BİRİ İKİSNDƏ – Taleh Mansurun İbrahim İlyaslı ilə söhbəti Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə sizlərə müsahibə təqdim edirik, Taleh Mansurun şair İbrahim İlyaslı ilə müsahibəsini.

 

 

“QƏLƏMİMİN BEŞİYİ O MÜRƏKKƏBQABIDI…”

 

Sizin də məhləyə yağış yağırmı,

Sular söyləşirmi navalçalarda?

Ala gözlərinə qonan buludun

Neçə yaşı olur bu son baharda?

 

Son bahara hələ bir az var... Qızmar yay günlərinin birində bu dörd misranın sərinliyinə sığınıb Bakıdan Sumqayıta – şair İbrahim İlyaslı ilə müsahibəyə gedirəm. Görüş yerimiz Əli Kərim adına Poeziya evidir...

Həmişə olduğu kimi, yol boyu müsahibə öncəsi yazacaqlarımı düşünürəm. Yol üstə doğulan fikirlərin mənzili yaxın, hədəfi uzaq olar. Ürəyim doludu, fəqət ürəyin karvan yükünü cümləyə çevirmək çətinliyini çəkirəm. Çox çəkmir bu çətinliyin cəfası. Şairin şeiri çatır köməyimə. Nə yaxşı ki, şeir var, adamın əlindən tutur. Ürək tutan bütün misralar adamın əlindən də tutur. Fürsət bilib düşüncələrimi bu dörd misra ilə əhatəyə alıram. Qara düşüncələrin başının üstünü Çingiz xanın uğur buludlarına – ağ buludlarına bənzər buludlar alır. Düşüncəm ağ günə çıxır. Bir də baxıram ki, düşüncəmə şıdırğı yağış yağır. Göy çəmənin ot üstə doğulan çiçəkləri kimi şeir cümlələr doğulur kağızın ağ sinəsində. Şairi ya şeir misraları tərif edər, ya da şeir cümlələr. İbrahim İlyaslı, sözsüz, şairdi, eyni zamanda sözlü şairdi, sözün əsl mənasında. Niyəmi? Çünki əli ürəyinin üstündə sözün qayğısına qalır, sözün başına dönür, sözü şeirə sevərək çevirir. Məncə, onun ürəyi sözün şeir, qələminin yükü qanın mürəkkəb halıdı. Məhz buna görədir ki, qələmindən qopanlar dolanıb ürəkdən keçir, cismlə ruhun arasında qırılmaz bir könül körpüsü yaradır. O körpüdən təkcə oxucuları yox, özü də keçir. Bəlkə də, o, yeganə şairdir ki, hansı şeirini oxusan, onun öz səsində, nəfəsində eşitmiş olursan. Şair öz səsini, nəfəsini qələmə alanda diri misralar doğulur. Ölən ümidlərə, nakam arzulara həyat verən də elə bu misralar olur. Bu mənada İbrahim İlyaslının mübarək misraları özü kimi xeyirxah və təəssübkeşdir. Altmış yaşlı şairlə həmsöhbət olmalıyam. Bilmirəm təsadüfdür, ya nə, son zamanlar yaşı altmışı haqlamış söz adamları ilə həmsöhbət oluram. Allah axırını xeyrə, yaşımı altmışa calasın.

 

– Sizə şeirdən, sözdən qeyri bircə sual belə vermək istəmirəm. İlk dəfədir ki,

suallarımın bir-birinə bənzəməsindən zərrə qədər də narahatlıq keçirmirəm. Söz

suallarıma İbrahim İlyaslıdan şeir cavablar istəyirəm. Çətin olmaz ki?

