxan general üzünü polkovnik Vəliyevə tutub gülümsədi.

-Bu Nəzərli işlədiyi vaxtlarda heç vaxt ipə-sapa yatmayıb. Bildiyimiz qədər elə istefaya çıxdıqdan sonra da sakit dayanmaq fikri yoxdur. Detektiv kimi boynuna götürdüyü neçə ağır cinayəti açıb. Heç birində məğlub olmayıb. Məncə, Bondaryov haqlıdır. Belə birisinin qrupa cəlb edilməsi yalnız işin xeyrinə olar.

 

 “Ədəbiyyat və incəsənət”

(20.02.2024)