BİRİ İKİSİNDƏ – Tanınmış tənqidçi Vaqif Yusifli ilə müsahibə Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün müsahibə vaxtıdır, tanınmış tənqidçi Vaqif Yusifli ilə müsahibədir. Müsahibəni Dayandur Sevgin hazırlayıb.

 

 

 

“MƏN  ƏDƏBİ  GƏNCLİYİN  DOSTUYAM”

        

  (Söhbət Filologiya Elmləri doktoru Vaqif Yusiflidən gedir – O Vaqif Yusiflidən ki, bu günlərdə 75 yaşı tamam oldu).

 

Vaqif Yusiflini “Ulduz” jurnalının oxucularına tanıtmağa heç bir ehtiyac duymuram. Onun  bizim jurnalda hər il ədəbi gəncliklə bağlı bir neçə məqaləsi dərc edilir. Vaqif müəllim ilk şeir kitabını çap edirən və ya mətbuatda diqqəti cəlb edən şeir və hekayələri ilə maraq doğuran onlarla istedadlı gənc yazar barədə  öz ürək sözlərini ifadə edir. O, 56 yaşlı “Ulduz”umuzun ilk oxucularından biridir, 1967-ci ildən bu vaxta kimi  “Ulduz”un hər bir sayının oxucusu olub, evində-ona məxsus iş otağında jurnalımızın iki yüzə yaxın nüsxəsini qoruyub saxlayır.

– Vaqif müəllim, sizi anadan olmağınızın 75 illiyi münasibətilə- başda Qulu Ağsəs olmaqla – bütün “Ulduzçular” adından təbrik edirik. Baharın bu xoş anlarında özünüzü necə hiss edirsiniz?

– Desəm ki, əliyyül-əla, yalan olar. Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda uğurlu-sevinc gətirən hadisələr və olaylar baş verib, həmçinin çətinliklər, məyusluqlarla üzləşmişəm. Rəhmətlik Arif Əmrahoğlunun mənim 60 yaşım münasibətilə söylədiyi bir fikri xatırlayıram: “Vaqif  Yusifli öz keçmişi üçün qətiyyən xəcalət çəkməyən bir insandır”.

– 75 yaşınız var. Özünüzü qoca hesab edirsinizmi?

– Yaş öz hökmünü verir. Mən güzgüyə baxıram və deyirəm: “Ey gidi dünya, Vaqif Yusifli də qocalarmış”. Amma baxıram Anar müəllimə, baxıram Elçin müəllimə, deyirəm, yox, qocalmamışam.  Anar müəllim də, Elçin müəllim də (onlar mənim çox sevdiyim ustadlardır) qocalmayıblar, əbədi və ədəbi ruh onları tərk etməyib, gözəl əsərlər yaradırlar, o zaman özümə təskinlik verirəm.

– “Ulduz”un son sayında sizin “Gənc şairlər, sözüm sizədir” silsiləsindən yeni məqaləniz dərc edilib, gənc şairlərdən Elvin İntiqamoğlu, Valeh Qoca, Elvin Nuri və Gülay Tahirlinin şeirləri barədə bir yazı ilə çıxış etmisiniz. Ümumiyyətlə, ədəbi gəncliyə münasibətiniz nə vaxtdan formalaşıb?

– Mən ədəbi gəncliyin üç nəsli barədə (səksənincilər, doxsanıncılar və ikiminincilər) söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasirlərin yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir.

         Məni nə düşündürüb? Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiylə ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsanıncı illərdə də, indi yeni əsrimizdə də bu prosesi  müşahidə etmişik. Gəlin elə “Ulduz” jurnalında son on-on beş ildə haqqında söz açdığım gənc şair və nasirlərə üz tutaq.  Aqşin Yenisey, Emin Piri, Qismət, İntiqam Yaşar,  Ramil Əhməd, Günel Eyvazlı, Fərid Hüseyn, Şəhriyar Del-Gerani, Xəyal Rza, Vüsal Nuru, Şahanə Müşfiq, mənim fikrimcə, artıq ədəbi aləmdə özlərini tanıdıblar. Ümumiyyətlə, ikimininci illərin ədəbi gəncliyi həm kəmiyyətcə, həm də keyfiyyətcə fərqli xüsusiyyətləri ilə seçilir. Hələ  heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.

– Sizin fikrinizcə, ikimininci illərin ədəbi gəncliyi hansı xüsusiyyətləri ilə seçilir?