 

– Yaddaşım etibarsızlıq eləməsə, olmaz. Əslində, ömrün altmışına söz suallara şeir

cavablar axtara-axtara gəlib çıxmışam. Gücüm çatan sualları cavablandırmışam, gücüm çatmayan suallar haqda isə, sadəcə, düşünüb-daşınmışam. Axı elə suallar var ki, cavabı yoxdu. O suallar haqda düşünüb-daşınırsan, vəssalam. Misal üçün, bəşəriyyət “Şeir nədir?” sualına cavab tapmaqda acizdi. Sözə, şeirə bağlı suallara cavablar axtararkən gərək bunu da nəzərdən qaçırmayasan. Bu, natamamlıq və ya bilgisizlik deyil, əksinə, qanunauyğunluqdu. Qanunauyğundur ona görə ki, bütün anlayış və məfhumlara sözlə tərif verilir. Sözlə sözə nə cür tərif vermək olar? Amma sual sözə bağlıdırsa, yəqin, onların cavabını bilməmiş deyiləm. Sənin bu söz sualına, dediyin kimi, şeir cavabı verəcəm. Onsuz da şeirdən başqa heç nədə və heç yerdə özümü ürəyim istəyən kimi ifadə eləyə bilmirəm.

Nə baxarsan ağ varağa umudnan,

Görmürsənmi ilham səndən qaçaqdı.

Əlin saza, dilin sözə yatmırsa,

Şair qardaş, demək, ruhun naçaqdı.

Demək, qəlbin qələminlə düz deyil,

Deyəcəyin sağ-əməlli söz deyil.

Görmürsənmi göylər hələ döz deyir,

Qanmırsanmı qara damın alçaqdı.

Niyyətini qat gözünün yaşına,

Sürt üzünü torpağına, daşına.

Bir də dolan, beş də hərlən başına,

Nə bilmişdin, şeir pirdi, ocaqdı.

 

– Müsahibələrinizin birində oxumuşam, 50 yaşınızda şeir kitabları oxumadığınızı

deyir, az şeir yazmağınızdan şikayətlənirdiniz. On ilə nə dəyişdi?

 

– Heç nə dəyişmədi, yenə də nəsri daha çox oxuyuram. Qaldı şeirə, şeir kitablarına,

bilirsən, insan bir şeyin mahiyyətini bütövlüklə biləndən sonra heyrətlənməkdə çətinlik çəkir. Heyrət yoxdursa, maraq da azalır. Həm də düşünürəm ki, şeiri özüm də yazıram, burda heyrətlənəcək və çətin nə var ki (gülür). Demirəm poeziyada diqqətimi çəkən heç nə yoxdu. Var, amma çox azdı. Ona görə çağdaş nəsr çağdaş poeziyadan daha çox yeni və maraqlı görünür mənə. Bəlkə də, nəsr oxumaq ehtiyacı onu yaza bilməməyimdən irəli gəlir. Ədəbiyyatı azdan-çoxdan oxuyandan, mahiyyətinə varandan sonra qənaətə gəlirsən ki:

Qələm-dəftər, dörd divar,

Sevinc, qəm, giley-güzar.

Şeir qoşmağa nə var,

Şair olmaq zülümdü.

Yazmağa gəlincə, yenə də az yazıram. Özüm az yazıram deyə, buna haqq qazandırmıram. Çox adam deyir ki, az yaz, saz yaz. Niyə ki? Elə çox yaz, həm də saz yaz. Görünür, az olsun, saz olsun ifadəsi elə qafiyə xatirinə deyim halına gəlib. Bəzən qafiyə olmayan fikirlər belə həqiqəti əks etdirə bilir. Həm də indi şeirin orbitinə, qəbuluna düşmək çox çətindi. Bilmirəm, müqayisəsi caizsə, tutaq ki, ibadətə gedirsən, sən ibadətə o qədər saf, o qədər təmiz, o qədər duru getməlisən ki, etdiyin dualar, ibadətin qəbul olunsun. Bəzən cəmiyyətdə elə şeylərlə qarşılaşırıq ki, kənar durmaq, halal yaşamaq mümkün olmur. Nə qədər qaçsan da, könüllü olmasa da, bu və ya digər şəkildə, cəmiyyətin o çirkablarına bulaşmalı olursan. Misal üçün, adicə bir şey deyim, olur ki, nəyəsə və kiməsə haqsız yerə qəzəblənirsən, könlünə dəyirsən, bunun özü belə insanı pak halından çıxarır. Mən şeiri ancaq təpədən-dırnağa pak olanda yazıram. Bəlkə də, elə buna görə az yazıram...

