“Sən demə, təklikdən ölürmüş adam…” Featured

Rate this item
(1 Vote)

BİRİ İKİSİNDƏ LAYİHƏSİNDƏ TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, Təranə Dəmirin şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

 

Təranə DƏMİR

 

 

***

 

Vətən ana, vətən torpaq, vətən eşq,

Vətən qaya, vətən çiçək, vətən daş.

Vətən, Vətən bağırmaqla olmur e,

Heç bilirsən nə üstədi bu savaş?

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Hər naləsi ürəyindən keçməli,

Hər ağrısı kürəyindən keçməli,

Məhəbbəti bələyindən keçməli,

Sevgi zorla alınmır e, a "qardaş",

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Çəpərindən yolunacan vətəndi,

Tikanından kolunacan vətəndi,

Təpə-dırnaq bu ruh, bu can vətəndi,

Məndən keçir ayağına dəyən daş,

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Damarından kafir qanı axdısa,

Taxtın-tacın axırına çıxdısa,

Ürəyində el qeyrəti yoxdusa,

Elə get ki, dalınca da qara daş,

Vətən söz yox, vətən anddı, vətəndaş.

Vətən qaya, vətən çiçək, vətən daş!

 

 

***

 

Min düyündən, dağdan keçib,

Min dərdi adlayıb gəlib.

Min nalədən, ahdan keçib,

Min qəmi odlayıb gəlib.

 

Keçib duadan, qarğışdan,

Küləkdən, seldən, yağışdan,

Buz kimi soyuq baxışdan,

Nəfəsi çatlayıb gəlib.

 

Dərindən, dayazdan keçib,

İstidən,  ayazdan keçib,

Bahardan, payızdan keçib,

İlləri çırtlayıb gəlib.

 

Sarıyıblar, qanadıblar,

Güldürüblər, ağladıblar,

Dağa-dərəyə atıblar,

Yolları qatlayıb gəlib.

 

Neçə yol ölüb, dirilib,

Daşa-divara hörülüb,

Min dəfə solub, dərilib,

Çiçəyi çırtlayıb gəlib.

 

Odunda bişib bu sevgi,

Adında bişib bu sevgi,

Gözümdən düşüb bu sevgi,

Təzədən atlayıb gəlib.

 

 

***

 

Dərdin ən yekəsi unudulmaqdı,

Yadından çıxmaqdı dünyanın, atam.

Sən demə, əcəlin adı var elə,

Sən demə, təklikdən ölürmüş adam.

 

Gözün divarları-daşları  gəzir,

Hər şey marağından, dadından düşür.

Fəsillər yerini dəyişir bir-bir,

Sevdiyin adamlar atından düşür.

 

Yadından çıxırsan qohumun, yadın,

Evinin qapısın döyən tapılmır.

Qahmar çıxdıqların qeybə çəkilir,

Sənə bir "günaydın"deyən tapılmır.

 

Yiyə durduqların yiyəsiz qoyur,

Qalırsan kimsəsiz bu göyün altda.

Özünü min yerdən tənələyirsən,

Ürəyin əzilir gileyin altda.

 

Yığırsan ağlına gələn nömrəni,

Telefon əlində susub durursan.

Gecənin yarısı tənhalığını

Bir yadın səsiylə ovundurursan.

 

Bu səssiz otaqda, bu qaranlıqda

Necə şirin gəlir bu səs, İlahi.

Elə asta-asta yalan deyirsən,

Heç kimin ağlına gəlməz, İlahi.

 

Bax onda bilirsən unudulmusan,

Unudub sopsoyuq adamlar səni.

Unudub sevginə qonaq olanlar,

Unudub könlündə yatanlar səni.

 

Dərdin ən yekəsi unudulmaqdı,

Yadından çıxmaqdı dünyanın, atam.

Sən demə, əcəlin adı var elə,

Sən demə, təklikdən ölürmüş adam.

 

 

***

 

Olum da bir yük imiş,

Gör çəkən nə çəkirmiş,

Yaxşı ki, O tək imiş,

Çoxun da çox dərdi var.

 

Göy tökür, yer dənləyir,

Vurur, çıxır, cəmləyir,

Zaman ölüm dəmləyir,

Sağın da sağ dərdi var.

 

Min sual bir cavabdı,

Gəl də, get də hesabdı.

Könül vermək savabdı,

Yoxun da yox dərdi var.

 

Şeytanlar oyundadı,

Hərəsi bir dondadı,

Dağlar dağ hayındadı,

Bağın da bağ dərdi var.