– Mən “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyim “Ədəbi gənclik-ikimininci illər” adlı 4 məqaləmdə bu haqda geniş söz açmışam. Qısaca təkrar edirəm: söhbət gənc şairlərdən gedirsə, deyim ki, onların yaradıcılığında QAYIDIŞ motivləri daha çox  diqqəti cəlb edir. Yəni özünə qayıdış-özünü dərk etməyə, gerçəkliyi, dünyanı anlamağa cəhd göstərməyə, “Mən kiməm” sualına cavab verməyə çalışırlar. Daha sonra: onların şeirlərində tənhalıq da, darıxmaq da, hətta  olum-ölüm dilemması qarşısında çabalamaq da diqqətdən yayınmır. Təbii, burada onları qınmaq olmaz ki, darıxmayın, ölümdən az danışın, çünki həyatda qaranlıqlar da var, işıq da. Kiməsə, hansı cavan şairəsə sovet dövrünün inzibati tənqid prinsipindən doğan bir hal kimi heç nəyi diktə etmək olmaz. Ölümdən də yazmaq olar, tənhalıqdan da, darıxmaqdan-hər şeydən, TƏKİ  ORTADA  ŞEİR  OLSUN. Ruhumuzu, zövqümüzü oxşayan şeir.

– Vaqif müəllim, siz bir tənqidçi kimi yox, bir oxucu kimi ikimininci illərdə ədəbiyyata gələn hansı gənc şair və nasirlərin yaradıcılığını xoşlayırsınız?

– Şəxsən mənim üçün tənqidçi, ya oxucu kimi  bunun heç bir fərqi yoxdur. Amma ən yaxşı oxucu kimi deyə bilərəm ki, həmişə şeir və hekayələrini səbirsizliklə gözlədiyim cavan yazarlar var. Mən Varisin, Xəyal Rzanın, Günel Natiqqızının, Təranə Vahidin hekayələrini, Emin Pirinin, Aybəniz Əliyarın, Ramil Əhmədin, Allahşükür Ağanın, Tural Turanın,  İradə Aytelin,  Ruslan Dost Əlinin, Günel Şamil qızının, Rəbiqənin, Vasif Əlihüseynin, Aysel adında üç şair qızın, Taleh Mansurun,  Müşfiq Cəbinin, İntiqam Yaşarın, Elvin İntiqamoğlunun, Elnur Uğurun şeirlərini  maraqla oxuyuram. Şahanə Müşfiqin “525-ci qəzet”dəki məqalələrini də həmçinin. Ən çox Vüsal Nurunun bir romançı kimi püxtələşdiyinin şahidi oluram. Bir cavan tənqidçi var, adı Ülvi Babasoy, onun da yazılarını izləyirəm.

– Ədəbi gəncliyə sözünüz? Sizi nəsə narahat edirmi?

 Mən özümdən xeyli cavan olan gənc şair və nasirlərə xoşbəxtlik, ədəbi uğurlar arzulayıram. Amma istərdim ki, onlar finişə doğru inamla addımlasınlar. Təkəbbürlü olmasınlar. Bəzən elələri olur ki, özündən əvvəlki ədəbi nəsilləri inkar etməyə çalışır. Lovğalıq, ədabazlıq, özündən xeyli dərəcədə razılıq  onların yazılarına da təsirsiz qalmır. Unutmasınlar ki, bu ədəbiyyatda Əli Kərim var, Məmməd Araz var, Vaqif Səmədoğlu var, Ramiz Rövşən var, Vaqif Bayatlı var...

– Vaqif müəllim, bəs  “Ulduz” jurnalına nə arzulardınız?

“Ulduz”un baş redaktoru Qulu Ağsəs (o da mənim kimi 20 apreldə doğulub) yaxşı bir tale şeiri yazıb, amma o, şeirdə deyir: “Tüpürüm öz ad günümə” . Amma mən öz ad günümə tüpürmürəm.

         “Ulduz” – yenə təkrar edirəm: həmişə mənim  sevimli jurnalımdır. Mən özümü bir tənqidçi olaraq “Azərbaycan” jurnalında olduğu kimi, bu jurnalda da rahat hiss etmişəm. Çünki ən gərəkli yazılarım bu iki jurnalda işıq üzü görüb.  Nə deyim? Hamınıza can sağlığı, ədəbi uğurlar, hər nömrəni daha sevə-sevə hazırlamağı arzulayıram.

– Sizin “Ulduz”la bağlı  gələcək planlarınız?

– Darıxmayın, ədəbi gəncliklə bağlı yeni yazılar gətirəcəyəm.   

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)