POETİK QİRAƏTdə “Xatirələr gecəsi”

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Xatirələr gecəsi” söyləyir. 

 

Daha yuxularım sənsiz ötməyir,

Ötən günüm olur, saatım olur.

Sinəmə əkdiyin həsrət bitməyir,

Bitərək anbaan həyatım olur...

 

Həmdəmim sükutum-sadiq sirr ünüm,

Ağzımda bal dadır zəhər gecələr.

Çəkilir gözümdən mürgü şirinim,

Bəs niyə çəkilmir səhər gecələr?!

 

Gətir varlığını yoxumun üstə,

Bəlkə xəyalların eşidir məni...

Gecəni örtürəm yuxumun üstə,

İsti yuxularım üşüdür məni...

 

Bu ağrı nə uzun yol gəlib çatıb --

İçimdə qırılan ümid sapımı?!

Bir yalquzaq kimi gündüzlər yatıb

sənsizlik gecələr döyür qapımı...

 

Təbi sətir-sətir sözə calayır;

Hənirin ruhumu ətirləndirir.

Məni düşüncələr didib-talayır,

Səni xatirələr xətirləndirir...

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)