QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

11-Cİ DƏRC

 

 

Ermənilərin törətdikləri terror hadisələri sadalanmaqda idi. 4-cü kişi diktor:

-24 sentyabr, 1981-ci il. Paris, Fransa. Terrorçular Parisdəki Türkiyə konsulluğuna basqın təşkil edib. Van əməliyyatı adlanan bu amansız terror aktı uzun zaman insan vəhşiliyinin bariz nümunəsi kimi yaddaşlardan çıxmayıb. 4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralayıb. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlayıblar. Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürüblər. Tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi olub. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verib, bundan sonra terrorçular təslim olaraq Fransa hökumətindən siyasi sığınacaq tələb ediblər.

3 oktyabr, 1981-ci il. Cenevrə, İsveçrə. Cenevrə şəhər poçtunun və məhkəməsinin binasında partlayış baş verib. Partlayışın baş verddiyi məhkəmə binasında ASALA-dan olan bir terrorçunun məhkəmə prosesi keçirilməli idi, terrorçu qətldə təqsirləndirilirdi. Terror aktlarına görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürüb.

25 oktyabr, 1981-ci il. Roma, İtaliya. Silahlı erməni terrorçusu Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökberk Ergenekona atəş açıb. Qolundan yaralanmış diplomat maşından çıxıb terrorçuya cavab atəşi açaraq terrorçunu yaralayıb, yaralı vəziyyətdə olan terrorçu hadisə yerindən qaçmağa müvəffəq olub. ASALA bu akta görə məsuliyyəti öz üzərinə götürüb və aksiyanın Parisdə türk konsulluğuna basqın təşkil etmiş erməni terroçuların şərəfinə təşkil olunduğunu bildirib.

25 oktyabr, 1981-ci il. Paris, Fransa. Yelisey çöllərində yerləşən bahalı restoranların birində partlayış baş verib. Partlayış nəticəsində restoranın işçilərindən 3 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti 1981-ci il sentyabrın 24 də Parisdəki türk konsulluğuna basqın etmiş erməni terrorçuların şərəfinə yaranmış "September Frans"  terrorçu qrupu öz üzərinə götürüb.

26 oktyabr, 1981-ci il. Paris, Fransa. Yelisey çöllərində yerləşən aptekin qarşısında park edilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

27 oktyabr, 1981-ci il. Paris, Fransa. "Ruasi" beynəlxalq hava limanının avtomobil dayanacağında partlayış baş verib. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

27 oktyabr, 1981-ci il. Paris, Fransa. "Ruasi" beynəlxalq hava limanında eskalatorun yanında yerləşən zibil qutusuna qoyulmuş partlayıcı qurğu işə düşüb, bir neçə nəfər yüngül xəsarət alıb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

1-ci qadın diktor:

-3 noyabr, 1981-ci il. Madrid, İspaniya. "Svis eyr" aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində 3 nəfər yaralanıb, ətrafdakı binalara ziyan dəyib.

5 noyabr, 1981-ci il. Paris, Fransa. "Qar de Lion" dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb, saxlanma kameralarına ciddi ziyan dəyib. Özünü "Orli təşkilatı" adlandıran erməni terrorçu dəstəsi bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb.

12 noyabr, 1981-ci il. Beyrut, Livan. Beyrutda yerləşən Fransa mədəniyyət mərkəzinin, fransız konsulun evinin və "Eyr Frans" aviaşirkətinin binalarının qarşısında eyni vaxtda partlayışlar baş verib. Partlayışlar nəticəsində ölən və yaralanan olmasa da, binalara ciddi maddi ziyan dəyib. Bu partlayışlara görə "Orli təşkilatı" adlanan qrup məsuliyyəti öz üzərinə götürüb. Terrorçular Fransada Orli hava limanında üzərində saxta sənədlər gəzdirən və fransız polisi tərəfindən həbs olunmuş erməninin sərbəst buraxılmasını tələb edirdilər. Terrorçuların digər tələbi isə erməni terrorçusu Monte Melkonyanın azadlığa buraxılması idi. Divan heyəti adından möhtərəm tamaşaçıları bilgiləndirmək istəyirik ki, bu şəxs hazırda bizim Divanın müttəhimlər sırasında yer alıb.

