“Milləti ayaq altına atmayın!” - SABİR RÜSTƏMXANLI Featured

“Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Sabir Rüstəmxanlının 18.05.2007-ci il tarixində yazdığı, amma bu günlərdə gündəmə gətirdiyi“Milləti ayaq altına atmayın!”yazısını təqdim edir.

 

“Türkün türkdən başqa dostu yoxdur!” Bəlkə tərsinə? Bəlkə türkün türkdən başqa düşməni yoxdur?!

Bayrağının kölgəsinə Günçıxan–Günbatan arası iki qitənin sığındığı, böyük Nizami Gəncəvi demiş, “dünyanın türklə dolub daşdığı, türkün yer üzünü bürüdüyü çağlarda” onun qarşısına kim çıxa bilərdi? Özündən başqa!

 

Çinliləşmiş türklər çöl türklərinə qarşı, Oğuz xan və Mete atalarına qarşı, Doqquz Oğuz Göytürkə, uyğur qırğıza, Əmir Teymur İldırım Bəyazidə və Toxtamışa, Osmanlı Səfəviyə, özbək türkmənə, tatar başqırda, qardaş qardaşa qarşı!...

Bu kor qəzəbin və cəhalətin milləti hara aparacağını düşünmədən!

Yumurtadan cift çıxan durna balalarının birinin ölümüylə sonuclanmayana kimi davam edən savaşlarına bənzər amansız bir savaş!

Aman durna! Dimdiyini öz başında sınama!

Sən gücünü yurddaşında, qardaşında sınama!

Bu dərdləri görməyənimiz, bilməyənimiz varmı? Məncə yox!

Hər kəs bilir bu acı tariximizi. Eləsə nədən bizi məhvə sürükləyən bu qədərdən ibrət almadıq? Nədən bir-birimizi “qırdıqca yorulduq və yorulduqca qırıldıq?”

Yüz illər boyu türk bilginlərini düşündürən sorudur. Hər kəs türk birliyinin “ölüm-olum” məsələsi qədər önəmli olduğunu bilir.

Di gəl, heç kəs öz iddiasından əl çəkmək, geri çəkilmək istəmir.

Deməli, düşmən dışarıda deyil, aramızda, öz içimizdədir və çevrəmizdəkilər də bunu çox gözəl bilir, bu xasiyyətimizi iyicə qullanırlar...

 

* * *

Toplum, adətən, ondan olmayanları, ona qarşı çıxanları və ya qoparaq onun fövqünə qalxmaq istəyənləri cəzalandırır.

Bizdə tam tərsinə!

Əsl türk olanlar və türklük sevdalıları hədəfə çevrilir, məhv edilir. İran min il türklərin dövləti olub, ancaq hansı gizli qüvvəsə bu dövləti fars maraqlarına xidmət etdirib. Türk hökmdar türk düşmənçiliyilə yazılmış, fars şovinizminin təməlini qoyan “Şahnamə”nin sifarişçisi və para verəni olur.

Anadolu türklərinə zorla əski Bizans köynəyi geydirməyə və ya onun hafizə keşikçisinə çevirməyə çalışırlar.

Kəndini unut, Bizansı yaşat! Səlcuqlu yapıları dağılsın – antik pum yapılarını yenidən yap! – Gələn turistlərə özünü göstərmə, özünün bu torpaqlara gəlmə, qonaq olduğunu yerit beyinlərə!

 

* * *

Dövlətlər, sistemlər dəyişilir, ancaq türk düşmənçiliyi dəyişilmir. Doğuda – çinin, quzeydə – rusun, güneydə – farsın və ərəbin, batıda yunanın və Avropanın, içimizdə erməninin və zorla kürdləşdirilənlərin... bunlardan daha artıq özümüzün düşmənçiliyimiz!

 

* * * 

1930–40-cı illər Stalin rejimi türk varlığı və düşüncəsinin qəniminə çevrildi. Yüz minlərlə insan türk olduğu için Krımdan, Ermənistandan, Axısxadan (Gürcüstandan), Quzey Qafqazdan sürüldü, susuz çöllərdə məhv edildi.

Hüseyn Cavidlər, Əhməd Cavadlar və minlərlə aydın, yazar türk ruhu daşıdıqları və türk birliyini arzuladıqları için Sibirə sürüldü, güllələndi, diri-diri quyulara atıldı.

Bu, Sovet adı altında rus imperiyasının içindəydi.

Bəs Türkiyə? Türkün öz yurdu və öz ocağında? Orda ən çox əzab çəkən, həbsə atılan, ölkədən didərgin düşənlər kimlərdir? – Alparslan Türkeş, Nihal Atsız, ülkücü gənclik, türk düşmənlərinə qarşı çıxan, türk bayrağına sarılanlar…

Belə də müsibət olar, İlahi!

İnsan da öz millətini sevdiyi və onu qorumaq istədiyi üçün cəzalanarmı? Normal düşünülsə və yanaşılsa, böylə bir iş olmamalıdır! Ancaq Türkiyədə və Azərbaycanda olar!

Bu ölkələrdə hər kəsə bir yer var, əsl türk vətənsevərlərindən başqa!

 

* * *

Osmanlı dönəmində dövlət yönəticiliyi üçün türk olmayan, köksüz, əsilsiz-nəsilsiz çocuqlar seçilib yetişdirilirdi.

Sovetlərdə də belələri kiçik etnosların arasından, qarışıq ailələrdən, manqurtlardan, kimliyi bəlli olmayan adamlardan seçilirdi.

İndi nə dəyişilib, görəsən?

