QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

13-CÜ DƏRC

 

 

Baş Hakim söz götürdü:

-Divanın qaydalarına görə müttəhimə bir prosesin başlanğıcında, bir də sonunda “Özünüzü günahkar sayırsınızmı?” deyə müraciət olunur. Müttəhim Zatikyan Stepan Seqbosoviç! Özünüzü günahkar sayırsınızmı?

Müttəhim yerində qurcalana-qurcalana “Yox” söylədi, ardınca da, guya terror aktını təşkil etmədiyini, ümumiyyətlə orada iştirak etmədiyini, əlində çoxlu alibləri olduğunu dilə gətirdi.

Baş Hakim başını bulayıb üzünü Divan heyətinə tutdu ki, ittiham aktının oxunması təmin edilsin.

Divan heyətindən bir nəfər kürsüyə çıxıb aramla ittiham aktını oxumağa başladı:

-1977-ci ilin 8 yanvar gününü Moskva sakinləri heç vaxt unutmayacaqlar. Həmin gün uzun müddət ölkə əhalisindən gizlədilən inanılmaz bir hadisə baş verdi. 1 böyük və 14 kiçik qardaş xalqın yaşadığı yenilməz Sovet İttifaqında bu qardaşlardan biri nankor çıxdı – kiçik qardaş böyük qardaşa xəyanət etdi. Həmin gün Moskva vaxtı ilə saat 17:33-də İzmaylovo metro stansiyasında metro vaqonuna qoyulmuş bomba partladı. Yeraltı partlayışın ardınca iki yerüstü partlayışlar da özlərini çox gözlətmədilər. Saat 18:05-də xalq arasında KQB adı ilə tanınan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin binasının yaxınlığında – Dzerjinski küçəsindəki 15 saylı ərzaq mağazasında partlayış oldu. Saat 18:10-da isə 25 Oktyabr küçəsində yerləşən 5 saylı ərzaq mağazası partlayışa məruz qaldı. Nəticədə metro teraktı 7 nəfərin ölümünə səbəb oldu, ümumən 3 teraktda 37 nəfər müxtəlif dərəcədə xəsarət aldılar. İstintaq müəyyənləşdirdi ki, teraktları milliyyətcə erməni olan 3 şəxs – Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan həyata keçirmişlər. Qapalı keçən məhkəmə onlara güllələnmə hökmü çıxardı, 1979-cu ilin 30 yanvarında hökm icra olundu. Qeyd edək ki, cinayətkarlarıntapılması heç də asan başa gəlmədi, onların axtarışına KQB-nin, Daxili İşlər Nazirliyinin və Prokurorluğunun ən yaxşı müstəntiqləri cəlb olunmuşdular. Prosesə KQB general-mayoru Vadim Udilov rəhbərlik edirdi.

Ekspert arayışı oxuyub bitirəndə Baş ekspert Baş Hakimə müraciət etdi:

-Cənab Baş Hakim, Divan adından şahid qismində cənab Vladimir Udilovun çıxışının təmin olunmasını sizdən xahiş edirik.

Baş Hakim sözügedən şahidi çıxış üçün dəvət etdi. Şahid Divan heyəti və tamaşaçılarla salamlaşıb dərhal mövzuya keçdi. Orqan işçisinə xas konkretliklə 43 il əvvəl baş vermiş və uzun zaman qaranlıq qalmış bir hadisəyə işıq tutmuş oldu:

-Əməliyyat “Partladanlar” kod adı altında həyata keçirilirdi.  Caniləri şəxsən görən 500-dən artıq şahid ifadələri dinlənildi. Həmin şahidlərin bir qismi burdadır, təkrar üzləşdirmə keçirilsə Zatikyanı tanıya bilərlər. Hadisə yerlərindən götürülmüş qəlpələrdən partlayış törədilərkən istifadə olunan bombanın detalları, istifadə olunan materiallar müəyyənləşdirildi. Bu materialların istehsal və satış yerləri şübhəli bilinən ərazi traektoriyasını  cızmağa kömək etdi: Yerevan, Rostov və Xarkov. Dərhal belə bir versiya ortaya çıxdı ki, terror aktını ukraynalı və erməni millətçilər törədə bilərdilər. Çünki həmin dövrdə Qərbi Ukraynada bəzi millətçi ünsürlər – benderlər meydan sulayırdı, Daşnaksütunun erməni terroru isə dünyanı silkələməkdə idi. İzə çox tez düşüldü. Daşkənd aeroportunda bir KQB əməkdaşı sərnişinlərin birinin əlindəki çantaya diqqət yetirdi. Çanta şahid ifadələrinə görə terrorçuların çantalarının eyni idi. Dərhal vətəndaş saxlanıldı, məlum oldu ki, bu çanta Ermənistanda istehsal olunur. Paralel olaraq ekspertlər də müəyyənləşdirdilər ki, bombanın elektrik qaynağı xüsusi ftor-kalsium örtüklü elektrodla olunub, belə elektrodlar isə yalnız müdafiə sənayesi komplekslərində istifadə edilirdi. Demək, terrorçuların həmin qurumla əlaqəsi üzə çıxdı. 1977-ci il oktyabrın sonunda Moskvanın Kursk vağzalında daha bir terakta cəhd qeydə alındı. Moskva- Yerevan qatarına bilet alan cinayətkarlar içində bomba olan çantanı gözləmə zalında qoyub bir neçə dəqiqəlik çıxmışdılar. Bir milliyyətcə dağıstanlı olan  çoxuşaqlı vətəndaşın ayıq-sayıqlığı nəticəsində (o, skamyada yiyəsiz qalmış və uşaqlarının  qurdalamağa başladıqları çantanın içinə boylanıb orada işə düşmüş saat mexanizmini görmüş, dərhal vağzal milisinə xəbər vermişdi) partlayışın qarşısı alındı, istintaq isə çox gərəkli faktlarla təmin olundu. Çantanın içindən üzərində Ermənistanın atributları olan göy idman kostyumunun pencəyi və 56 ölçülü qulaqlı papaq aşkarlandı, qulaqlı papaqdan isə qara baş tükləri tapıldı. Dərhal Zaqafqaziya istiqamətində bütün milis sisteminə pencəyi olmayan göy idman şalvarındakı qarasaç insanın axtarışı tapşırıldı, tezlilklə Gürcüstan – Ermənistan sərhəddində 55 saylı Moskva –Yerevan qatarının 3-cü vaqonunda belə bir şəxs aşkarlandı. Bu, 1949-cu il təvəllüdlü fəhlə Akop Stepanyan idi. Yanındakı yoldaşı isə 1954-cü il təvəllüdlü rəssam Zaven Baqdasaryan idi. Onlar Moskvaya nə səbəbə getdiklərini izah edə bilmədilər. Beləcə, bu iki şəxs həbs edildi. Stepanyanın anası oğlunun çantasını tanıdı, axtarış zamanı onların mənzilindən isə teraktlar törədilən partlayıcı qurğunun analoqu tapıldı. İcraçılar ifadə verərkən teraktların təşkilatçısını – Stepan Zatikyanı ələ verdilər. Onlar bildirdilər ki, Zatikyanla qonşudurlar, terror aktına Zatikyan onları qorxudaraq məcbur edib, milli zəmində həbs həyatı görmüş həmin şəxs onlara bildirib ki, erməni xalqını əzdiyinə görə rusları cəzalandırmaq lazımdır.

Şahid nəfəsini azacıq dərib çıxışına davam etdi:

-SSRİ Ali Məhkəməsində proses 1979-cu il yanvarın 16-dan 20-dək keçirildi. Özü də tam qapalı. Zatikyan orada belə bir çıxış etdi:”Mən sizin məhkəməni saymıram, heç bir müdafiəyə də ehtiyacım yoxdur. Mən müttəhim deyiləm, mən hökm çıxaranam. Rus imperiyasının haqqı yoxdur məni mühakimə eləsin. Bunu qulaqlarınıza sırğa edin!” Onun son sözləri isə hamını şoka saldı. O, erməni dilində çığırtılar elədi, yumquq düyünlədi. Tərcümə elədilər ki, o, “Hamıya çatdırın, bizə yalnız intiqam qalır. İntiqam, intiqam, intiqam!” –deyə çığırırmış. Yanvarın 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu 3 terrorçunun əvf edilməsi barədə xahişi rədd etdi, hökm icra olundu.