 

Həqiqət çox uzaqdı,

Hardan tapaq bu vaxtı?

Gecələr qarabaxtdı,

Ağın da ağ dərdi var.

 

 

***

 

Bu da bir gün olmadı,

Sazaqdan gəldi keçdi.

Xatirələr ağladı,

Yanaqdan gəldi keçdi.

 

Bir mən oldum, bir divar,

Hərənin öz dərdi var,

Məni tutan sevdalar

Uzaqdan gəldi keçdi.

 

Gah susdum, gah danışdım,

"Sənsizliyə alışdım",

Bu da bir aldanışdı,

Dodaqdan gəldi keçdi.

 

Savaş açdım, kiridim,

Buza döndüm, əridim,

Qələm dedi, mən dedim,

Varaqdan gəldi keçdi.

 

Ümidlərim qanadı,

Qırıldı qol-qanadım,

Bu gün də gün olmadı,

Sabahdan gəldi keçdi.

 

 

***

 

Elə bil ki, dəniz daşır səmadan,

Bu haçanın yağışıdı, İlahi?

Biz bilmirik, bəlkə, elə bu yağış

Yazla qışın barışıdı, İlahi?

 

Sazaqlardan diri çıxan bu torpaq

Gedib gəlib göy üzünə əl açır.

Orda bulud ürəyini boşaldır,

Burda dağlar, burda daşlar dil açır.

 

Yağış yuyur ağaçların saçını,

Meyvələrin üzü gülür budaqda.

Su içdikcə tumurcuqlar dirçəlir,

Bahar söz-söz şeirləşir varaqda.

 

Yağış deyil, buludlardan nur yağır,

Sehrlənir şeh altında göy otlar.

Göz yaşıyla öz eşqini torpağa

Damcı-damcı pıçıldayır buludlar.

 

Elə bil ki, dəniz daşır səmadan,

Bu haçanın yağışıdı, İlahi?

Biz bilmirik, bəlkə, elə bu yağış

Yazla qışın barışıdı, İlahi?

 

 

***

 

Bu ömrü kim yaşadı,

Kim ölür indi, Allah?

Bu od, bu ocaq iyi

Hayandan gəlir, Allah?

 

Bu necə alovdu ki,

Tüstüsü göyə çıxmır?

Yanır ocağın altda,

Bəs səsi niyə çıxmır?

 

Kim qorxudub bu canı,

Ruhundan ayrı salıb?

Səsindən, harayından,

Ahından ayrı salıb.

 

Kim yazıb bu yazını,

Kim pozur görüm indi?

Gəlsin də yaxına O,

Gəlsin də Kərim indi.

 

Tutmur bu ağrıları

Ocaq da, od da, Allah.

Tök yükünü aşağı,

Üstündən adda, Allah.

 

 

***

 

Asılmışam gözündən,

Gecə, keç günahımdan.

Bu qaranlıq, bu zülmət,

Küçə, keç günahımdan.

 

Bu dünya bir sınaqdı,

Gəl günah, get günahdı,

Qoşulmuşam nə vaxtdı

Köçə, keç günahımdan.

 

Yaşadım neçə ömrü,

Daş ömrü, çiçək ömrü,

Verdim bir qoca ömrü

Heçə, keç günahımdan.

 

Bu dünyada, görəsən,

Nə var ölümdən asan?

Canım da yox alasan,

Əcəl, keç günahımdan.

 

 

***

 

Nə yaxşı, bu şəhərlər,

Nə yaxşı, küçələr var.

Nə yaxşı, xatirələr,

Nə yaxşı, gecələr var.

 

Darıxanda başını

Qatmağa yerin olur.

Təkliyin arasında

Ölüm də şirin olur.

 

Gəzirsən tənhalığı

O küçə-bu küçə sən.

Gülürsən, ağlayırsan?

Kimin nə vecinəsən.

 

Yanından gəlib keçir

Dərd alıb, dərd satanlar.

Baxırsan ki, heç yerdə

Xoşbəxt deyil adamlar.

 

Hamı nədənsə qaçır,

Ya harasa tələsir.

Özünü aldatmağa

Hərə bir küçə gəzir.

 

Hamı öz azarında,

Hamı öz qəmindədi.

Ürək dərd bazarında,

Dünya öz dəmindədi.

 

Nə yaxşı, bu şəhərlər,

Nə yaxşı, küçələr var.

Nə yaxşı, xatirələr,

Nə yaxşı, gecələr var.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)