 

– Nəqşibəndi müridlərinin dizinin dibində böyümüsünüz. Bu mövzuda sual

verməsəm, İbrahim İlyaslı şeirinin sufi qəlbinə toxuna bilərəm. Nəqşibəndliyin on bir təməl prinsipinin üçüncü – “Vukufi-Kalbi” müddəasının əsas məğzi qəlbə vaqif olmaq, onu oyaq tutmaqdır. Qəlbimizə vaqif ola, onu oyaq saxlaya bilirikmi?

 

– Öncə onu deyim ki, kimlərsə nəqşibəndliyi elm kimi öyrənir. Nəqşibəndlik, mənə görə, bilgi hadisəsi deyil. Bu artıq fəhmlə, duyğuyla, hisslə bağlı olan bir məqamdı. Elə nəqşibəndi müridləri tanıyırdım ki, çoban idilər. Adam var, irfanla, nəqşibəndliklə bağlı kitablar oxuyur, amma gerçək çoban müridin məqamına çata bilmir. Dediyim odur ki, məsələnin bu tərəfi mənim üçün həqiqət və məqbuldur. Mənim şeirlərimdə də bu təriqətin əsintiləri duyulmaqdadır. Hətta Aftandil Ağbaba bu haqda “Tənhalıqdan təsəvvüfə gedən yol” adlı yazı yazmışdı. Adilə Nəzər altmış illiyimlə bağlı yazısında da bu məqamlara toxunmuşdu. Bunu bir çox ədəbiyyatşünas da duyub yazıbsa, razılaşmaya bilmərəm. Bütün bunlar mənim bilgimdən, məqsədimdən irəli gələn şeylər deyil. O əsintilər təriqət əhlinin nəfəsi ruhuma dəyib deyə, şeirlərimdən boy göstərir. Konkret yozumum belədir. Bunu çox yerdə demişəm, rəhmətlik Mustafa babam bu təriqətin bilicilərindən, müridlərindən idi. Babamgilə çoxlu müridlər gəlirdi. Rəhmətlik Hilal nənəm namaz qılsa da, bu elmə dərindən bələd deyildi. Amma müridlərə yorulmadan qulluq edirdi. Rəhmətliyin bir sözü var idi, Allaha müraciətlə deyirdi ki, bilən bildiyinə ümidlidi, mən də sənə ümidliyəm. Müridlər nənəmə deyirdilər ki, sən etibarlı yerə ümidlisən. Ümid olanda nə olar, gərək etibarlı mənzilə ünvanlansın. Suala gəlincə, insanın düşüncəsi qaranlıq və yuxuludursa, nəinki başqalarının, heç özünün də qəlbinə vaqif ola bilməz. Düşüncən günəşli və ayıq olanda, bütün könülləri öz qəlbin biləndə vaqif olursan öz qəlbinə. Bizi oyaq tutan da, ayıq tutan da qəlbimizdi. Bir də ki mükəmməl cavab almaq üçün bu sualı Məhəmməd Astanbəyliyə ünvanlamaq lazımdı. O, sənin sualını yetərincə cavablandıra bilər. Məhəmməd Astanbəyli yeganə şairdi ki, o təriqəti həm də həyat idealına çevirə bilib. Mənim bir şeirim var, orda belə bir misralar var:

Röyada pir babam sözünü dedi,

Söz demədi, sözün özünü dedi.

Yığma göy üzündən gözünü, dedi,

Yerə şah, göylərə nökərəm indi.

 

Dərviş olamadım, dərviş misalam,

Ayıbıma koram, ağlıma lalam.

Hörülüb hasarım, qurulub qalam,

Adım İbrahimə şikaram indi.

