POETİK QİRAƏTdə “Adsız”

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Həyat fəlsəfəsi” söyləyir.

 

HƏYAT FƏLSƏFƏSİ...

 

(Sonsuz bir ümman olan həyat fəlsəfəsinin bir damlasını yazmaq istədim...)

 

Yozumu, çəkisi ağır mövzudur --

Onu dərk etməyən baş yüngül olmuş...

Başın, başa düşmək dadı-duzudur,

Başı qovzamayan başa kül olmuş...

 

Hər gün aldanırıq, tükənir həvəs,

İnsandan yıxılır insan olan kəs...

Bir düzü əyməyə bir milli yol bəs,

Əyrini düzəltmək nə müşkül olmuş!..

 

İstər münəccim ol, istər filosof,

Bir sual əsiri -- hər çəkilən off...

Gizlədib batində gəzdirdiyin xof

Səndemə daddığın bir kəşkül olmuş...

 

Qınayan az deyil bəxt-muradını,

Dalğa da uçurmaz xoşyar adanı...

İnsan yaranırkən, bəs Yaradanı

unudub, nəfsinə nədən qul olmuş?!.

 

Müəmma gizlində, ya da sirdə yox,

Nəfəs tək pəncərə olan yerdə yox...

Qapını qapayan qalın pərdə yox,

Onun da önündə zərif tül olmuş...

 

Fitnə-fənd ülfətin yaman şişidir...

Nəfsin hər felini qulaq eşidir...

Sevgi də, dostluq da könül işidir,

Könül bulandıran dibsiz dil olmuş...

 

Qəzəb,hədə, hədyan cəm cürət deyil,

Şöhrətə yürümək -- cəhd sürət deyil,

Üzdə hər təbəssüm səadət deyil,

O da ötərgi bir əsim yel olmuş...

 

Gecənin gecindən sübhdür ağaran...

Zaman bir dağ çayı, iti axar an...

Suları duruya, safa çıxaran

Sulardan ayrılıb, çökən lil olmuş...

 

Ağ olduq vicdanı sərvaxt, oyağa;

Arxa da çevirdik arxa-dayağa...

Tikan sancılsa da ələ, ayağa,

Ürəyi qanadan, gül ki, gül olmuş!..

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)