Güney Azərbaycanın xanım şairi Məryəm Gözəlinin şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri Məryəm Gözəlinin şeirləri ilə tanış edəcək. 

 

Məryəm xanım Gözəli 1984-cü ildə Təbriz şəhərində doğulmuşdur. Onun şeirləri güneydə müxtəlif qəzetlərdə, jurnallarda, ədəbi saytlarda dərc edilmişdir.

 

 

SEVGİ NƏDİR?

 

Sevgi nədir, bilirsənmi?!

Quş qanadı, yaz səsidir.

İki ruhun bir ürəkdə,

Çırpınması, əsməsidir.

 

Sevgi nədir, bilirsənmi?!

Könüllərin coşmasıdır.

Bülbüllərin tər çiçəyə,

Həzin nəğmə qoşmasıdır.

 

Sevgi nədir, bilirsənmi?!

Odlu yoldur haqqa bağlı.

Sevilənin qəlbi daşdan,

Sevənlərin könlü dağlı.

 

Sevgi nədir, bilirsənmi?!

Qutsal inam, təməli düz.

Ağlar gözün damcısına,

Sinəsini sərəcək üz.

 

Sevgi nədir, bilirsənmi?!

Gizli-gizli yada düşmək.

Ya dəlicə bir insanı –

Sevib, yanar oda düşmək.

 

 

SƏNSİZ YAŞAMAĞI BACARMAQ

 

Nədən xatırlasın, nəyi ağlasın?!

Arzusu heç olan bəlalı könlüm.

Əlini üzəndən, ayağa düşdü,

Çılğınca vurğunun olalı könlüm.

 

Ürəyimdə sənsiz illər ötüşəm,

Yaradır, həsrətdir, bəlkə də nifrət.

Məndən uzaq, səndən yaxın bir dünya,

Titrədir qəlbimi, qopur qiyamət.

 

Bitsin bu həsrətin kabusu, yetər

Sənsiz yaşamağı bacaram gərək.

Artıq öz qaydıma qalmalıyam mən,

Mənsiz ürəyində qalsa da ürək.

 

Bu sevgim yadına düşər, ağlarsan,

Məzarda gözümə torpaq atanda.

Əlin əllərimi istər, yetişməz

Soyuq torpaqların altda yatanda.

 

 

QADIN

 

Ürəyi içinə uçan ay qadın,

Nə üçün həsrətə könlünü verdin?

Həyat öz qəmini daşısa bəsdir,

Köçəcək özünlə məzara dərdin.

 

Dərdini kim qanıb başa düşəcək?

Bütün hesabını həyatdan ayır.

Xalların gözünlə əkiz doğulub,

Hörüyünə qəmli gecə oxşayır.

 

Yanan ürəyini söndürmək üçün,

Yalnız gözlərindən pay ummalısan.

Haqsızlar qarşında halal haqqına,

Çarasız-çarasız göz yummalısan.

 

Yanıb-yaxılıbsan yanar odlara,

Gülməz dodaqların, açılmaz eynin.

Ümidsiz yaşayıb düşdün ayaqdan,

Dolubdur qaranlıq sabahla beynin.

 

 

HEÇ İŞİN GƏLMƏDİ XOŞUMA DÜNYA

 

Xəyalında sitəm, ürəyində kin,

Unutdun şərəfi, arını yedin,

Həyatın ağ günün, qəlbin sevincin,

Ömrümdən, günümdən daşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Göz etdin gözünə yaman gözlünü,

Xalqa hakim etdin acı sözlünü,

Üzünə, üz tutdun hər min üzlünü,

Üzümdən arımı qaşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Haq söz boyaxlanıb satıldı əldə,

Qananlar boğuldu gözündə seldə,

Elin ağır yükü yer saldı beldə,

Yığdın nə dərd varsa başıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Üzün min üz görüb, hər işin oyun,

Nə zatın bəllidir, nə də ki, soyun

Yasa qərq eyledin çox igid toyun,

Ağını caladın aşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Dilim həsrət qaldı dadlı dadlara,

Varlığım alışdı, yandı odlara,

Vətən oğulların əydin yadlara,

Baxmadın gözümdə yaşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

 

QİSAS

 

Ürəyim dağ, gözüm bulud,

Güləm, şaxta kəsir məni.

Duy məni sən təbiətdən,

Dinlə, lalə əsir məni.

 

Hər insanın həyatının,

Bənzəri var təbiətə.

Sanki mənəm sarı yarpaq,

Pay olmuşam bu dəhşətə.

 

Dondurduqca buzu şaxta,

Daş ürəklər gözdən keçir.

Arı güldən şəhd əmən tək,

Qanımı bu yaşam içir.

 

Gülüşlərim yaz çiçəyi,

Göz yaşlarım gül üstə nəm.

Həyat gündür, ömrümsə qar,

Gün dəydikcə yanır sinəm.

 

Şimşəklərdir hönkürməyim,

Ağlayarkən için çalar.

Xəzan mənim yaşamımdır,

Qisasını yazdan alar.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)