 

– Təriqətdən söz düşmüşkən, sufi şeyxi Tapdıq Əmrə deyirdi, madam ki, niyyətin

eşqdir, ən ağır imtahan da onunla olmalıdır. Mənə görə, İbrahim İlyaslının eşqi sözdür. Bəs İbrahim İlyaslıya görə, eşqin-sözün ən ağır imtahanı nədir?

 

– Eşqin ən ağır imtahanı elə o eşqi yaşamaqdı. Eşq sözü də söz kəlməsi kimi qısadı. Üç hərfdən, üç səsdən ibarətdi. Amma eşqin də, sözün də məğzi-mahiyyəti geniş, ömrü daha uzundu, müdriklər demiş, ölüncədi. Yəni eşqi bu gün duydum, sabah hiss etmədim, vaz keçdim, eşqə nöqsandır. Ümumiyyətlə, şairin ən ağır imtahanı şairliyi müəyyənləşdirən kriteriyalara bağlıdı. Bu imtahan halallıq və azadlığın müaşiqəsində keçir. Bu imtahandan çıxmaq üçün düşüncə və cəsarətin də olması mütləqdi. Aydın məsələdi ki, şeir ilk növbədə duyğu hadisəsidi, ikinci planda dil hadisəsidi. Şairin özünə inamı və halallığı yoxdursa, azad və düşüncəli deyilsə, yazdığı şeirdən bir şey hasil olmayacaq. Sözü şeir halına salıb narahat etməyin də ahı, günahı var. Mən heç bir şairi bu mənada günahkar görmək istəmirəm. Ən sevdiyim və ən ciddi şairlərimizdə belə bir qüsurlu misra, bənd görəndə ağrıyıram. Ürəyimdə deyirəm ki, nə olar, etmə bunu, sən ki bilirsən bunu etmək olmaz. Sadaladığım bütün bu yanlışları özüm etməməyə çalışıram. Şeirlərim var ki, yazıldıqları halına təkrar dönə bilmirəm deyə, yarımçıq qalıb. Əlbəttə, peşəkarlığımdan və təcrübəmdən istifadə edib onu başa çatdıra bilərəm, amma ürək və ağıl deyir ki, etmə!

 

– Öz ömrünüzün böyük hissəsi Sumqayıta, söz ömrünüzün az qala küllü Sumqayıt

ədəbi mühitinə, daha doğrusu, Əli Kərim adına Poeziya evinə bağlıdır. Bu yaxınlarda “Sizin də məhləyə yağış yağırmı?” misrasıyla başlayan bir şeirinizi dinlədim öz ifanızda. Gördüm ki, Sumqayıtda yazılan şeirləriniz hələ də İncə Dərəsindən, İncə çayından nəm çəkir.

 