 

* * *

Erməni iki yüz ildir dünyada türk düşmənçiliyinə öncüllük edir, onu vəhşi, dağıdıcı, kültürsüz bir ulus kimi göstərməyə çalışır, Anadoluda və Qafqazlarda yüz minlərlə türkün vəhşicəsinə öldürülməsinə səbəb olur, türkdən torpaq və əsassız soyqırımın iddiasını qəbul etməsini istəyir.

Ancaq İstanbulda on minlərlə insan sokaklarda “Həpimiz erməniyiz!” deyərək yürüyür, Aktamarda erməni kilsəsi türkün parasıyla təmir edilir, İstanbulun çarşı-bazarında türk-azəri türkülərini çalaraq erməni adına yayanların SD-ləri və türk düşmənçiliyi yayan erməni kitabları və qəzetləri satılır...

Belə də ölkə olar?!

Bunlar azmış kimi, indi eşidirik ki, “Hrant Dinkin ölümündə şübhəli bilinən”lər listəsinə Türkiyənin dəyərli insanlarının da adı yazılır.

Onu öldürənlərin kimlə rəsmi var, kim onlara salam verib, kim o yaşayan sokakdan keçib...

Bəlkə də bizim qarışmağa haqqımız yoxdur. Ancaq tanıdığımız, sevdiyimiz insanların adlarının ortada gəzdiyini görəndə necə susasan?

Kimlərin ismini çirkləndirməyə çalışırlar: bütün ömrünü Türkiyənin güvənlik işinə vermiş, əsl Türkiyə sevdalısı, əməkli general Veli Küçük Paşa, vəkil və televiziya jurnalisti, millətə türk kimliyini və hüququnu anladan Kemal Kerincsiz, Azərbaycanın bağımsızlıq mücadiləsində hər zaman yanımızda olmuş, Türkiyənin kəndi ayaqları üstündə güclü bir dövlət olaraq dayanmasından, tarixinə və kültürünə sahib çıxmasından başqa bir istəyi olmayan Sevgi Erener Ol!... Əməkli albay Müzeffer Təkin!...

Bu türlü insanlara quşkuyla yanaşanların özlərinin kimliklərinin araşdırılması və yarqılanması gərəkir!...

Fəqət bunlar sıradan yanlışlıqlar deyil!

Bu, Türkiyənin bu gün sərgilədiyi “Ulusal politika”dır, Türkiyədə türkün taleyidir. Türkü diz çökdürmək xəyanətidir!

Türk olmaq və türklüyü savunmaq suçudur!

Allah qəhr etsin!...

 

* * *

1909-cu ildə “Molla Nəsrəddin” dərgisinin 42-ci sayında dərginin baş yazarı, böyük Azərbaycan ədibi Cəlil Məmmədquluzadə bir bulmaca ilə oxucularına üz tutub sormuşdu:

Bilin görək o hansı şəhərdir ki,

Dövlətləri coşqun, işləri düşgün,

Mollaları çox, ağılları yox.

...Neftləri gur, özləri kor.

Cəmiyyətləri böyük, axırları çürük.

Okulları suri ilə, işləri huri ilə.

...Uçitelləri hədsiz, oxuduqları dadsız.

Mərsiyəxanlarına bərəkət, müəllimlərə dirsək.

...Özlərinə qan, özgələrə can,

Maarifdə heç, qoçuluqda bic,

Fatmaları qul,

 Annaları gül, 

Türk kəlmələrilə düşmən,

özgələr ilə sən-mən.

Axundlara çay-şəkər,

ariflərə vur xəncər və s.

Bu, XX yüzilin başlanğıcındakı Bakıydı. Petrol paraları aşıb-daşırdı, şəhər milli simasını itirirdi, Avropadan, Rusiyadan gələn milyonerlərin əyləncə yerinə çevrilmişdi, din dəllalları təriqət, məzhəb, hicab, xətib söhbətlərilə milləti dünyada gedən gəlişmələrdən kənarda saxlayırdılar.

Məktəblərində hər şeydən danışılırdı, millətin tarixi və qədərindən başqa!

Hər gün yeni-yeni örgütlər, cəmiyyətlər qurulurdu, ancaq onlar milləti yox, kəndilərini və onları parayla bəsləyənləri düşünürdülər; Avropa aşiqliyi hər kəsin gözünü tutmuşdu, kəndisini görməz olmuşdu.

Dildə, yaşamda, geyimdə, müzikdə... başdan-başa bir Avropa heyranlığı...

Bir əsr il ötəndən sonra bu bulmacanı oxuyub düşünürəm: əcəba, dəyişilən bir şey varmı?

Bir ovuc zənginin allahsız bir şəkildə millətdən qopub, ölümlərini, əvvəli-sonu unudub harınlıqla, yüz minlərlə qaçqının isə çöldə məşəqqət içində yaşadığı bizim günlərdə Bakı çoxmu dəyişilib?

Bəlkə İstanbul dəyişilib? Bəlkə Kazan, bəlkə Daşkənd, bəlkə Aşqabad?

Dəyişilə bilsəydik, bugün əl-ələ veribAvropaBirliyinə bənzərbirTürkBirliyiyaradar, tariximizi, şərəfimizivə gələcəyimizixilasedərdik!

Dəyişilsək, özümüzə sahib çıxarvə özdəyərimizibilərdik!

Millətbirdivə bubirliyə öznicatı olaraqbaxır. Ancaqbaşdakılarınsiyasiiradəsi çatmır.

Çünkibaşdaoturmaq üçünbelələriyetişdirilib.

Öncə millət özbaşınasahib çıxmalı, başını yadqoltuqlarından çıxarmalıdır...

Böyükdünyamızı qeybetmişik! KiçikAnadolunu, kiçikAzərbaycanı, olub-qalanparam-parçayurdlarımızı daqeybetməyək!

“Vətən – ibarətdirvətəndaşlardan!”

Vətəndaşlarımızı ayaqaltınaatmayın!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.