14 noyabr, 1981-ci il. Paris, Fransa. Eyfel qülləsinin yaxınlığında partlayış baş verib, partlayış nəticəsində yaxınlıqda park edilmiş avtomobil yararsız vəziyyətə düşüb. "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürüb və bunun Fransa hökumətinə "ilk xəbərdarlıq" olduğunu bildirib.

14 noyabr, 1981-ci il. Paris, Fransa. Sena çayında gəzintidən sonra sahilə çıxan xarici turistlərdən ibarət qrupa terrorçular bir neçə qumbara atıblar, xoşbəxtlikdən heç kim yaralanmayıb. Aksiyaya görə "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürüb.

16 noyabr, 1981-ci il. Paris, Fransa. "Qar de Lest" dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş bombanın partlaması nəticəsində iki nəfər yaralanıb, vağzala isə maddi ziyan dəyib.

13 yanvar, 1982-ci il. Toronto, Kanada. Partlayış nəticəsində Türkiyənin Torontodakı konsulluğuna ziyan dəyib.

2-ci qadın diktor:

17 yanvar, 1982-ci il. Cenevrə, İsveçrə. Avtomobil dayanacağının yaxınlığında iki partlayıcı qurğu işə düşüb, "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

17 yanvar, 1982-ci il. Paris, Fransa. Paris bank ittifaqının ofislərinin birində partlayış baş verib, ikinci partlayıcı qurğu "Kredit Lion" bankında aşkarlanaraq zərərsizləşdirilib.

19 yanvar, 1982-ci il. Paris, Fransa. Konqress sarayında "Eyr Frans" aviaşirkətinin ofisində partlayış baş verib. Partlayışa görə "Orli təşkilatı” məsuliyyəti öz boynuna götürüb.

26 mart, 1982-ci il. Beyrut, Livan. Beyrutun erməni məhəlləsində türk filmlərinin nümayiş olunduğu kinoteatr partladılıb.

8 aprel, 1982-ci il. Ottava, Kanada. Erməni terrorçuları Türkiyə səfirliyinin ticarət attaşesi Gəni Güngürə hücüm edib onu ağır yaralayıblar.

10 may, 1982-ci il. Cenevrə, İsveçrə. İki Cenevrə bankında partlayış baş verib, partlayışlar nəticəsində banklara maddi ziyan dəyib.

26 may, 1982-ci il. Los-Anceles, ABŞ. Partlayış nəticəsində İsveçrə bank korporasiyasının ofisinə ziyan dəyib.

30 may, 1982-ci il. Los-Anceles, ABŞ. Üç nəfər ASALA üzvü olan erməni "Eyr Kanada" aviaşirkətinin yük terminalının qarşısında partlayıcı qurğu quraşdırıb. Partlayıcı qurğu Los-Anceles polisinin xüsusi dəstəsi tərəfindən zərərsizləşdirilib. Terrorçular həbs olunublar.

Baş Hakim siyahının çox uzun çəkdiyi üçün narahatlıqla saatına baxıb Divan heyətinə sual etdi:

-Çoxmu qalıb?

Siyahının ikinci nüsxəsi qarşısında olan Gənc Divan üzvü dilləndi:

-Hələ xeyli qalıb.

Baş Hakim tamaşaçılardan yorulub yorulmadıqlarını soruşdu. Dedi, bəlkə siyahı axıradək oxunmasın? Amma az qala hamı bir ağızdan “oxunsun!” dedi, belədə diktorlar oxumağı davam etdirdilər.

Yenidən 1-ci kişi diktor:

-21 iyul, 1982-ci il. Paris, Fransa. Parisdəki Sent Servin meydanında yerləşən kafenin yanında partlayış baş verib, partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb. Terrorçular mətbuata ünvanladıqları müraciətdə partlayışın Fransa hökumətinin vədinə əməl etməyib türk konsulluğuna basqın etmiş 4 erməniyə siyasi sığınacaq verməməsinə görə törədildiyini bildiriblər.

