KİTAB BƏLƏDÇİSİndə “Altı nömrəli palata” Featured

Rate this item
(4 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

O, bəşəriyyəti yalnız vicdanlılara və alçaqlara bölürdü, orta hədd tanımırdı.

Anton Çexov

 

 Həyatımda ilk dəfədir ki, bir kitabı oxuyub bitirdikdən sonra hafizəmi itirməyi arzu edirəm. Çünki yalnız bu sayədə bu kitabla yollarımız yenidən kəsişə bilər. Belə bir halın mümkün olmaması məni onu deməyə sövq edir ki, eyni beyinlə “Altı nömrəli palata” əsərini oxumağa taqətim yoxdur.

Kitabda Vladimir Nabakovun Anton Çexov haqqında fikirləri Qismət Rüstəmov tərəfindən tərcümə olunmuşdur. Orada bir hissə diqqətimi çəkdi. Deyilirdi ki, boğulmuş gülüşlə əsnəmə arasında səs çıxaran yazıçılar var. Bəzilərində isə bu gülümsəmə ilə hönkürtüarası bir şey alınır. Çexovun yumoru isə bütün bunlara yaddır. Çexov şən adamlar üçün kədərli hekayələr yazırdı...  

İçində dəli adı altında cəmiyyətin iç üzünü göstərən ən ağıllı adamların yatdığı xəyali bir xəstəxana düşünün. Düşündünüzsə, başlayaq.

Əsərə ilk başladığımız anda xəstəxananın həyətində nisbətən aralıda, əsas binanın yanında tikilmiş əlavə tikilidən söhbət gedir. Daha da irəlilədikcə buranın necə natəmiz şəraitdə mövcud olduğunun şahidi oluruq. Hansı ki bu tikilidə beş dəli müalicə alır.

Bu xəstələrdən (dəlilərdən) biri nisbətən arıq, çəlimsiz və vərəm xəstəsidir. Digəri isə balacaboy, diribaş, nə az, nə də çox, burada iyirmi il müalicə alan, cuhud Moyseykadır. Xəstəxanadan kənara çıxmasına icazə verilən tək xəstə. Üçüncü xəstəmiz həyatdan əlini üzmüş, ətrafında olanlara heç bir reaksiya verməyən, mənasız, küt sifətli, gonbul bir kişidir. Dördüncü xəstəmiz isə köhnə post çeşidləyicisidir.

Gələk sonuncu xəstəmizə. Kitabda üçüncü olaraq bəhs edilsə də, mən onu ən sona saxladım. Bu obrazın taleyinə nəzər saldıqda həyatın necə də acınacaqlı olduğunu bir daha xatırlayırıq. Həm sanballı, həm də varlı məmur Qoromovun oğlu olan, İvan Dmitriç...

Bəli, necə ola bilər ki, onu həyat ömrünün sonuna qədər xəstəxana adlansa da, əslində, həbsxana adlanan bu dörd divara məhkum edə bilər?

Atası öldükdən sonra universiteti yarıda qoyan və ucuz qiymətə dərs deməyə başlayan İvan həyata istədiyi kimi heç zaman tutuna bilmir. Anasının ölümü, daha sonra xəstəliyi səbəbi ilə işdən çıxarılması İvanı daha da təsirləndirir. Xasiyyəti və dəymədüşərliyinə əsasən heç kimlə uyuşa bilməyən İvan tək çarəni kitablarda tapır.

Ağrı-acı dolu taleyi əsasən ona rəğbət bəsləyən çevrəsi, nə yazıq ki, onu tez bir zamanda da unutmağı bacarır. Bəs onu gözləyən acı tale nə zaman başlayır?

Qeyd etmək istəyirəm ki, tarixə nəzər saldıqca həyasızlıq və işgəncənin, ədalətsizliyin öz gücünü gün keçdikcə daha da artırması çox bədbəxt haldır. İvan məhz bu ədalətsizliyin əlinə keçməkdən qorxur. İşləmədiyi bir günahın ruhuna hökm edən yükü onu zamanla xəstə edir. Xəstəxanaya yatırılır və yatdığı xəstəxanada digər xəstələri narahat etdiyinə görə həkim Andrey Yefimiçin sərəncamıyla Altı nömrəli palataya keçirdilir.

 

(Sizcə də bu xəstələr ağrı və acının müəyyən dərəcələrini ifadə etmiş ola bilərlərmi? Çexovun yumoristik qələmi bizə bu beş xəstə ilə nələri çatdırmaq istəyirdi?!)

 

Həkim Andrey Yefimiç həkim olmağı seçməsə də, atasının onu məcbur etməsi nəticəsində bu yolu seçməyə məcbur olur. Andrey Yefimiçin həyatına nəzər salsaq, görürük ki, o, əslində, sadə, nəvazişli və ədalətli bir insandır. Lakin əgər bir insan sevmədiyi işi görürsə, bu, nəticə etibarilə onun işinə zamanla etinasız yanaşmasına səbəb olur. Çox qəribədir ki, Andrey Yefimiçin adamyovuşmazlığı eynilə İvan Dmitriç ilə oxşardır.

Günlərin bir günü həkim Andrey Yefimiç xəstə Moyseyka səbəbilə palataya daxil olmağa məcbur olur. Və...məhz bunun nəticəsidir ki, İvan ilə Andrey Yefimiçin ağılalmaz və bir o qədər də təsirləndirici dialoqu başlayır. İvanın keçmiş mütaliə qabiliyyəti nəticəsində öyrənmiş olduğu müəyyən biliklər, daxili düşüncələri, çarəsizliyi, çırpınışları Andrey Yefimiçi heyran edir. Başlıqda qeyd etdiyim həmin cümlə Andrey Yefimiç tərəfindən İvan üçün söylənir. Bu iki insanın ünsiyyəti çevrədəkilər tərəfindən elə də yaxşı qarşılanmır. Hər kəs Andrey Yefimiçin zamanla dəli olduğunu düşünür.

Və... Andrey Yefimiçin əmri ilə İvanı palata divarları arasına məhkum edən Tanrı, eynilə Andreyin həkim tərəfdaşı Xobotov tərəfindən eyni palata divarları arasına həbs edilməsinə səbəb olur. Nəticə isə çox acı bir son! Bəli, bumeranq!

Əsərdə Çexovun söyləməyə, çatdırmağa çalışdığı ədalət necə də məğrur idi. Halbuki, onun qələmə aldığı heç bir obrazı Çexovun sözünə baxmırdı. Yazıçı sanki obrazları ilə fikirləri arasına möhkəm bir sədd çəkmişdi. Çexov ədaləti necə də mərhəmətli idi və bir o qədər də cəsarətsiz obrazların ayaqları altında əzilməyəcək qədər azad!

 

Sonluğu Moyseykanın tək cümləsi ilə bitirirəm.

-Bir qəpik ver!

Bəli, əziz dostum, dilənçinin qiyməti bir qəpikdir. Biz isə dəyərsizik!

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)