Son olaraq şahid bunları dedi:

-Sovet dövləti daha çox ideoloji hakimiyyətə sığınırdı, orda kommunizm, qardaşlıq, bərabərlik, sovet insanı amalları aparıcı idi. Amma bununla belə, Ermənistan millətçilik siyasəti güdür, Kreml nə qədər bunu ört-basdır etsə də, ermənilər hamı üçün pis nümunə göstərirdilər. Elə bu sözügedən proses zamanı Ermənistan rəhbərliyi özünü çox qəribə aparması ilə diqqət çəkirdi. Birinci katib Karen Dəmirçiyanın tapşırığı ilə ölkədə heç bir qəzet ermənilərin  Moskvada qanlı terror törətmələri barədə yazmamışdı. Dəmirçiyan istintaq qrupuna da mane olur, izi Ermənistanda axtarmamağa çağırır, müxtəlif şantajlara əl atırdı. Yalnız Kremlin sərt müdaxiləsindən sonra bu adam geri çəkilməyə məcbur olmuşdu. Ermənistan KQB-sinə rəhbərlik edən Yüzbaşyan da özünü qəribə aparırdı. O, SSRİ KQB-sindən Daşnaksütunun yerinə yaradılmış ASALA-nın mövcudluğunu cidi-cəhdlə gizləməyə müvəffəq olmuşdu. Moskva teraktını da məhz ASALA həyata keçirmişdi. Erməni rəhbərliyindən beş-betər ermənipərəst olan sovet disidenti, arvadı erməni  akademik Saxarov da erməni millətçiliyinə rəvac verməkdəydi. Zatikyanın azadlığı üçün bu şəxs hətta ovaxtkı SSRİ rəhbəri Leonid Brejnevin qəbuluna da getmiş, qapalı xarakterli məhkəməni insan hüquqlarının pozulmasının təməli adlandırmışdı, demişdi, “Hətta Zatikyanın qohumları belə buraxılmayan qapalı məhkəmə aşkarlığın pozulması deməkdir, belə məhkəmədən ədalət ummaq olmaz”. Amma hər halda ermənilərin və ermənixislətlilərin müdaxiləsinə baxmayaraq zəfər qalib çıxdı, qana susamış canilər cəzalarını aldılar.

Baş Hakim çıxışçıya minnətdarlıq bildirib sözü ekspertlərə verdi. Açılış prosesində ilk ekspert mətnini Baş ekspert özü oxumağa başladı:

-Zatikyanın cinayəti tam olaraq sübut edildi, əks arqumentlər gətirən tərəf ortaya bircə ciddi alibi belə qoya bilmədi. Sovet Hökuməti bu aksiyadan bərk təşvişə düşdü, ideoloji işdə sapıntılar olması aşkarlandı. Bu, SSRİ tarixinə 1927-ci ildə Lenin mavzoleyinə bomba atılmasını nəzərə almasaq, ilk terror aktı kimi düşdü, ermənilər burda da bir neqativ likə imza atdılar. Həmin dövrə qısaca nəzər yetirəndə nə görünür? Gücünü get-gedə artıran sarsılmaz bir SSRİ dövləti kapitalist Amerikası ilə apardığı soyuq müharibədə böyük üstünlüklər əldə edir, 5 illik planlar uğurla həyata keçirilir, daxili və xarici siyasətin uğuru fonunda xalqlar dostluğu da geniş vüsət alır. Zatikyanın terroru məhz belə bir zamanda həyata keçmişdi. Üstəlik, az öncə - 1976-cı ilin dekabrında ölkə böyük coşğu ilə Leonid Brejnevin 70 illiyini qeyd etmişdi. Demək, siyasətdə böyük boşluqlar var imiş. Hadisə baş verən gün insan tələfatı metro partlayışı zamanı qeydə alınmışdı, metro qatarı İzmaylovsk stansiyasından Pervomaysk stansiyasına yol alarkən açıq havada partlamışdı. Ekspert rəyinə görə, partlayış tuneldə baş versəydi daha çox insan həlak olacaqdı. Təhlükəsizlik xidməti yuxarıdan gələn təlimata görə hadisəni ört-basdır etmək üçün qatarı çəkib Pervomaysk stansiyasına aparmışdı, orada dərhal onun üstünü qapatmışdılar, bununla belə, dağılmış vaqonu, qana bələnmiş insanları (məktəblərdə tətil olduğundan xəsarət alanların içində çoxlu uşaq da var idi) bir çox şəxs görmüşdü. SSRİ-nin ört-basdır siyasətinə görə hadisə barədə yalnız yanvarın 10-da məlumat verilmişdi. Ölkənin TASS adlı əsas informasiya agentliyinin verdiyi xəbər çox qısa olmuşdu:” Metroda xırda partlayış olub, xəsarət alanlara tibbi yardım göstərilib, istintaq gedir.” Vəssalam. Hətta digər iki partlayışın adı belə çəkilməmişdi. İstintaq müəyyənləşdirmişdir ki, ərzaq mağazalarındakı partlayışlarda da daha çox itki ola bilərdi, burada da bəxtigətirmə amili əsas rol oynamışdı. Dzerjinski küçəsindəki mağazadakı terakt zamanı partlayıcı qurğu nəhəng piştaxta-soyuducunun altında quraşdırılmışdı ki, məhz bu nəhəng piştaxta-soyuducu da partlayış dalğasını öz üzərinə götürmüşdü. 25 oktyabr küçəsindəki digər mağazada isə partlayıcı qurğu mağaza həyətindəki çuqun zibil qabının içində quraşdırılmışdı ki, burada da çox iri çuqun qab partlayışı boğa bilmişdi. Qəlpələr ətrafa böyük sıçrayışla səpələnmişlər, istintaq qrupu onların bir qismini Tarix-arxiv institutunun damından tapmışdır. 2-ci Dünya Müharibəsindən sonra heç bir dəhşətə şahid olmayan moskvalılar sözün həqiqi mənasında şok keçirmişdilər. Şəhərdə ölən və yaralananların fantastik sayı barədə şayiələr gəzirdi. Sovet rəhbərliyi terrorçuların tapılması üçün bütün qüvvəsini məhz bu səbəblərdən səfərbər etmişdi. “Partladıcılar”  şərti adını almış istintaq işinə məhz bu səbəbdən ən təcrübəli orqan işçiləri cəlb edilmişdilər. Ovaxtkı Ermənistan rəhbəri Dəmirçyan cinayətin izləri istintaqçıları Yerevana gətirib çıxaranda hər vəclə onların qarşısında sipər çəkmiş, “qədim və mədəni xalqı terrorda ittiham etmək qanunsuzluqdur, sizdən ölkə rəhbəri Brejnevə şikayət edəcəyəm” demişdir. O, hər vəclə istintaqa mane olurdu, məsələnin tam ciddiliyini görəndə Moskvaya – “erməni xalqına şər atan” KQB-dən şikayətə getmişdi, əliboş geri dönəndə isə gecə saat 2-də istintaqa rəhbərlik edən Vadim Udilovu yanına çağırmış, onunla dil tapmağa çalışmışdı. Amma təcrübəli çekist Dəmirçiyanı başa salmışdı ki, əllərindəki təkzibedilməz faktlar bu işin Zatikyangil tərəfindən həyata keçirilməsini tam sübut edir, bircə damcı şübhə ola bilməz.

Baş Hakim bu yerdə Baş ekspertin çıxışına müdaxilə edib Stepan Zatikyana sual etdi:

-Bu sual məni hədsiz narahat edir, cənab Zatikyan, orta məktəbi qızıl medalla bitirib instituta daxil olduqdan – qarşıda Sovet ideologiyasının dediyi kimi, işıqlı sabahlar parlayan zaman necə oldu ki, siz millətçi ideologiyası ilə zəhərləndiniz, gizli təşkilat yaratdınız, 4 il həbs cəzası aldınız, sonra isə çox sayda insanın qətlini həyata keçirib güllələnmə cəzasına məruz qaldınız? Sizi nə vadar etdi ki, öz axarlı həyatınızı axardan çıxardınız?

Zatikyan saymazyana cavab verdi:

-Mən bütün məhkəmələri ədalətsiz hesab edirəm, çünki onlar ədalətin taptalanmasına xidmət edir. Sizin məhkəmənizi də həmçinin.

Baş Hakim məyusluğunu gizlətmədən üzünü Baş ekspertə tutdu:

-Zəhmət olmasa davam edin.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)