26 iyul, 1982-ci il. Paris, Fransa. "Pab Sent Jermen" kafesində baş vermiş partlayış nəticəsində iki qadın yaralanıb. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

2 avqust, 1982-ci il. Paris, Fransa. Erməni terrorçu Pyer Qumulyan özünün hazırladığı partlayıcı qurğunun işə düşməsi nəticəsində öz mənzilində həlak olub.

7 avqust, 1982-ci il. Ankara, Türkiyə. Erməni terrorçuları beynəlxalq hava limanına hücum təşkil edib, tapanca və əl qumbaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açıb. Bir terrorçu hava limanının restoranında 20 nəfəri girov qötürüb, digəri isə polis tərəfindən yaxalanıb. Girovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı biri ABŞ vətəndaşı olmaqla 9 nəfər həlak olub. Terror aktı zamanı 82 nəfər yaralanıb. Terrorçu Levon Əkməkcyan məhkəmənin hökmü ilə edam cəzasına məhkum olunub. Ermənistanın dırnaqarası humanist şairəsi Silva Kaputikyan isə qan tökən terrorçu Əkməkcyana "Yağış yağır, oğlum" şeirini həsr edib.

Bu yerdə diktor auditoriyanın uğultusunu görüb nitqinə azacıq ara verməli oldu. Zatikyan isə yerindən söz atdı ki, o şeiri oxumaq istəyir, versinlər, o da oxusun.

Diktor başını bulayıb mətnin davamını oxudu:

-8 avqust, 1982-ci il. Paris, Fransa. Xüsusi polis dəstəsi Parisin 17-ci rayonunun telefon qovşağının yaxınlığında partlayıcı qurğunu zərərsizləşdirib. "Orli təşkilatı" partlayıcı qurğunun onlar tərəfindən yerləşdirildiyini bildirib.

8 avqust, 1982-ci il. Burqas, Bolqarıstan. Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilib. Qatil hadisə yerindən qaçmağa müvəffəq olub.

2-ci kişi diktor:

-22 yanvar, 1983-cü il. Paris, Fransa. "Orli" hava limanında yerləşən Türk hava yollarının kassasının qarşısında polis 1 kiloqram çəkisində partlayıcı maddə ilə təchiz olunmuş bomba aşkar edib.

22 yanvar, 1983-cü il. Paris, Fransa. İki erməni terrorçusu Türk hava yollarının Parisdəki bürosuna əl qumbaraları atıb. Terrorçulardan biri həbs olunub.

28 fevral, 1983-cü il. Paris, Fransa. "Marmara Travel Agency"nin ofisində baş vermiş partlayış nəticəsində şirkətin əməkdaşı fransız Rone Marin həlak olub, daha 9 nəfər Fransa vətəndaşı yaralanıb. Partlayışdan bir neçə dəqiqə sonra ASALA məsuliyyəti öz üzərinə götürüb.

24 may, 1983-cü il. Brüssel, Belçika. Türk turizm şirkətinin və Türkiyə səfirliyinin mədəniyyət mərkəzinin binası qarşısında partlayışlar baş verib. Səyahət bürosunun milliyətcə italyan olan direktoru partlayış nəticəsində yaralanıb.

16 iyun, 1983-cü il. İstanbul, Türkiyə. Əl qumbaraları və avtomatik silahla silahlanmış erməni terrorçusu Mkrtıç Mardaryan İstambulda "Kapalı Çarşı" ticarət mərkəzində insanlara hücüm edib, nəticədə iki türk vətəndaşı  həlak olub, 21 nəfər isə yaralanıb.  Terrorçu hadisə yerindəcə öldürülüb.

8 iyul, 1983-cü il. Paris, Fransa. Erməni terrorçuları Britaniya Şurasının binasına basqın ediblər. Bununla onlar ASALA terrorçularının Londonda keçirilən məhkəməsinə öz etirazlarını bildiriblər.

14 iyul, 1983-cü il. Brüssel, Belçika. Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında qətlə yetirilib, ASALA, ESƏD və bu vaxtacan məlum olmayan "Erməni inqilab ordusu" təşkilatı bu qətlə görə məsuliyyəti öz üzərlərinə götürüblər...

Yenidən 3-cü kişi diktor söz aldı...

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)