“Cümə günü Əbülfətqızının 10 sualı” rubrikasında şair Qulu Ağsəsdir Featured

Rate this item
(6 votes)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Çox səbirsizliklə gözlənən rubrikamızın budəfəki qonağı təqdimata ehtiyacı olmayan, poetik dəryada məharəti ilə dərinlikləri cümlələrində əsir edən dəyərli Yaradıcımız Qulu Ağsəsdir.

 

Xoş gördük, Qulu bəy! Vaxtımızın qanadlarının sürətini nəzərə alıb dərhal suallarımıza keçirəm.

 

1) Dəyərli Yaradıcımız, Siz otağınızda şeir yazarkən otağınızdakı güzgünün dili olsaydı, daxilinizi də hiss etsəydi, bizə nə söyləyərdi?  

 

1. Salam.

İş burasındadır ki, ömür boyu xəlvət yazmışam. Lap uşaqlıqdan- məktəb vaxtı şeirlərimi düzüb -qoşanda məktəb uşaqlarından, ailəmdən utanardım. Bir küncdə yazar və sonra da onu möhkəm gizləyərdim. İllər ötdü, bax bu xasiyyətim dəyişmədi. İndi də hamıdan xəlvət yazır və yazdığımı evin bir küncündə gizləyirəm.

Yəni, sualınıza cavab olaraq deyim ki, yazdığım otaqda güzgünün dili olsa belə, heç nə deyə bilməz, çünki bu proses çox xəlvət gedir.

Bir də yazı ilə bağlı bir sirrimi açım. Mən əlimlə yox, ayağımla yazıram. Yəni, o baş-  bu baş evdə, həyətdə yeriyib şeir yaza bilirəm. Ona görə deyirəm ki, mən şeiri əlimlə yox, ayağımla yazıram.

 

2)Bu beşgünlük dünyada ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

Arzu dediyin can evində ən şuluq kirəkeşdi. ( Qulu Ağsəs)

 

Qulu bəy, bu şuluq kirəkeşin gözləri doyurmu? Yoxsa, onun gözləri doysa, həyat anlamını itirmiş olar?

 

2. Bilirsiniz, əslində, can evi özü də bu dünyada qonaqdır və arzu bu qonaq evinin qonağıdır. Yəni, kirəkeşin kirəkeşi, ikisi də keçib gedir; can evi də, elə arzular da. Bunların ikisinin də gözü, yəqin ki, heç vaxt doymayacaq.

 

3) Qulu bəy, Yaradıcı kimi imzanınız hər kəsə məlum və çox seviləndir. Bir dəfə Sizə qiraətim göndərilmişdir, çox kiçik və hər filoloqun hiss etmədiyi bir nöqsanımı söyləmişdiniz. O zaman anladım ki, Yaradıcımız dilimizin qrammatik qayda-qanunlarını bilən və öz doğma dilinə aşiq biridir. İndi belə bir suala cavab istəyirəm;

İndiki zamanın dayanacağında durub, keçmiş zamandakı itən arzularınızı xatırlayıb, gələcək zamandakı gerçəkləşmiş arzular otağına dəvət etməyə həvəsiniz varmı? Yoxsa, keçmiş keçmişdir - deyib, keçmişi gələcəyə sürümənin anlamı yoxdur - deyib, keçmişin qapısına iri bir kilid vurursunuz?

 

3.Qısaca belə demək istəyirəm, əvvəla, mən  şeiri pıçıltı ilə deməyin tərəfindəyəm. O haqda şeirim də var və buna qayıtmaq istəmirəm.

Şeir pıçıltı ilə yazılar, şeir lal yazılar və sükutla oxunar. Qiraət də belə olmalıdır; sakit və mümkün qədər pafosdan uzaq.

Keçmişlə gələcəyə gəlincə, mənə elə gəlir ki, hər bir insan yolçudur və bu yol onun ağlı ilə ürəyi arasındakı yoldur. Hər bir adam öz ağlı ilə ürəyi  arasında addımlayır. Kim hara gedir, nə qədər gedir bu artıq başqa bir şeydir.

 

4) Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

-sən kimsən?-

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki, altındakı skamyada bir yol özü oturmayan yorğun ağacam.( Qulu Ağsəs)

 

Qulu bəy, qışda donmasınlar deyə, “daxilinizi ovub, yuva düzəldib isindirdiyiniz, yayda isti bişirməsin deyə, ayaq üstə dayanıb kölgə yaradıb qoruduğunuz “dostlarınız" naxələf çıxanda hansı cümləni işlədirsiniz? Və yaxud, ümumilikdə dost deyib arxadan qılınc vuranlara nə söyləyərdiniz, amma poetik dillə söyləmənizi xahiş edirəm.

