Hamımızın əzizi Fəridə Ləman

Rate this item
(0 votes)

Redaksiyanın poçtuna Riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyyətinin sədri İlham Pirməmmədovun yazar Fəridə Ləmanın 70 illiyi münasibətilə yazdığı “Hamımızın əzizi” adlı yazısı daxil olub, onu sizlərə təqdim edirik. 

 

 

Mənalı ömrü bütünlüklə Qazax mahalı ilə bağlı olan dəyərli insanlardan biri də “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın əzizi, şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Fəridə Ləmandır.

Yəqin ki, Fəridə Ləman adını eşidən hər kəsin düşüncəsində qələmi süngü, məqamı VƏTƏN olan bir xanım əfəndinin təsviri canlanacaq. Bəli, gerçəkdən də Fəridə Ləman vətənin dar günündə çətin durumda olan kəndlərdə, gah da cəbhədəki gərgin günlərdə böyük işlər görən “Qazax” Xeyriyyə Cəmiyyətinin yanında olardı. Hamımız Fəridə Ləmanı beləcə gördük. Fəridə Ləman  Azərbaycan qadınının mərdlik, qorxmazlıq simvoluna çevrildi. Fəridə xanımı tanıyanlar onu tərcümeyi-halını oxumadan tanıyırlar. Vətən, torpaq, əsgər, şəhid, qazi ətirli şeirlərindən qopan zərrələrindən tanıyırıq Fəridə Ləmanı. 

Qazax mahalının hər bir sakininin qəlbində Fəridə Ləman adı heykəlləşərək tarixə çevrilib. Türk dünyasının böyük alimi, mərhum akademik Teymur Bünyadovun Fəridə Ləman haqqında söylədiyi bir fikirə diqqət yetirək:

“Qazax çox görkəmli qadınlar yetişdirib - ismətli, qeyrətli, mübariz!

Bu gün dilimizin əzbəri olan, Qazax üçün özünü oda-közə vuran, ən çətin anlarda qələmi ilə qızğın döyüş mövqelərinə atılan Fəridə Ləmandı. Mən onun ürəyinə vurulmuşam. Onun Qazax üçün gördüyü işlər danılmazdı. Ona min əhsən! O, mənim anam, bacım, qızımdı. Qazax Fəridə Ləmandı, Fəridə Ləman da Qazax!

Allah onu Qazağa çox görməsin!”

Fəridə Ləmanın bu il 70 yaşı tamam olur. Bu qəhrəman qadın ömrünü büs-bütün xalqına, el-obasına, yurduna, doğma Qazağının mərd, qəhrəman oğul və qızlarına həsr edibdir. Onun ən çox vurğulanmalı cəhəti bütün varlığında qorunan şəhid ruhuna bəslədiyi ehtiram hissidir. Mahalımızın 300-dən çox şəhidinin həyatını, döyüş yolunu əks etdirəm “Qazax mahalının şəhidləri” kitabının əvəzi, alternativi yoxdur. 60-dan çox kitab müəllifi olan Fəridə Ləmanın özünün də həyatından iki kitab yazılıb və bütün xidmətlərinin nəticəsi olaraq çox saylı təltiflərə, mükafatlara və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Fəridə xanımın şaxəli ömür yolu həm də, elmdən keçib. Elm ümmanında üzən ədəbiyyat gəmisi bu dəyərli alim xanımı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna gətirib çıxarmışdır. Elmi işçi Fəridə Ləman dissertasiya mövzusu götürərək  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun dissertasiya mövzusunun adından da milli ruh, milli keçmiş əsintiləri gəlir: “Müasir Azərbaycan bədii əsərlərinin dilində epitetlər”.

Fəridə Ləman yaşamı dövründə həyat məktəbini yaratmağı bacaran və bu həyat məktəbinin sıralarında neçə-neçə gənc şairin yetişməsinə, minlərlə oxucu və dinləyicinin birləşməsinə nail olmuşdur.

İti qələmli, dərin düşüncəli Fəridə xanım bu gün də özünəməxsus eşq və enerji ilə həyat fəaliyyətini və yaradıcılığını davam etdirir. Onun sevilən, hər kəsə örnək olan əsərlərinin, vətən sevdalı şeirlərinin yolunu hər zaman gözləyirik. Həmçinin Fəridə Ləman bu gün də dərindən bağlı olduğu “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də aktiv iştirak edərək, hər bir işimizdə öz töhfəsini verir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sevilən, seçilən üzvü Fəridə xanımı öz adımdan, Birliyin İdarə Heyətinin və bütün üzvləri adından, Qazax mahalının ziyalıları adından 70 illik yubileyi münasibəti ilə təbrik edirəm. Qoy ulu İncə Dərəsinin Türk dünyasına bəxş edyi bu yorulmaz, fədakar xanımın ömrü uzun, yaradıcılığı parlaq olsun.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq payızda Fəridə xanımın 70 illik yubiley tədbiri geniş şəkildə qeyd ediləcək.

Biz Sizinlə fəxr edirik, dəyərli Fəridə xanım!

 

“Ədəbiyyat və incəsənət” 

(04.09.2023)