İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ümumdünya Uşaqlar Günü (Ümumdünya Uşaq Hüquqları Günü ) (ing. Universal Children's Day) – 1954-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən (№836, (IX) saylı qətnamə) 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. Baş Assambleya öz qətnaməsində qeyd edirdi ki, Ümumdünya Uşaqlar Gününün ümumi bayram kimi qeyd edilməsi millətlər arasında həmrəyliyin və əməkdaşlığın bərkidilməsinə xidmət edəcək.
BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyannaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK, demək olar ki, bütün dünyada qəbul edilib.
1989-cu ildən bu günədək dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan Respublikası da bu konvensiyaya qoşulmuşdur. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu öndər Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustn 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunun 3-cü maddəsində göstərilir ki, "uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.
Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib və istiqamətdə çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir. Bu işlərdə Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
Qeyd edək ki, Azərbaycan Ombudsman Aparatı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək Respublikada “Uşaq hüquqları aylığı” keçirilir. Ölkəmizin bütün bölgələrdə, təhsil və mədəniyyət ocaqlarında uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, sərgi, “dəyirmi masa”, treninq-seminar, müsabiqələr təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(20.11.2026)


