16 Oktyabr – Ümumdünya Çörək Günüdür Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

16 oktyabr Ümumdünya Çörək Günüdür. Bu gün 2006-cı ildə Beynəlxalq Çörəkçilər və Çörəkçi-Şirniyyatçılar İttifaqının təşəbbüsü ilə təsis edilib. Tarix isə 1945-ci ilin eyni günündə yaradılan və kənd təsərrüfatının, onun istehsalının inkişafı ilə bağlı problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma günü seçilib. 

 

Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. 

Çörəyin tarixi də minilliklərlə hesablanır. Elmi tədqiqatlara əsasən, ilk çörək məmulatları təqribən 8 min il əvvəl yaranıb. Zahirən onlar yaxmaca bənzəyir, sudan və yarmadan hazırlanır və dağ olmuş daşların üzərində bişirilirdi. İlk mayalı çörəyi isə Misirdə bişirməyə başlayıblar. Misir ehramlarında aparılan axtarışlar zamanı tapılmış heykəlciklər və digər əşyalar göstərir ki, qədim misirlilər dəni üyüdüb un almaqla bərabər, undan çörək bişirməyi də bacarırdılar.

Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər. Həmin formalara "klibanos" deyirdilər. Qədim qotların çörəyə verdikləri "xlayfs", qədim alman dilində "xlayb", rusların "xleb", ukraynalıların "xlib", estonların "leyb" adları "klibanos" adından törənmiş sözlərdir. 

 Qədimdə ağ çörəyi əsasən ali təbəqənin nümayəndələri, qara və boz çörəyi isə (rənginə görə) kasıblar yeyirdilər. Yalnız XX əsrdə arpa və dənəvər çörəyin fayda və qidalılığını öyrənəndən sonra, o populyarlıq qazanıb.

 Bişmiş çörəyin dadı tərkibindəki üzvi turşuların qədərindən asılıdır. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də, çoxları çörəyin gənclik vitamini sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir. Çörəkdə həzm prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən sellüloz var. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir.

Çovdar çörəyi çox faydalıdır. Çovdar çörəyi qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən şlakları təmizləyir, onlarca xəstəliyin, o cümlədən onkoloji xəstəliklərin qarşısını almağa kömək edir. Çovdar çörəyi aşağı energetik dəyərə malik olduğu üçün bəzi ölkələrdə pəhriz ərzağı kimi istifadə olunur.

Digər xalqlar kimi azərbaycanlılar da çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir. Çörək Azərbaycan xalqının mənəvi dünyasında yalnız süfrənin neməti deyil, həm də halal zəhmətin, bərəkətin, bolluğun, birliyin və müqəddəsliyin rəmzidir. Xalqımızın əsrlərin sınağından keçərək bu günə çatmış adət-ənənələrində çörəyə münasibət insanın zəhmətə, ruziyə, ailəyə və həyata olan münasibətinin göstəricisi kimi özünü büruzə verir. Azərbaycanlı üçün çörək süfrəyə qoyulan adi bir qida deyil, torpağın yetirdiyi nemətə, əkinçinin alın tərinə, biçinçinin zəhmətinə, dəyirmanın daşına, çörəkçinin əməyinə duyulan ehtiramın ifadəsidir, süfrədə ailə birliyinin də rəmzidir. Qonağa göstərilən ehtiramın ifadəsidir.

Xalqımızın düşüncəsində çörəyin özünəməxsus mənəvi ucalığı var. El arasında işlənən “Çörək müqəddəsdir”, “Çörək kəsdiyin adamı unutma”, “Çörək haqqı”, “Çörəyin bərəkəti olsun”, “Çörək verən əli kəsməzlər”, “Çörək bol olarsa, basılmaz Vətən” və s. kimi ifadələr bu münasibətin dilimizdəki canlı təzahürləridir. Bu deyimlərin əksəriyyətində çörək mənəvi anlayışların ölçüsünə çevrilir. İnsanların bir-birinə münasibəti, sədaqəti, yaxşılığa cavabı və halal zəhmətə hörməti çörək obrazı vasitəsilə qiymətləndirilir. Beləliklə, çörək xalq dilində həm maddi nemət, həm də əxlaqi meyar kimi yaşayır. Həmin ifadələrin hər birində sadəcə yeməyə deyil, həmçinin insanın vicdanına, sədaqətinə, etibarına və mənəvi borcuna ünvanlanan bir çağırış yaşayır. Çünki çörək xalqımızın təsəvvüründə insanları bir süfrə ətrafında birləşdirən, aralarında dostluq və etibar yaradan mənəvi bağdır.

 Azərbaycanın müxtəlif bölgələrində çörəyin hazırlanma üsulları fərqlənsə də, onun mənəvi dəyəri ortaq xüsusiyyət daşıyıb. Təndirdə bişən lavaş, sacda hazırlanan yuxa, qalın kənd çörəyi, kömbə və digər çörək növləri xalqımızın zəngin mətbəx mədəniyyətinin nümunələridir. Onların hər biri yalnız qida deyil, həm də ailə yaddaşını, nəsillər arasında ötürülən məişət təcrübəsini yaşadır.

Azərbaycan ailələrində çörəyə hörmət uşaqlıqdan aşılanan mənəvi tərbiyənin bir hissəsi olub. Süfrədə çörəyin səliqə ilə qoyulması, yerə düşən çörəyin götürülməsi və öpülüb göz üstünə tutulması, təmiz bir yerə qoyulması, çörəyin tapdalanmamasına diqqət yetirilməsi bu tərbiyənin ənənəvi nümunələrindəndir. Böyüklər uşaqlara çörəyin qədrini bilməyi öyrədərək onlara həm də nemətə qənaət etməyin, zəhməti qiymətləndirməyin vacibliyini anlatmağa çalışıblar.

Bu davranışların arxasında dərin bir həyat fəlsəfəsi dayanır: insan sahib olduğu nemətin dəyərini bilməli, onu israf etməməli, ruzisini halal zəhmətlə qazanmalıdır. Çörəyi yerə atmaq, onu ayaq altına salmaq və ya ehtiyatsızlıqla israf etmək xalqımızın ənənəvi əxlaq anlayışında bəyənilməyən hərəkətlərdəndir.

Çörəyin qədrini bilən insan zəhmətin qədrini də bilər. Zəhmətə hörmət edən insan isə ruzinin, insanlığın və həyatın dəyərini anlayar. Azərbaycan xalqının çörəyə ehtiram ənənəsi gələcək nəsillərə ötürülməli olan qiymətli mənəvi mirasımızdır. Çünki çörək süfrəmizdən əskik olmadığı kimi, ona hörmət də ürəyimizdən əskik olmamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2026)

 

 

                                                                                           

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.