Unudulmaz sevgi şeirləri: Vahid Əziz, “Yaman yada saldı bu gecə səni…” Featured

Rate this item
(0 votes)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş poeziyamızda sevgi mövzusu sosial şəbəkə şeirlərinin leytmotivini təşkil edir. Amma bu şeirlərdə sevgi sanki modern sevgidir, təmənnalıdır. Belə sevgi şəxsən məni və dəqiq bilirəm ki, çoxlarını təmin eləmir. Bu dəfə klassik sevgi nümunəsini böyük şairimiz, şeirlərini sevə-sevə oxuyub əzbərlədiyimiz Xalq şairi Vahid Əzizdən gətirəcəyəm. Şair “Yaman yada saldı

bu gecə səni…” söyləyir…

 

Qəlbimi çəkdiyim həsrət üşüdür,

köksüm isitdikcə şəkillərini,

yoxluğun yandıran olmazdı bu cür,

yaman yada saldı bu gecə səni.

 

Səni xəyalımda tutub gedirəm,

Özgə kimim var ki, pənah gətirəm?

Qorxuram, özümü elə itirəm;

boynuna sarmanam görüncə səni.

 

İstəklər kor edib, ümid qırmışam,

şəkil var bozarır, daha yormuşam!

Evin bir küncündə evcik qurmuşam,

tapantək çəkəcəm bu küncə səni!

 

Yuxuda lal-dinməz keçdin yanımdan,

həyatda dözməzdim havalanmadan,

inan ki, canını dırnaqlarımnan

didərəm, yanımdan gedincə sənin.

 

Məhəbbət seliymiş, nə cür biləydim?

Apardı, daşlardan-daşlara dəydim,

hərdən düşünürəm: "Bəlkə öləydim,

bu cür heyran olub sevincə səni?.."   

 

Ətrinmi ətrindən, saçınmı bu cür?

Yaman yada saldı bu gecəm səni.

baxma ki, sevgidən gözüm su içmir,

ölüncə yolunu güdəcəm sənin…

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)