 

4.Dost axtarışı gənclik vaxtlarında olur. Sonra insan artıq özünə qapılır, xüsusilə yaradıcı insanlar dost-düşmən axtarışından vaz keçir. Yəni, onun üçün artıq nə dost var, nə də düşmən. Mənim üçün insan var, İnsan!  İnsan həm dostdur, həm də düşmən. O insan da uzaqda əlçatmaz bir varlıq deyil, o mənim özüməm. Mən həm özümün dostu, həm də düşməniyəm. Ona görə də heç bir xəyanətdən incimirəm və bu, artıq məni  təəccübləndirmir.

 

5)Qulu bəy, müsahibələrin birində söyləmisiniz ki: " Əgər mən şeiri dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı, getdi. Bunu bir dəmir yolu kimi təsəvvür etmək olar."

 

Qulu bəy,  " şairəm "- deyib söz torbasını çiynində yük edib, dadsız-duzsuz misralarla aşpazlıq edən "dahi yazarlara" tövsiyəniz?

 

5.Mənim nəzərimdə iki cür şeir var; rəsm şeirlər və foto şeirlər. Yəni, bunun hər ikisinin də gözəl nümunələri yaradılıb. Amma mən foto şeirlərin yox, rəsm şeirlərin tərəfindəyəm. Yəni, ola bilər hər ikisi gözəl sənət əsəri yarada bilib; biri fotoaparatla, o birisi fırça ilə. Mən rəsm şeirin tərəfindəyəm və onları çox sevirəm.

 

6) Y. Höteyə görə: "İnsanları birləşdirən duyğular, ayıran isə fikrlərdir."

Qulu bəy, duğuların nə zaman fikrləri ortaq məxrəcə gətirməyə gücü çatmır? 

 

6.Məncə, duyğular insanları birləşdirmir. Məncə, duyğular insanları təkləyir. Bəlkə, fikirlər daha çox birləşdirir. Mənim fikrimcə, duyğu insanları təkləyir.

 

7) Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın. (Qulu Ağsəs)

 

Dəyərli Yaradıcımız, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?

 

7. Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var." Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.

 

8) Qulu bəy, əvvəl Günəş illüziyası yaradıb, sonra közərən ulduza çevrilib, daha sonra da axıb yoxa çıxan  "müvəqqəti ulduzlara" nə söyləyərdiniz?

 

8.Mənim üçün illüziya olsa belə, yenə Günəşdir. Mən səhər oyananda yuxarıda Günəş olmasa, tez ona "sms yazıram: işə çıx, mən səni gözləyirəm."

 

9)Platonun möhtəşəm bir deyimi var: "Boş baş şeytanın iş otağıdır."

Qulu bəy, bu "iş otağını" ləğv etməyə indi sözün gücü çatırmı?

 

9.Əgər doğrudan da, boş baş Şeytanın iş otağıdırsa, Sizə bir şeyi etiraf edim: "Bu Yer kürəsi Şeytanın ofisidir."

 

10) Qulu bəy özü ilə çoxmu dialoq qurur və o, özünə necə müraciət edir? Əsəbi olarkən hansı tərəf haqlı çıxır Şair Qulu Ağsəs, yoxsa, Qulu bəyin daxilində gizlənən və gizli qalan obraz?

 

10.Nəhayət, sonuncu-onuncu suala cavab. Bizdə belə bir deyim var: " Deyirlər ki, öz-özünə danışan adamlara dəli deyirlər." Amma mən belə deyirəm və sözümün üstündə dururam ki, öz-özü ilə danışmayan adamlar dəlidir. 

Da indi Siz nə deyirsiniz deyin; istəyirsiniz dəli deyin, istəyirsiniz ağıllı.

Mən artıq çoxdandı haqlı-haqsız ovuna çıxmıram, hər kəsi dinləyir və heç kəsə qulaq asmıram...

 

-Qulu bəy, Əbülfəzqızı da gün ərzində bir neçə dəfə öz-özü ilə dialoq qurur, ağıllı deyək.   

 Dəyərli və öz qələmi ilə fərqlənən  Yaradıcımız, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk, vaxtınızı halal edin. Ən çox  hansı sualı bəyəndiniz?

 

-Ən yaxşı "11-ci" sualınızdır- qıyıb vermədiyiniz. Əlbəttə, bu bir zarafatdır, hamısı yaxşı idi, kaş ki, bircə cavabım babat olaydı!

 

-Səmimiyyətinizə görə  Sizə təşəkkürümü bildirib, ömür payınızın uzun olmasını diləyirəm, çünki gənc yazarların Sizin yaradıcılığınıza çox ehtiyacı var.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)