– O sualına bir balaca düzəliş etmək istəyirəm. Mənim yazdıqlarımın tutduğum vəzifəyə heç bir dəxli, aidiyyatı yoxdu. Vəzifə ədəbiyyata xidmət işidi və bunu edirik. 33 ildir ki, poeziya evinə rəhbərlik edirəm və heç vaxt məmur masamda bir misra belə yazmamışam. Yaza da bilmirəm. Ümumiyyətlə, gərək adam masaya da mehrini salsın. Bir haşiyə çıxım, yəqin, bilirsən, indi taxta kəsmək üçün çox dəqiqliklə işləyən müasir aparatlar var. Bilmirəm, fikir vermisənmi, bütün dülgərlər o dəqiq işləyən müasir aparatlardan çıxan taxtalara sonda əlləri ilə sığal çəkirlər, sanki düzlüyünü yoxlayırlar. Sual oluna bilər ki, millimetrinə qədər dəqiq işləyən aparatda çəkmisən bu taxtanı, niyə əlinlə yoxlayırsan? Cavabı və açıqlaması sadədir, hamarlığı, düzlüyü yoxlamaq bəhanədir, dülgər o sığalla taxtaya məhəbbətini, enerjisini ötürür, imzasını, möhürünü qoyur. Harda olursan-ol, sevgi içində, eşq içində olmalısan. Sən o sevgi içində tarazlaşıb qələmə sarılmalısan. Yazdıqların ruh və enerji daşıyıcısı, ötürücüsü olmalıdır. Qələmi götürdüm və yazdımla bitmir işlər. Anlamalısan ki, hələ qələmə qədər uzun bir yol var. Qaldı Sumqayıtda yazılıb İncə çayından nəm çəkən şeirlərimə, insan dünyaya çılın-çılpaq gəlir, həm də müəyyən bir çəkiylə. Hətta dünyaya gəlincəyə qədər ana bətnində anası vasitəsiylə bir bəlli coğrafiyanın havasını udur, suyunu içir, orda yetişən bitkilərdən yeyir. Bağlılıq elə burdan başlayır. Sonra dünyaya gəlir, ilk addımlarını atır, yalın ayağını torpağa basıb o torpaqdan enerjisini alır. 2-3 kiloqram çəkili bir adam böyüyüb olur 70-80 kiloqram. Anadan olduğu çəkidən başqa yerdə qalan çəkisi insandan deyil, torpaqdı, torpağın verdiyidi. Torpaq onun əlidi, ayağıdı... Və həmin adamın vətəninə, torpağına toxunan olanda sanki onun qolunu, ayağını kəsirlər, başına gürz vururlar. Beləliklə də, insan torpağın bir parçasına çevrilir. Nəhayətdə vətənpərvərlik hissi, vətən sevgisi yaranır. Üstəlik, mənə görə, hər bir coğrafiya təkcə yerüstü, yeraltı sərvətləriylə mövcud deyil, həm də bilmədiyimiz, ağlımızın almadığı ruhani məkandı. Təkcə göylərdə deyil, yerdə də ruhlar dolaşırlar. Və hansı ruh hardan qopub, hansı səmada dolaşır, o haqda da məlumatımız azdı. Amma hər halda, hansısa ruhani məkandan qopur, aid olduğu məkana, vətənə göndərilir və bağlanır. Nə zamansa, istəsə də, qopa bilmir. İndi mən də Qazaxda-Aslanbəylidə doğulsam da, Sumqayıtda həyata atılıb yaşa dolmuşam. Sumqayıt mənim taleyimin şəhəridi. Mən taleyimi özümə doğma hesab edirəm, lap elə doğulduğum yer kimi. Qırx il yaşayasan və doğmalaşmayasan, bu da insafdan deyil. Bu doğmalığı daha geniş açıqlamaq üçün, görünür, köməyimə yenə şeir çatmalı olacaq. Sən göz açdığım Aslanbəyli kəndini xatırladan “Sizin də məhləyə yağış yağırmı?..” misrasıyla başlayan şeirimi xatırlatdın. İş ki belə gətirdi, gərək bu məqamda doğma şəhərin də könlünü alaq, elə “Sumqayıt” şeirimlə:

Doğma ağuşunda sevdik, sevildik,

Sevgilər yaşadıq sulardan təmiz.

Qubalı, qazaxlı, qəbələliydik,

Sumqayıtlı oldu körpələrimiz.

 

Qan-qada da gördük, qələbəlik də,

Şanlı tarixini yazdıq kitaba.

Bağçada şəninə şeirlər deyən

Qızlar nənə oldu, oğlanlar baba...

 

– İlk dəfə özümlə bağlı müsahibimə sual verməli oluram. Ümumiyyətlə, belə bir şey olubmu, rastlaşmamışam. İllər öncə bir müsahibənizdə mənim timsalımda öz gəncliyinizi gördüyünüzü demişdiniz. Ömrün altmış dayanacağını geridə qoymuş biri kimi soruşmaq istərdim, sizə bənzəyənlərin qocalığında da özünüzü görə bilirsinizmi?

