BİRİ İKİSİNDƏ – Vüsal Bağırlının “Köhnə avtomobil”i Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən Nəsr vaxtıdır, sizlərə Vüsal Bağırlının “Köhnə avtomobil” hekayəsi təqdim edilir.     

 

 

 

NƏSR

 

Vüsal BAĞIRLI

 

KÖHNƏ AVTOMOBİL

 

Eyvana çıxıram. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tararapp”.

Alnıma, əlimə soyuq damcılar düşür. Deyəsən, yağış başlayır.

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu, eyvan ipindən asılmış nəm paltarlardan, yenicə yuyulmuş köynək, kombinezon və şalvarlardan düşən oynaq damlaların aşağıdakı köhnə avtomobillə ritmik söhbətidir.

O həmişə eyni yerdə dayanır. Evdən çıxıb harasa gedəndə, işdən geri qayıdanda daim göz önündədir. Onu, beşmərtəbə “xruşşovka” ilə palçıqlı xəndəyin arasında qərar tutmuş üzgün görünüşlü köhnə “Moskviç”i hər gün görürəm.

Hər görəndə də anlayıram ki, onunla sərt və amansız davranılıb, avtomobil dəmir qalağı, zibil yığını kimi kənara atılıb, hər gün səhərdən axşamadək ora-bura tələsən, sakinləri acı tüstüsüylə boğan, bir-birlərinin qarnına girib hər yerdə tıxaclar yaradan modern avtomobillərə tay ola bilməyəcəyini anlayan keçmiş sahibi onu birdəfəlik tərk edib.

Avtomobilin indiki halı acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək və korroziyanın təsirindən metal gövdəsi, torpağa yaxın hissələri aşınaraq çürüyüb, eybəcər hala düşüb. Dəmir səthini toz basıb, buferi əyilərək sallaq dayanıb.

Məhlədə futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılan sapand daşlarının təsirindən arxa-qabaq şüşələri sınıb, çatlayıb, bəzi yerləri zədələnib. Təkərləri boşalaraq təbii müvazinətini itirib və indi o, bir böyrü üstə əyilmiş məşhur Piza qülləsini xatırladır. İçindən yağ, benzin və müşəmbə qoxusu gəlir.

Fəqət bütün üzücü məqamlarla yanaşı, avtomobildə bəzən pozitiv, məzəli məqamlar da tapmaq mümkündür. Əgər ona yaxınlaşıb gözümüzün birini qıyaraq yan şüşədən əks şüşəyə diqqətlə baxsaq, maraqlı illüziya, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilğım, həyətdəki çiçəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə kaleydoskop yaradır.

Başımızı tərpətdikdə ağaclar dairəvi hərəkətlə möcüzə kimi tərpənir, sanki yallı gedirmişlər sayaq fırlanırlar. Bir dəfə tapıntımı həyətdəki uşaqlara göstərdim. Bu onları xeyli əyləndirdi və güldürdü.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daim döyüşür, vaxt çayının aramsız, sabit axınına tabe olur, arxayın, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözlərin yorğun qırışları, yarıaçıq kapot-dodağın kənarındakı narahat büküşləri, ağır, sallaq döşləri, rezinlə dartılmış qarın və budları əvəz edən bufer, disk və deflektora külək, şaxta, fırtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü çirk təbəqəsiylə örtür. Bu zaman onun əsl rəngini seçmək, ayırd etmək mümkün olmur. Payızın sonlarında isə fasiləsiz yağan noyabr yağışları maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğa və saz kəhərə bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazağından, boranından xilas olmağa can atan evsiz-eşiksizlərə, “bomj”lara fərqli formatda xidmət göstərir, öz hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüd pəncəsindən xilas edir.

İsti fəsillərdə, havalar qızmağa başlayanda həyətdə oynayan uşaqlar  köhnəlmiş maşının üzərinə dırmaşaraq cürbəcür dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafına toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını sallayıb siqaret çəkir, zarafatlaşır, bir-birlərinə şıllaq, yumruq atır, aşıb-daşan tükənməz enerjilərini israf edirlər.