 

– Mən yenə də o fikrimdə qalıram, hələ də səndə öz gəncliyimi görürəm. O üzdən indi həm də Talehin timsalında öz gəncliyimlə söhbətləşir və belə demək mümkünsə, həm də müəyyən mənada hesabat verirəm. Mənə bənzəyən gənclərin halal və azad yaşamasını arzu edirəm. Razıyam, indi çətindi o cür yaşamaq. Bir də aşırı halallığı övliyalar, tam azadlığı da sərkərdələr bacarır. Bütövlükdə azad və halal olmasan belə, heç olmasa bunlardan bir az pay götürüb yaşamalısan. Nə zamansa nəfs aldadarsa, yaxud qorxu hissi qədərindən artıq güc gələrsə, ordaca qələmlə vidalaşmalısan. Gəncliyimi gördüyüm gəncə də ilk növbədə mənim yaşıma gəlib çıxmasını arzu edirəm. Və bu gəlişigözəl söz deyil, çox istərdim ki, o gənc mənim indiki yaşımda məndən də böyük uğurlar əldə etsin. Gəncliyi həm də ona görə çox istəyirəm ki, vətənimi, millətimi sevirəm. Vətənimin, millətimin gələcəyini niyə sevməyim ki? Gəncliyi sevməyən adamları anlaya bilmirəm. Gəncliyi niyə sevməyəsən ki? Bizim gəncliyimiz çətin dönəmlərə, ictimai formasiyların dəyişdiyi dövrə təsadüf elədi. Belə bir ortamda duruş gətirmək, dürüst qalmaq çox çətin idi. Amma görünür, elə də kövrək, dözümsüz olmamışıq, ayaqda qalmağı bacardıq. O üzdən gəncliyimdən də, altmış qocalıqdırsa, qocalığımdan da rahatam. İnsan içi rahat olanda rahat yaşayır. Ömrü uzun olur, sağlamlığı yerində, canı da rahat olur.

 

– Arabir saz da ifa edirsiniz, hətta bir balaca irəli gedib deyə bilərəm ki, ustad

aşıqlar kimi ləngərli oxumağınız da var. Bəlkə də, şairə belə bir sual vermək artıqdı, amma şairdən yaxşı mənada nə desən, gözləmək olar. Ürəyin söz rəsmini çəkmək hansıyla asandı, qələmin mürəkkəbiylə, ya sazın mizrabıyla?

 

– Bir çox şeirlərim saz havaları ilə əkiz doğulub. Belə demək mümkünsə, saz havalarının vəhdətində yaranıb. Təbii ki, saza qalxmayacaq şeirlərim də var. Mənə elə gəlir ki, aşıq olsaydım, sıradan yox, yaxşı sənətkar olardım. Hətta şair dostumuz Xaqani Qayıblı saz ifaçısı kimi məni özünə ustad hesab edir (gülür). Sözsüz ki, saz mənə doğmadı. Sazla pis anlaşmıram. Saz məni, mən də sazı başa düşürəm. Ancaq həqiqət budur ki, özümü qələmlə daha rahat hiss edirəm. Qələmlə özümü rahat hiss etməsəydim, həmən bu yoldan çəkinər və heç düşünmədən aşıq olardım. Qələmin mürəkkəbiylə daha sadə dildə anlaşıram. Qələm mürəkkəbi demişkən, birinci sinifdə məktəbdə istifadə elədiyim mürəkkəbqabım indi də yazı masamın üstündədi. Hərdən elə bilirəm ki, qələmimin beşiyi o mürəkkəbqabıdı, bəlkə, elə son mənzili də. Saz çalmaq, oxumaq şairlikdən irəli gələn bir şey deyil, ruhun ehtiyacındandı. Mən hələ aşağı siniflərdə oxuyanda, evdə heç kim olmayanda Aşıq Ədalətin plastinkada ifalarına qulaq asıb ağlayırdım. Onda hələ şeir yazmırdım. Belə demək mümkünsə, ilk şeirlərim saz havalarının təsirindən doğulan göz yaşlarımdan göyərməyə başladı. Ümumiyyətlə, saz səsi mənim şeirlərimin melodiyasıdır. Bir də ki qələm də ürəyin mizrabıdı da. Mizrab sazı dindirdiyi kimi, qələm də ürəyi dilləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)