Səhərlər səyyar meyvə satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpızları kapot-piştaxtanın üzərinə qoyur. Kepkasını gözünün üstünə basıb yerə çömbəlir, damağındakı tüstüləyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər əyilmiş buferin saldığı ensiz, tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada orta yaşlı qadınlar, qoca arvadlar, ahıl, ələngə qarılar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayır, məhəllədə olub keçmiş və baş verəcəklərdən qeybət edirlər.

Bir gün bütün gecəni əsən coşqun və azğın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırdı. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib onu bu ağır yükün altından çıxardıq.

Biz “Moskviç”in yanında dayanıb, üst-başımızı çırpıb təmizləyərkən qeybdən  qəfil peyda olan cırcırama-helikopter diqqətimizi çəkdi. O, havada yarımdairə cızıb qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. Həşərat küləyin sərt nəfəsindən büzüşmüş, öz bozumtul, şəffaf plaş-qanadlarına sıx-sıx bürünmüşdü.

Oynaq, zarafatcıl külək onun sarı-yaşıl gövdəsini tərpətdikcə cırcırama xoş təmasdan, incə nəvazişdən vəcdə gələrək xoşhallanır, nazik ip qırığına oxşayan quyruğunu qarnına tərəf əyib-qıvırıb axına uyğun titrədirdi.

Birdən fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti – üzünümü qaşıdı, ya əlini alnınamı çəkdi – həşəratı ürkütdü və o, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub harasa getdi. Kapotun bozumtul narın tozu üzərində canlının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə köhnə avtomobillə münasibətləri isindirməyə, onunla dostlaşmağa başladım. İşdən qayıdanda, yaxud axşamlar həyətə düşəndə tez yanına gəlir, gün ərzində başıma gələnlərdən, müxtəlif hadisələrdən, gündəlik qayğı və problemlərdən danışıb söhbətləşirdim.

O da yöndəmsiz və sallağı oturuşuyla dərdini mənimlə bölüşür, özünün bir vaxtlar tamaşa edənləri heyrətə salıb, ağılları başdan çıxardığı dövrlərindən qeyri-adi əhvalatlar nəql edirdi.

“Zavoddan yenicə çıxmış qırmızı “böcək” hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnib. Zil qara şinli, təzə təkərli avtomobilin parlaq metal örtüyü günəşin şəfəqlərində bərq vurur, qibtə dolu gözləri qamaşdırır. Adı parıltılı hərflərlə kənarlarına həkk olunub: “Moskviç”.

Sürücü dodağında xəfif təbəssüm, heyran baxışlarla ona yaxınlaşır, qapını ehtiyatla açır, şəstlə dəri oturacağa yayxanır. Açar burulan an mühərrikinin həzin uğultusu eşidilir. “Moskviç” işə düşür. Sürücü ayağını akseleratorun üzərinə qoyunca avtomobil kiçik təkanla azacıq tullanıb hərəkətə gəlir.

Avtomobil  şəhərin əzəmətli, işıqlı, gen prospektlərində alışıb-yanan faralaryıla, özündən razı görkəmiylə şütüyərək təşəxxüs satır. Qarşıdan gələn çoxsaylı avtomobilləri sevinclə qarşılayır, salamlayıcı siqnallar verir.

Onun üçün hər şey maraqlıdır – dolanbac küçələr, işıqlı prospektlər, geniş magistrallar – hətta kriminal qoxulu qaranlıq tinlər də...”

...Köhnə “Moskviç” xoşbəxt düşüncələrə dalmışdı. Həmin an onun tam bir meditasiya vəziyyətində olduğunu, bütünlüklə öz düşüncələrinə qapıldığını hiss etdim. O, duyğulu görkəmdə dayanmışdı, nə açıq-aşkar etiraz, nə də itaətkarlıq vardı duruşunda.

Mən həssas məqamdan təsirlənib ehtiyatla geri addımladım, kənara çəkildim və öz qəhrəmanımı ötən möhtəşəm günlərin şirin xatirələri ilə baş-başa buraxdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.0.2023)